Azərbaycan təhlükəsizliyin təminatçısıdır
ƏLİ HÜSEYNOV: "AVROPADA VAHİD TƏHLÜKƏSİZLİK
SİSTEMİNİN QURULMASI YÜKÜNÜ BÖLÜŞMƏK
ƏZMİNDƏYİK"
HULUSİ KILIÇ: "AZƏRBAYCANDA HƏRBİ
DOKTRİNANIN QƏBULU NATO STANDARTLARI ÜÇÜN ÖNƏMLİDİR"
DÜNƏN Bakıda "Azərbaycan
hüquq-mühafizə orqanları
və silahlı qüvvələrində aparılan
islahatların avroatlantik
məkana inteqrasiyada rolu" mövzusunda konfrans başlayıb.
Konfrans NATO-nun və Türkiyənin Azərbaycandakı səfirliyinin
dəstəyi ilə Azərbaycan Hüquqşünasları
Konfederasiyası və
Avrasiya Hüquqşünaslar
Assosiasiyası tərəfindən
təşkil olunub. Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, bu
il Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq
proqramına qoşulmasından
15 il ötür. Ötən müddətdə
Azərbaycan bu çərçivədə
NATO tədbirlərində fəal
iştirak etməklə
yanaşı, fərdi
proqramlar üzrə bir çox işlər görüb. Fərdi Tərəfdaşlıq
üzrə Fəaliyyət
Planı (İPAP) çərçivəsində
isə 250-dək tədbirin həyata keçirilməsi planlaşdırılır.
Ə.Hüseynov bildirib ki, Azərbaycan yerləşdiyi
regionda və Avropada vahid təhlükəsizlik sisteminin
qurulması yükünü
bölüşmək əzmindədir.
Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və
təhdidlərin aradan
qaldırılmasında NATO ilə birgə işləyir: "Azərbaycan
Avroatlantik strukturla tərəfdaşlığı bütövlükdə Avroatlantik
məkanda ümumi təhlükəsizliyə, iqtisadi
inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür".
Əli Hüseynov həmçinin
NATO ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi,
Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və
DİN Daxili Qoşunları arasındakı əməkdaşlıqdan
da danışıb. O, qeyd edib ki, Azərbaycan 1994-cü ildə
Sülh Naminə Tərəfdaşlıq Proqramına
qoşulub, bu da ölkəmizlə NATO silahlı qüvvələri,
eləcə də mülki qurumlar arasında əlaqələndirmənin
səviyyəsinin artırılmasına böyük töhfələrini
verməkdədir.
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç isə Cənubi Qafqaz və Xəzər
hövzəsində təhlükəsizliyin Türkiyənin
xarici siyasətinin tərkib hissəsi olduğunu
vurğulayıb: "Türkiyə olaraq Azərbaycanın
demokratikləşmə, Avroatlantika qurumlarına inteqrasiya
olunmaq iradəsini dəstəkləyirik". Səfir qeyd edib
ki, bu gün Azərbaycan sanballı cazibə mərkəzlərindən
birinə çevrilib.
Azərbaycanın malik
olduğu zəngin təbii ehtiyatlar və insan resursları ilə
yanaşı, geosiyasi vəziyyəti və Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində
yerləşməsi bu cazibənin əsas mənbəyini təşkil
edir. Ancaq bu mənbələrin və fərqli xüsusiyyətlərin
olmasına baxmayaraq, bir ölkənin diqqət mərkəzinə
çevrilməsi və bu vəziyyəti qoruması siyasi,
iqtisadi sabitlik və sosial stabillik təmin olunmadan
mümkün deyil: "Azərbaycanın ciddi və
uzunmüddətli bir ortaq olması bu ölkədə hər
sahədə həyata keçirilməkdə olan müvəffəqiyyətli
islahatların davamından asılıdır. Türkiyə
olaraq Azərbaycanın demokratikləşmə, Avroatlantika
qurumlarina inteqrasiya olunmaq iradəsini dəstəkləyirik".
Səfir daha sonra qeyd
edib ki, Azərbaycanda hərbi doktrinanın qəbulunun tezləşdirilməsi
NATO-nun bu sahədə nəzərdə tutduğu standartlar səviyyəsinə
qalxmasını tezləşdirmiş olar: "Azərbaycanda
hərbi doktrinanın qəbulu NATO standartları
üçün önəmlidir".
NATO-nun Cənubi Qafqaz
ölkələri üzrə əlaqələndirici zabiti
Zbiqnev Rıbatski isə Azərbaycanın İPAP-da fəal
iştirak etdiyini söyləyib: "İPAP-a uyğun olaraq
Azərbaycanda strateji sənədlərin hazırlanması
prosesi gedir. Silahlı Qüvvələr NATO standartlarına
uyğunlaşdırılır. Bu kontekstdə hərbi təhsil,
kadrların hazırlanması və idarəetmə məsələlərinə
xüsusi diqqət ayrıldığını deyə bilərəm".
Rumıniyanın Azərbaycandakı
səfiri Nikolae Ureku deyib ki, bu ilin yanvarında Azərbaycanla
NATO arasında kontakt dövlət missiyasını üzərinə
götürən Rumıniyanın əsas vəzifəsi
Bakını NATO ilə yaxınlaşdırmaq, habelə Azərbaycan
ictimaiyyətini NATO barədə məlumatlandırmaq olacaq. Səfirin
sözlərinə görə, müasir şəraitdə təhlükəsizlik
yalnız hərbi parametrlərdən asılı deyil,
kütləvi qırğın silahlarının
yaradılması texnologiyasının terrorçular tərəfindən
öyrənilməsi, narkotik
qaçaqmalçılığı, qanunsuz miqrasiya və s.
müasir dövrün əsas təhdidləri sırasında
nəzərə alınmalıdır.
Qeyd edək ki, iki
günlük konfrans bu gün də davam etdiriləcək. Bu
gün Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd
Xidməti, Silahlı Qüvvələr və Daxili
Qoşunların NATO ilə əməkdaşlığı
mövzusunda məruzələr olacaq.
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 17 iyun.- S. 6.