"Təhsil haqqında" qanun kimi qane etmir?"
ŞƏMSƏDDİN HACIYEV: "LAYİHƏDƏ NƏZƏRDƏ
TUTULAN BƏZİ MÜDDƏALAR ARTIQ TQDK TƏRƏFİNDƏN
NƏZƏRƏ ALINIB"
"TƏHSİL
haqqında" qanun layihəsinin Milli Məclisin iyunun 19-da keçiriləcək növbədənkənar
sessiyasında müzakirəyə
çıxarılacağı nəzərdə tutulur. Buna baxmayaraq, yeni təhsil qanununda əksini tapmış müddəalar bütün
tərəflərin maraqlarını
təmin etməyib.
Xüsusən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
irəli sürdüyü
təkliflərin layihədə
əksini tapmaması fikir ayrılığına
səbəb olub.
Müsahibimiz MM-in elm və təhsil
komitəsinin sədri
Şəmsəddin Hacıyevdir.
- Şəmsəddin müəllim,
təhsillə bağlı
hansı sahəvi qanun layihələri üzərində işlənilir?
- Hesab edirəm ki, millət vəkillərinin
əksəriyyəti bu
qanunu dəstəkləyəcək.
Məlum
olduğu kimi, "Təhsil haqqında" qanun çərçivə
qanun olduğundan onun qəbulundan sonra bir sıra
sahəvi qanunlar qəbul ediləcək.
Artıq "Ali Təhsil
haqqında" , "Orta
təhsil haqqında",
"Elm siyasəti haqqında",
"Əlavə təhsil
haqqında" qanun layihələri işçi
səviyyəsində hazırlanıb.
Amma etiraf edilməlidir ki, "Təhsil haqqında" qanun təhsilin konstitusiyasıdır,
əsas qanunudur.
Ona görə bu qanun qəbul edilmədən digər qanunların qəbulu məntiqsiz olardı.
- Belə
fikir var ki, qanun layihəsinin
müzakirəsi təxirə
salına bilər. Buna səbəb kimi
təhsil strukturları
təkliflərinin layihədə
nəzərə alınmaması
göstərilir. Sizcə, bu
fikir nə dərəcədə həqiqətə
uyğundur?
- Bu barədə
mənə dəfələrlə
suallar verilib. Ancaq mən Milli Məclisin elm və təhsil komitəsinə rəhbərlik etdiyim müddətdə heç
bir təşkilat və ya məmurdan
maneçilik görməmişəm.
Əksinə, hamı çalışır
ki, bu qanun
yüksək standartlara
cavab versin, təhsilimizin gələcək
inkişafı üçün
real zəmin, dünya
təhsil məkanına
inteqrasiya üçün
hüquqi baza yaratsın. Deyərdim ki, bu sahədə təklif, tövsiyə və iradlar var və
biz də bunu təbii qarşılayırıq.
Müxtəlif nazirliklər, ayrı-ayrı
qeyri-hökumət təşkilatları
və hətta siyasi partiyalar tərəfindən təkliflər
irəli sürülüb.
Məlumat üçün bildirim ki, biz təklif olunan hər bir tövsiyə
və irad üzərində ciddi işləmişik və onların əksəriyyəti
nəzərə alınıb.
Konstruktiv təkliflərdən biz heç vaxt imtina etməmişik.
- Məktəbəqədər
icbari təhsillə bağlı çoxsaylı
təklif irəli sürülüb. Mümkündürmü bununla bağlı hansısa dəyişiklik
edilsin?
- Bununla bağlı hansısa dəyişikliyin ediləcəyinə
inanıram. Qeyd edim ki, burada söhbət məktəbəqədər təhsilin
icbariliyindən getmir.
Söhbət kiçikyaşlı uşaqların məktəbə
hazırlığının icbariliyindən gedir.
5 yaşlı uşaq təhsilə hazır olmaq üçün artıq müəyyən şeyləri
öyrənməlidir. Uşaq isə bunları məktəbəqədər təhsil
müəssisələrində, orta məktəblərin nəzdində yaradılan
xüsusi strukturlarda və ailənin özündə öyrənməlidir.
