"Ərzaq təhlükəsizliyində dondurulmuş
münaqişələrin həlli rol oynayır"
RƏBİYYƏT ASLANOVA: "BELƏ
BİR MƏSƏLƏNİN ATƏT
PA-nın YAY SESSİYASININ GÜNDƏMİNƏ GƏTİRİLMƏSİ
TƏSADÜFİ DEYİL"
QARŞIDAN ATƏT Parlament Assambleyasının (PA)
növbəti yay sessiyası gəlir. Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
bildirib ki, ATƏT PA-nın növbəti - 18-ci illik yay
sessiyası iyunun 29-dan iyulun 3-dək Litvanın paytaxtı
Vilnus şəhərində keçiriləcək və
sessiyada ATƏT-ə üzv olan 49 ölkədən 250-dən
artıq parlamentari iştirak edəcək.
- Təbii ki, Azərbaycanın ATƏT PA-dakı
nümayəndə heyətinin üzvləri də
sessiyanın işinə qatılacaqlar. Sessiyanın müzakirə
mövzusuna gəlincə, o, belə adlanır: "ATƏT: Təhlükəsizlik
arxitekturasında yeni çağırışların həlli".
Ümumiyyətlə, sessiyada adıçəkilən qurumda
islahatların aparılması, insan haqları və vətəndaş
azadlıqlarının təmin olunması, ərzaq təhlükəsizliyi,
iqtisadi təhlükəsizlik, iqlim dəyişiklikləri, su
resurslarından rasional istifadə, söz azadlığı,
silahlanmaya nəzarət məsələlərinin müzakirəsi
gözlənilir. Eyni zamanda, sessiyada Litva prezidenti Valdas
Adamkusun, ATƏT PA-nın prezidenti Joao Soaresin, Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) sədri
Luis Mariya de Puçun, ATƏT-in baş katibi Mark Perren de
Brişambonun, ATƏT-in sədri Dora Bakoyannisun
çıxışları nəzərdə tutulur. Həmişə
olduğu kimi, bu dəfə də sessiya çərçivəsində
sözügedən qurumun 3 daimi komitəsinin
ayrı-ayrılıqda iclasları reallaşdırılacaq.
ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik
Daimi Komitəsində İtaliyadan olan məruzəçi
Rikkardo Miglorinin "ATƏT regionunda ərzaq böhranı və
təhlükəsizliyi" adlı məruzəsi dinləniləcək.
Qurumun Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər
Daimi Komitəsində rusiyalı parlamentari Natalya
Karpoviçin "ATƏT: Yeni təhlükəsizlik
çağırışlarının həlli" adlı
məruzəsi müzakirə olunacaq. ATƏT PA-nın
İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf
Mühit Daimi Komitəsində isə İrlandiyadan olan
parlamentari İvor Kallelinin hazırladığı "ATƏT
regionunda iqtisadi böhran və təhlükəsizliyi"
adlı məruzə müzakirəyə
çıxarılacaq. Sessiyanın sonunda isə Vilnus
Deklorasiyası qəbul olunacaq. Bir sözlə, bizi çox gərgin
və məhsuldar bir sessiya, müzakirələr gözləyir.
- Bu sessiyada daha çox ərzaq təhlükəsizliyi,
iqtisadi təhlükəsizlik, iqtisadi böhran məsələlərinin
müzakirə mövzusuna çevrilməsi gözlənilir.
Sizcə, bu məsələlərin məhz indi gündəmə
gətirilməsi hansı zərurətdən irəli gəlib
və gəlir?
- ATƏT PA-nın hər il illik yay sessiyalarında bir
problem üzrə çağırış səslənir. Məsələn,
sonuncu illik sessiyada enerji təhlükəsizliyi ilə
bağlı məsələ gündəmə gətirilmiş
və bununla bağlı çağırış səslənmişdi.
Bu dəfə isə ötən ilin əvvəlindən
dünyada yaşanan və bu gün də davam edən iqtisadi
böhran, ərzaq təhlükəsizliyi məsələsinin
gündəmə gətirilməsi, bu problemlə bağlı
çağırışın edilməsi nəzərdə
tutulur. Bunun özü çox vacib və əhəmiyyətlidir.
