Əbülfəz Elçibəy anıldı
FAZİL MUSTAFA: "AZƏRBAYCAN XALQI ONUN DƏYƏRİNİ
YÜKSƏK SƏVİYYƏDƏ VERİB"
ALMURAD ƏLİYEV BƏYİN
HÖRMƏTLƏ YAD EDİLDİYİNİ DİLƏ GƏTİRDİ
DÜNƏN Azərbaycanın
eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz
Elçibəyin ad günü qeyd olundu. Bu münasibətlə
bəyin partiya silahdaşları, yaxınları, ailə
üzvləri onun Fəxri Xiyabandakı məzarını
ziyarət etdilər. Əbülfəz Elçibəy
haqqında öz ürək sözlərini deyən ziyarətçilər,
onun xatirəsinin əbədiləşdirilməsini özlərinin
ümdə borcları saydılar. Əbülfəz Elçibəyi
ziyarət edənlər onun qəbirüstü abidəsini
dövrəyə alaraq Azərbaycanın himnini oxuyaraq,
ayrıldılar. Dünən Əbülfəz Elçibəy
şəxsiyyətinə hörmət və ehtiram göstərənlər
onun ad gününü belə qeyd etdilər. Ziyarətdən
sonra Əbülfəz bəyin evində olan dostları onunla
bağlı xatirələrini danışdılar. Əbülfəz
Elçibəy yaşasaydı, 71 yaşı tamam
olacaqdı... Əbülfəz Elçibəyin qardaşı
Almurad Əliyev Bəyin həmişə olduğundan da
artıq dərəcədə hörmətlə yad edildiyini
dilə gətirdi. Ziyarətdə əksər siyasi partiyaların
olduğunu deyən A.Əliyev tədbirin əvvəlki illərlə
müqayisədə daha yaxşı təşkil olunduğunu
bildirdi. O, bundan razı qaldığını dedi. Amma onu
narahat edən məqamlar da var. Əbülfəz Elçibəysiz
yaşanan narahatlığı "Üç nöqtə"
ilə bölüşən bəyin qardaşı Əbülfəzsiz
ona və ailəsinə çox çətin olduğunu dedi:
"Əbülfəz Elçibəysiz çox çətindir,
çox çətin... Elçibəyə prezidentlik
statusunun verilməsi ilə bağlı məsələ
yubadılır. Bundan narahatam. 9 ildir ki, onun ailəsinə
heç bir təzminat verilmir. Ailəsində işsizlər
var. Elçibəy sağ olsaydı, yəqin ki, belə
olmazdı. O, rəhmətə gedib, mən də işləyə
bilmirəm, uşaqlar da işsizdir. Yaxşı olardı ki,
hökumətimiz buna bir çarə qılaydı". Əbülfəz
Elçibəyin silahdaşları da onu böyük hörmətlə
andıqlarını bildirdilər. Milli Məclisin deputatı
Fazil Mustafa dedi ki, Əbülfəz Elçibəy elə bir
tarixi şəxsiyyətdir ki, onun ideyaları və əməlləri
həmişə Azərbaycan cəmiyyətinin
yaddaşında heç bir məcburiyyət olmadan qalacaq:
"Azərbaycan cəmiyyəti təmiz bir lider,
dürüst bir şəxsiyyət kimi və xalqını
sevən bir insan kimi onu hər zaman yaddaşında saxlayacaq. Onun
yoxluğu təbiidir. Çünki daimi həyat heç kim
üçün nəzərdə tutulmayıb. O,
yaşadığı həyatda Azərbaycan xalqı
üçün nələri etmək mümkündürsə,
onu edib. Buna görə də Əbülfəz Elçibəy
xoşbəxt insan sayıla bilər. Hesab edirəm ki, Azərbaycan
xalqı onun dəyərəni yüksək səviyyədə
verib. Söhbət hansısa heykəldən, addan, medaldan
getmir. İstənilən inancda olan insan üçün Əbülfəz
Elçibəy dürüst, səmimi bir insan idi. Bu titulu
qazanmaq hər insana nəsib olmur. Ona görə də xoşbəxtəm
ki, belə bir insan həyatımızdan gəlib keçib və
biz onun dostu, ardıcılı olmuşuq. Bu gün də onun
ideyalarının həyata keçməsi üçün əlimizdən
gələni etməyə hazırıq".
Tahirə
Üç nöqtə.- 2009.- 25 iyun.- S. 4.