Muzey bələdçiləri attestasiyadan keçiriləcək

 

ƏBÜLFƏS QARAYEV: "ONLAR FƏALİYYƏT GÖSTƏRDİKLƏRİ MUZEYLƏRDƏKİ EKSPONATLARIN TARİXİNİ BİLMİRLƏR"

 

DÜNƏN mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və eksponatlarla təchizatına dair xüsusi tədbirləri planı"nın yerinə yetirilməsi ilə bağlı müşavirə keçirdi. Muzey Mərkəzində keçirilən tədbirdə paytaxt və regionlarda fəaliyyət göstərən muzey direktorları iştirak edirdilər.

Müşavirəni giriş sözü ilə açan nazir regionlarda muzeylərin aqibətinin heç də ürəkaçan olmadığını vurğuladı. "Muzey sahəsində bir çox uğurlar əldə etsək də, problemlər hələ də qalmaqdadır. Bu gün əsas problem muzeylərdə fəaliyyət göstərən bələdçilərlə bağlıdır: "Bələdçilər fəaliyyət göstərdikləri muzeylərdə yerləşdirilən eksponatların tarixini bilmirlər. Onlar Azərbaycana gələn turistlərə "Qız Qalası"nın müxtəlif əsrlərdə tikildiyini deyirlər. Bu biabırçılıqdır. Bələdçilərin dil bilgisinin olmaması da xoşagəlməz haldır. Ona görə də Azərbaycanda fəaliyyət göstərən bütün bələdçilər attestasiyadan keçməlidir".

Əbülfəs Qarayev muzeylərin çox səliqəsiz halda fəaliyyət göstərdiyini də qeyd etdi: "Muzeylərdə səliqə-sahmana, eksponatların xüsusi qaydada saxlanılmasına, eyni zamanda muzeylərdəki eksponatların elektron variantının hazırlanmasına diqqət edilmir. Muzeylərin internet ünvanlarının açılması çox vacibdir. Beş il ərzində bütün bunları həyata keçirsək, öz tariximizi, mədəniyyətimizi qorumuş olacağıq, əks-təqdirdə bütün bunlar əlimizdən çıxacaq".

Nazir hesab edir ki, muzeylərdə aşıq sənəti ilə bağlı ayrıca guşə də yaradılmalıdır: "Ermənilər bizim tariximizi oğurlayırlar, ancaq biz öz tariximizi unuduruq. Belə davam etsə, əlimizdə qalanı da itirəcəyik. Tariximizə, mədəniyyətimizə yiyələnməliyik".

 

 

Simnarə

 

Üç nöqtə.- 2009.- 24 iyun.- S. 9.