Məsələn, bayaq yuxarıda adını çəkdiyim
məruzələrdən birində - "ATƏT regionunda ərzaq
böhranı və təhlükəsizliyi" məruzəsində
qeyd olunur ki, hələ ötən ilin 28 aprel tarixində Birləşmiş
Millətlər Təşkilatının (BMT) baş katibi Pan
Gi Mun ərzaq təhlükəsizliyi sahəsində problemlərin
həll edilməsi, yəni, dünya dövlətləri
üzrə vahid bir proqramın hazırlanması məqsədilə
müvafiq İşçi Qrupu yaradıb. Həmin məruzədə
daha sonra qeyd olunur ki, BMT-nin araşdırmalarına görə,
son illər dünyada ərzağın qiymətinin
qalxması nəticəsində 100 milyondan artıq insanı
ölüm təhlükəsi gözləyir. Məruzəçiyə
görə, bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin
olunmasında dondurulmuş münaqişələrin həlli
və bütövlükdə dünyada yaşanan
münaqişələrin qarşısının
alınması əsas rol oynayır və oynaya bilər.
Bunları deməkdə məqsədim odur ki, ATƏT
PA-nın budəfəki yay sessiyasının gündəminə
belə bir məsələnin gətirilməsi təsadüfi
sayıla bilməz. Bu problem dünyanı, o cümlədən
onun bir hissəsi olan Avropa məkanını da narahat edir və
etməkdədir. Ona görə düşünürəm və
inanıram ki, bu məsələ ilə bağlı sessiya
çərçivəsində təşkil olunacaq
müzakirələr daha ciddi, daha səmərəli keçəcək.
- Rəbiyyət xanım, ümumiyyətlə, son
dövrlər ATƏT PA-nın bütün tədbirlərində,
konfranslarında ATƏT məkanında yeni təhlükəsizlik
arxitekturası məsələsi daha çox gündəmə
gətirilir və gətirilməkdədir. Bu baxımdan
"yeni təhlükəsizlik arxitekturası" dedikdə,
bütövlükdə nələr nəzərdə tutulur?
Eyni zamanda, təhlükəsizlik bölünəndir, yoxsa?..
- Birmənalı şəkildə deyərdim ki, digər
məqamlardan, məsələlərdən fərqli olaraq təhlükəsizlik
bölünməzdir, vahiddir. Təhlükəsizlik
hamımızı düşündürən və birgə əhatə
edən bir məsələdir. İkincisi, təhlükəsizliyin
yeni arxitekturasının formalaşması problemi üzərində
düşünərkən, təkcə regionda deyil,
bütün dünyada baş verən hadisələrin mahiyyətinə
yenidən baxmaq məcburiyyətində qalırsan. Təhlükəsizliyin
fəlsəfəsinin dəyişkənliyi nəylə izah
olunur? Təhlükəsizlik məfhumunu necə başa
düşürük, onun təmin olunması
üçün hansı konkret addımlar atılır?
Bütün suallar beynəlxalq və regional təşkilatların
fəaliyyətini istiqamətləndirən məsələlərdir.
Onların fəaliyyətinin effektivliyi, böhran vəziyyətdə
fəaliyyət mexanizmi, onların əsaslandığı
hüquqi-normativ aktlar, regional-milli və beynəlxalq
maraqların düzgün tarazlaşdırılması,
bütün bunlar hələ də həllini tapmamış
problemlərdir. Təhlükəsizlik arxitekturası təhlükəsizliyin
təmin olunmasının vahid sistemli qanunları əsasında
formalaşır. Əslində, bununla heç də yeni sistem
formalaşmır, onun mövcud proseslərə çevik
reaksiyası mövcud deyil.
