"Azercell" növbəti "Uğur"unu qazandı

 

ŞİRKƏT AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏ TƏBLİĞİNƏ GÖRƏ MÜKAFATA LAYİQ GÖRÜLDÜ

 

Azərbaycanda telekommunikasiya sektorunun birincisi olan "Azercell Telekom" MMC bu sahədəki uğurlarını günbəgün artırır. Abonentlərini daim yüksək keyfiyyətli rabitə ilə təmin etməklə yanaşı, həm Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verən şirkətin fəaliyyəti ictimaiyyət tərəfindən diqqətsiz qalmır. Hər il "Azercell" müxtəlif beynəlxalq müsabiqələrin qalibi seçilir, İKT sferasındakı nailiyyətlərinə görə mükafatlara layiq görülür.

"Azercell"-ə növbəti mükafat "Consulting & Business" jurnalı tərəfindən təqdim olunub. Şirkət "Azərbaycanın beynəlxalq aləmdə təbliğinə" görə iqtisadiyyat biznes sahəsində "Uğur" milli mükafatına layiq görülüb. "Gülüstan" sarayında keçirilən təqdimetmə mərasimində "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan iştirak edirdi. Cənab Ağan mükafata layiq görüldüklərinə görə jurnal rəhbərliyinə təşəkkürünü bildirdi. Şirkətin prezidenti xatırlatdı ki, əvvəllər "Azercell" müxtəlif sahələrdəki nailiyyətlərinə görə "Uğur" alıb: "Bu dəfə ölkəmizi beynəlxalq aləmdə təbliğ etdiyimizə görə mükafata layiq görülmüşük. Bu da bizi xüsusilə fərəhləndirir. Bu mükafatı ötən ilin oktyabrında təşkil etdiyimiz toplantıya - dünya GSM texnologiyası liderlərinin Bakı konfransında, həmçinin bu layihə çərçivəsində Azərbaycanın PR-na görə alırıq". Ali Ağan qeyd etdi ki, həmin möhtəşəm tədbirdən sonra da "Azercell" şirkətinin nümayəndələri bir sıra beynəlxalq konfranslarda iştirak edərək ölkəmizin iqtisadi inkişafı münbit investisiya mühiti barədə məlumat veriblər. Prezident bir neçə gün əvvəl Moskvada keçirilən "TelecomsWorld" konfransını misal çəkdi: "Biz o tədbirdə Azərbaycandakı iqtisadi durum, hər bir sahədəki inkişafdan danışanda tədbir iştirakçılarının hamısının təəccübü ilə qarşılaşdıq". Ali Ağan "Azercell" olaraq Azərbaycanın daha çox tanınması istiqamətində işləri davam etdirəcəklərini bildirdi.

 

 

Üç nöqtə.- 2009.- 4 mart.- S. 14.