"Həzrət Fatimə" məscidi bağlanma təhlükəsi ilə üzləşib

 

İLQAR İBRAHİMOĞLU: "YÜZLƏRLƏ İNSAN BU MƏSCİDDƏ İBADƏT ETMƏK İMKANINDAN MƏHRUM EDİLİB"

 

ELÇİN ƏSGƏROV: "QEYDİYYATLA BAĞLI SƏNƏDLƏR TƏHVİL VERİLƏNDƏN SONRA MƏSƏLƏ HƏLLİNİ TAPACAQ"

 

 DİNİ Etiqad Vicdan Azadlıqlarını Müdaifə (DEVAMM) mərkəzi ötən həftənin sonundan etibarən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən "Həzrət Fatimə (s.ə)" məscidinin bağlanması sökülməsi ilə bağlı məlumat verib. DEVAMM sədri İlqar İbrahimoğlu "Üç nöqtə" açıqlamasında bildirdi ki, günorta vaxtı məscidə icra hakimiyyətinin nümayəndələri gəlib dindarlara məscidə gəlməmələri barədə xəbərdarlıq ediblər. Xəbər verildiyinə görə, icra hakimiyyəti nümayəndələrindən dərhal sonra polis qüvvələri əraziyə cəlb edilib.

Polislər dindarlara bildiriblər ki, axşam vaxtı məsciddə namaz qılmağa icazə verilmyəcək. Danışıqların sonunda məscid məsulları namaza gələn dindarlara axşam namazı qılınmayacağını söyləyiblər. Bundan sonra dindarlara məscidə giriş qadağan edilib".

DEVAMM sədri İlqar İbrahimoğlu vicdan azadlığı sahəsində yaşanan bu hadisə ilə bağlı dərin narahatlığını bildirdi və qeyd etdi ki, rəhbərlik etdiyi qurum vəziyyətin monitorinqini davam etdirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov "Üç nöqtə"yə açıqlamasında bildirdi ki, bütün xəbərdarlıqlar məscidin qeydiyyat məsələləri ilə bağlıdır: "Bu məscidlə bağlı yaranan problemlər sırf qeydiyyatla əlaqədardır. O, əvvəlki qanun qüvvədə olan zaman da qeydiyyatda deyildi. Səhv etmirəmsə, 1998-ci ildə tikilib. Artıq bu il qanuna dəyişikliklər ediləndən sonra qeydiyyata düşməli idilər. Yalnız polisin müdaxiləsindən sonra məscid rəhbərləri sənəd toplamağa başlayıblar. Məndə olan məlumata görə, artıq sənədləri qaydasına salıblar. Yəqin ki, qeydiyyatdan keçəndən sonra məsələ həllini tapacaq".

  

 

Afaq MİRAYİQ

 

Üç nöqtə.- 2009.- 23 iyun.- S. 8.