"Böhranların idarə edilməsi üzrə milli qabiliyyət quruculuğu"

 

AZƏRBAYCAN NATO BEYNƏLXALQ MƏKTƏBİ TƏRƏFİNDƏN KEÇİRİLƏN TƏDBİR 4 GÜN DAVAM EDƏCƏK

 

DÜNƏN Bakıda "Böhranların idarə edilməsi üzrə milli qabiliyyət quruculuğu" mövzusunda ali təlim kursu keçirildi. Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə Azərbaycan NATO Beynəlxalq Məktəbi tərəfindən keçirilən tədbirdə böhran menecmenti, beynəlxalq terrora qarşı mübarizə, əhəmiyyətli infrastrukturların mühafizəsi və enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Tədbirdə çıxış edən NİSA-nın direktoru Mikayıl Yusifov indiki zamanda böhranların idarəedilməsi məsələsinin aktuallıq kəsb etdiyini vurğuladı.

İzmir İqtisadiyyat Universitetinin əməkdaşı, məruzəçi Ltir Baqdadi NİSA-nın bu mövzuda yay məktəbi təşkil etdiyini xatırladaraq bu tədbirlərin böhranların idarəedilməsində qabaqcıl təcrübənin əldə olunması üçün əhəmiyyətli olduğunu bildirdi: "Böhranların idarəedilməsinin fəsadları və nəticələri olur. Bu fəsadları biz 90-cı illərdə gördük. Mən Azərbaycandakı vəziyyəti nəzərdə tuturam. Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub. Bu böhran təcrid olunma, insanların yerlərindən köçmələri, fiziki xəsarətlərlə müşayiət olunub. Beynəlxalq təhlükəsizlik məsələsi getdikcə daha çox dövlətlərdən, onların iqtidarlarından asılı olmağa başlayıb. Qloballaşmanın genişləndiyi bir vaxtda meydana çıxan böhran yetkin dövlət siyasəti tələb edir. Dövlətlər pərakəndə şəkildə, ayrı-ayrılıqda bununla mübarizə apara bilməzlər. Ona görə də bu məsələdə birgə fəaliyyət vacibdir".

Xarici işlər nazirinin müavini Araz Əzimov NİSA-nın bu mövzuda təşkil etdiyi kursun əhəmiyyətli olduğunu və bu təşəbbüsün inkişafının zəruriliyini bildirdi: "Böhranlar həyatımızın ayrılmaz hissəsi olub. Əfsuslar olsun ki, Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. 80-ci illərdə başlayan Qarabağ münaqişəsi siyasi müzakirələr səviyyəsindədir. Azərbaycanda məcburi köçkünlər var. Artıq milli sosial irs məsələsi var və bu irs zərbə altındadır. Böhran bir çox ölkələrdə müxtəlif formada mövcuddur. Ona görə də böhran yalnız bir növlə məhdudlaşmamalıdır. 2008-ci ilin avqustunda Gürcüstanda baş verən böhran fərqli idi. Onda dövlətin mövcudluğu sual altında idi. Həmin böhranın fəsadlarını hamımız gördük. Böhranların çözümü ilə bağlı ümumi məntiq işlənib hazırlanmalıdır. Beynəlxalq ictimaiyyət təəssüf ki, belə ölçülü, şablon məhfumdan məhrumdur".

Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureki NATO-nun əlaqələndiricisi kimi işləməkdən məmnunluğunu bildirdi. "Azərbaycanın NATO-ya yaxınlaşması baxımından bir sıra tədbirlər həyata keçirilir.

Böhranların idarəedilməsində isə iki vacib məsələ var. Yaxşı idarəetmə baxımından böhranların həllini mümkün hesab etmək olar. Çox zaman isə böhranlar əvvəlcədən məlumat olmadan baş verir. Ona görə də milli və beynəlxalq səviyyədə əməkdaşlıq vacibdir".

 

  

Xalid

 

Üç nöqtə.- 2009.- 23 iyun.- S. 6.