Yalnız milli və regional təhlükəsizlik
sisteminin formalaşması, birgə fəaliyyət,
konsolidasiya, həmçinin region ölkələrinin birgə
fəaliyyəti vahid təhlükəsizlik sisteminin
formalaşmasına əsas ola bilər. Bu gün yeni təhlükəsizlik
arxitekturasının əsas funksiyası, fəlsəfəsi,
ideologiyası regionun təhlükəsizliyinə qarşı
yönəlmiş təhdidlərin
proqnozlaşdırılması, meydana çıxarılması,
neytrallaşdırılmasıdır və
düşünürəm ki, bu, təkcə hansısa bir
milli ölkə çərçivəsində
olmamalıdır. Burada simmetriklik qanunu mövcud
olmalıdır. Bu model həm də daxili faktorları nəzərə
almalıdır. Eyni zamanda hesab edirəm ki, "qlobal təhlükəsizlik",
"beynəlxalq təhlükəsizlik", "kollektiv təhlükəsizlik",
"ümumi təhlükəsizlik" ifadələri ictimai
şüurda və beynəlxalq siyasətdə özünə
möhkəm yer tutmaqda, davam etməkdədir. Yəni, bu
gün ümumi maraqlar və bir çox məsələlərdə
vahid mövqe nümayiş etdirmək, dialoq yolunu tutmaq,
konfrontasiyaya yol verməmək kimi tələblər əsas
şərtdir. Deməkdə məqsədim odur ki,
bütün bunlar olmadan yeni təhlükəsizlik
arxitekturasının formalaşması mümkün və real
deyil.
- Eyni zamnda, artıq heç kim üçün sirr
deyil ki, yaşadığımız 21-ci əsr hər bir
dövləti yeni təhlükəsizlik faktı
qarşısında qoyub və qoymaqdadır. Belə demək
mümkünsə, bu gün maddi resurs
asılılığını mənəvi, intellektual,
innovasion resurs asılılığı əvəz etməkdədir...
- Bəli, bu gün öz müqəddəratını
təmin edən hər bir ölkə intellektual inkişaf
yoluna qədəm qoymalıdır. İnsan kapitalı elm,
innovasiya yaradıcılığı, yüksək
texnologiyalar müasir dövlətin varlığının
qarantı kimi çıxış edir. Bu baxımdan, təsadüfi
deyil ki, dövlət başçısı İlham Əliyev
bu gün dövlətin intellektual, informasiya və texnoloji təhlükəsizliyinin
təmin olunmasını milli inkişafın strateji məqsədi
kimi təyin edib. Konkret olaraq, dövlət
başçısının 2007-ci il 23 may tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyası"nın "Elm, təhsil, mədəniyyət
siyasəti və mənəviyyatın qorunması"
müddəasında qeyd edilir ki, bu istiqamətdə dövlətin
siyasəti mədəni irsin, mənəvi dəyərlərin
mühafizəsinə, onun elmi-texniki potensialının daxili və
xarici təhdidlərdən qorunmasına, mütərəqqi
beynəlxalq inkişafdan bəhrələnməsinə
yönəlib. Həmçinin burada xüsusi olaraq belə bir
fikir vurğulanır ki, ölkənin davamlı
inkişafı adekvat sayda, yaxşı təhsil almış
peşəkar insan potensialını, elmi-texniki tərəqqini
təmin etməyi zəruri edir. Bu məqsədlərə nail
olunması üçün isə məhz Azərbaycanın
elm və təhsil səviyyəsinin dünya standartlarına
uyğunlaşdırılması, yeni texnologiyalardan istifadə
üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi, elmi
potensialın qorunması və inkişafına dair dövlət
siyasətinin uzunmüddətli proqramlarının
hazırlanıb həyata keçirilməsi önə çəkilir.
İndi tam məsuliyyət və əminliklə demək olar
ki, Azərbaycan dövləti ölkə prezidentinin rəhbərliyi
altında təhlükəsizlik sisteminin inkişafında
tamamilə fərqli, həm də çox məsuliyyətli
bir mərhələyə qədəm qoyub. 21-ci əsrdə
hər bir dünya ölkəsi kimi, Azərbaycanın da tərəqqisi
onun texnoloji, intellektual-elmi potensialından asılı olacaq.
Belə şəraitdə Azərbaycanda intellektual insan
resurslarının strateji inkişaf xətti bu əsrdə təhlükəsizliyimizin
digər faktorları üçün təməl rolunu
oynayacaq.
Bu gün enerji sektorunda əldə edilən gəlirlərin
məhz bu sahəyə yönəldilməsi ilə informasiya
infrastrukturunun, yüksək texnologiyaların, elmin
inkişafının təmin edilməsinə, bir sözlə,
Azərbaycanda innovasiyalı cəmiyyət quruculuğuna start
verilib.
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 19 iyun.- S. 10.