Neftin alternativi - turizm
DÜNYA iqtisadi böhranının təsirləri hələ ki ölkəmizdə Avropada və digər ölkələrdəki qədər dərindən hiss olunmasa da, artıq müəyyən gərginlik özünü göstərməkdədir. Bir sıra müəssisələrdə ixtisarlar, əmək haqqı gecikmələri, öz hesabına məzuniyyətə göndərilmələr, bəzi müəssisələrin fəaliyyətini dayandırması ilə bağlı narahatlıqlar durumun ciddi olduğundan xəbər verir.
Neftin ötən ilki rekord yüksəlişi zəminində hazırda bu qiymətlərin üç dəfədən də artıq ucuzlaşması ölkədə ümumdaxili məhsulun artımında da özünü kəskin şəkildə göstərir. İlkin rəqəmlər ürəkaçan deyil. Hökumət dairələrində vəziyyətin nəzarətdə saxlanılmasıyla bağlı optimist bəyanatlar səslənsə də, qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Beynəlxalq və yerli ekspertlərin qənaətlərinə görə, neftin yaxın bir ildə qiymətinin nəzərə çarpacaq artımı qeyri-realdır. Bu prizmadan yanaşanda aydın görünür ki, cari ildə və sonrakı dönəmlərdə dövlət büdcəsinin hazırkı səviyyədə formalaşmasında ciddi problemlər yaşana bilər. Bu baxımdan iqtisadiyyatın tarazlığının saxlanılması üçün hansı tədbirlərin görülməsi vəziyyətin stabilləşməsinə xidmət göstərə bilər?
Bir çox ekspertlər belə hesab edirlər ki, Azərbaycanda neft gəlirlərinə alternativ ola biləcək sahə turizm ola bilər. Bunun üçünsə istər təbii-coğrafi şərait, istərsə də ilkin infrastruktur da vardır. Son illərin təcrübəsi də göstərir ki, ölkəmiz xarici turistlər üçün də cəlbedicidir.
Turizmin neftdən üstün cəhətləri də göz qabağındadır. Çünki bu sahənin dirçəldilməsi üçün nə milyardlarla dollar vəsait, nə də böyük istehsal sahələrinin yaradılmasına ehtiyac var. Bu sahəni elə yerli iş adamlarının gücü ilə dirçəltmək olar. Həm də turizm digər sahələrin, xüsusilə xidmət sektorunun inkişafına ciddi təkan verir ki, bu da işsizlik probleminin həllində ciddi amildir. Nəzərə alsaq ki, iş problemi regionlarda daha qabarıq şəkildə özünü göstərir, onda turizmin önəmi daha da artır. Ölkəmizin paytaxtı Bakı şəhərindən tutmuş əksər regionlarımızacan böyük turizm infrastrukturu yaradıb, büdcəyə milyonlarla dollar vəsait cəlb etmək olar. Həm də ilin bütün fəsillərində Azərbaycan turizm üçün cəlbedicidir. Elə qardaş Türkiyə dövlətində də ümumi daxili məhsulun çox böyük bir qismini turizm sektoru verir və bu göstərici ildən-ilə daha da yüksəlir.
Hələ keçmiş İttifaq illərində Sovet hökuməti Azərbaycanda Xəzər dənizi boyunca böyük sanatoriya-turizm komplekslərinin yaradılması üçün böyük bir layihə hazırlayıb həyata keçirmək istəyirdi. Lakin SSRİ-nin dağılması üzündən bu plan reallaşmadı. Düzdür, son illər Xəzər dənizinin Abşeron yarımadası və Nabran ərazisindəki sahillərində müəyyən qədər turizm obyektləri yaradılsa da, bu komplekslər hələ ki, daha çox daxili turistlərin hesabına fəaliyyət göstərir. Bu baxımdan Xəzər sahilləri boyunca böyük komplekslər yaradıb Xəzər çimərliklərindən büdcəyə böyük valyuta cəlb etmək olar.
İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Gədəbəy, Lənkəran, Astara, Lerik və adını çəkmədiyimiz daha neçə rayonlarımız potensial turizm bölgələridir. Burada dağ turizminin çeşidli sektorunu yaratmaq olar. Adı çəkilən rayonlardan əsasən Qəbələ, Xızı, Quba, Qax, Xaçmaz və daha bir neçəsində turizm sektoru müəyyən qədər inkişaf edib və bu rayonlara turistlərin gəlişi baxımdan da korluq çəkilmir. Son illər ölkə ərazisində yol-nəqliyyat sektorunun yeniləşməsi də turizmin gələcək inkişafına geniş zəmin yaradır. Bir sözlə, Azərbaycan gözəl təbiətiylə - dağıyla, dərəsiylə, meşəsiylə, dəniziylə və təkrarsız tarixi abidələriylə başdan-başa turizm üçün böyük potensial bazadır. Qalır ki, dünyadakı qabaqcıl təcrübəni, xidmət işini və sairəni dərindən mənimsəyib bunu ölkədə tətbiq edəsən. Həm də unutmayaq ki, neft tükənən sərvətdir və onun gəlirləri ilə uzun yol getmək olmaz. Ölkəmizdə neftin ən etibarlı alternativi isə turizm ola bilər.
İlham Məmmədli
Üç nöqtə.- 2009.- 3 mart.- S. 6.