Respublika Muğam Müsabiqəsinə start verildi
MÜSABİQƏDƏN ÜÇ NƏFƏR KƏNARLAŞDIRILIB
DÜNƏN Beynəlxalq
Muğam Festivalında iştirak edəcək gənc muğam
ifaçılarının püşkatma mərasimi
keçirildi. Açılışda iştirak edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri
Misir Mərdanov Beynəlxalq Muğam Festivalının
keçirilməsini böyük hadisə kimi qiymətləndirdilər.
Misir Mərdanov qeyd etdi
ki, Azərbaycan bu festivala çox ciddi şəkildə
hazırlaşır. "Müsabiqəyə 100-dən
artıq muğam ifaçısı sənəd təqdim edib
və onların arasından 24 nəfər seçilib. Buna
görə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevə təşəkkürümü bildirirəm. O, bu
cür işləri ilə bu vəzifəni layiqincə həyata
keçirir və Qarayevlər nəslinin layiqli
davamçısı olduğunu sübut edir". Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev isə Beynəlxalq
Muğam Festivalının həyata keçirilməsinin Azərbaycan
xalqı üçün dəyərli layihə olduğunu
diqqətə çatdırdı. O, qeyd etdi ki, Beynəlxalq
Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı,
Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil
Nazirliyinin sponsorluğu ilə "Muğam aləmi"
adı altında baş tutacaq. Beynəlxalq Muğam
Festivalı martın 17-dən 25-dək davam edəcək.
Qeyd edək ki,
müsabiqədə 27 nəfərin iştirakı nəzərdə
tutulsa da, 24 nəfər seçilib.
İştirakçılardan üç nəfər gənc
- Abgül Mirzəliyev, Güldanə Cavadzadə və Rəvanə
Ərəbova püşkatma mərasiminə gecikdikləri
üçün münsiflər heyətinin qərarı ilə
müsabiqədən kənarlaşdırılıblar.
Münsiflər heyətində
xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan
Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum
İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyət
Dostları Fondunun nümayəndəsi İbrahim Quliyev təmsil
olunmuşdur.
Müsabiqənin təşkilatçısı,
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə
bildirdi ki, muğam müsabiqəsinin keçirilməsi ilə
əlaqədar olaraq xaricdən böyük musiqiçilər
dəvət olunub: "Məqsədimiz muğam musiqisinin
"world music" - dünya musiqisi olduğunu sübut etməkdir.
Dahi Üzeyir bəy demişdi ki, Şərq musiqisinin yeddi
sütunu var.
Biz bu yeddi sütunu həmin
festivalda təqdim etmək arzusundayıq. O sütunlardan biri də
muğamdır. Muğam bütün ənənəvi musiqilərin
kökündədir. Bütün dünya xalqlarının
musiqilərində muğam intonasiyaları var. Bu strukturun
üzərində köklənən ənənəvi musiqilərin
inkişafı həmin festivalda nümayiş olunacaq".
Üç nöqtə.-
2009.- 6 mart.- S. 13.