Ancaq bu öyrətmələr
metodik təlimatlara uyğun həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, bu gün
bizim o qədər də uşaq bağçalarımız yoxdur
ki, birinci sinfə gedən bütün şagirdləri
ora cəlb etmək mümkün olsun. Ona görə bunlar
gələcəyin işidir.
Orta ümumtəhsil pilləsi
üçün isə
qanunvericilikdə konkret
müddət göstərilməyib.
Buna baxmayaraq, bu müddətin 9 il
olması nəzərdə
tutulur. Ola bilər ki, dövlət başçısı başqa
bir təhsil modeli ilə bağlı müvafiq sərəncam imzalasın,
yəni orta təhsil pilləsinin müddətini 12 il edərsə, icbari təhsil müddətini
10 ilə qaldırarsa,
buna qanun yol verəcək, heç bir problem törətməyəcək. Ona görə
də biz qanun layihəsindən müddətləri
çıxarmışıq.
- Natamam təhsilli şəxslərə
təhsil alması ilə bağlı hansı sənədin verilməsi nəzərdə
tutulur?
- Yeni qanunda konkret nəzərdə tutulur ki, əgər təhsil alan
təhsilin hər hansı pilləsini başa vurmursa, ona müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həmin təhsil pilləsində oxuması
barədə arayış
veriləcək. Ali təhsilin isə hər üç səviyyəsi tam başa
çatmış təhsil
hesab olunacaq. Sənəddə qeyd etmişik ki, bakalavriatura tam ali
təhsildir, magistratura
onun bir qədər yüksək,
doktorantura isə ən yüksək səviyyəsidir.
- Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası tərəfindən
irəli sürülən
təkliflər layihədə
nəzərə alınmayıb. Sizcə, bu,
TQDK-nı narazı salmayacaq ki?
- Mən
biləni, qətiyyən
narazı salmayacaq. Məmnuniyyətlə deyərdim
ki, hətta birinci oxunuşa çıxarılan layihədə
nəzərdə tutulan
bəzi müddəalar
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası tərəfindən
artıq nəzərə
alınıb və praktiki işində göstərib ki, onlar çox ciddi səmərə verir. Sadəcə, testin təkmilləşdirilməsi
labüddür. Çünki hər şey dəyişir, inkişaf edir və müəyyən
təcrübə topladıqdan
sonra görünən
nöqsanlar aradan qaldırılır ki, bu da təbii
prosesdir. Amma bizim təklif etdiyimiz variantda tələbə qəbulu
ilə bağlı
test imtahanlarının keçirilməsi,
biliyin qiymətləndirilməsilə
əlaqədar heç
bir yeniliyimiz yoxdur. Biz mövcud
vəziyyəti tam dəstəkləyirik
və onun qalmasının tərəfdarıyıq.
Bu, qanunda müvafiq
maddələrlə təsdiq
olunur. Burada yeganə məsələ
ondan ibarətdir ki, abituriyentlərə seçim imkanı yaradılmalıdır. Elə
mexanizm qurulmalıdır
ki, abituriyent istədiyi ali
məktəbi, istədiyi
ixtisası özü
sərbəst surətdə
seçsin. Eyni zamanda, əvvəlki
pillədə əldə
olunmuş nəticələr
növbəti pilləyə
qəbulda nəzərə
alınsın. Avropada
test imtahanlarının nəticələri
40 faizə qədər
yer tutur, orada əsas üstünlük orta məktəbdə toplanan bala verilir.
Biz Avropa təhsilinə inteqrasiya olunduğumuzdan bu təhsil sisteminə getməliyik. Dünyada qəbul
edilmiş, özünü
doğrultmuş təhsil
sistemini Azərbaycana gətirməliyik. Ölkə başçısının
bizdən tələbi
bundan ibarətdir ki, dünyada ən yeni, ən
mütərəqqi nə
varsa, onu öz təhsil sistemimizə gətirək.
Bunun üçün isə təhsilin normativ hüquqi bazasının yaradılması vacibdir. Biz buna çalışmışıq,
ona nə qədər nail olmağımız
iyunun 19-da bəlli olacaq.
Alim
Üç nöqtə.- 2009.- 18 iyun.- S. 3.