Ağstafa rayonunda seçicilərlə görüş keçirilib

 

"Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" referendum üzrə təşviqat qrupları bölgələrdə görüşlərini davam etdirir

 

 Martın 18-də keçiriləcək referendumla əlaqədar yaradılmış təşviqat qruplarının bölgələrdə seçicilərlə görüşləri davam edir. Ötən gün "Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" referendum üzrə təşviqat qrupları Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı Ağstafa rayonunda tədbirlər düzənləyib. Seçicilərlə ilk görüş Ağstafa rayonunda, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.   

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşəbbüsü ilə 17-18 yaşlı gənclər arasında "Güclü Azərbaycan və güclü dövlət naminə" şüarı altında yürüş baş tutub. Şəhərin müxtəlif məntəqə və küçələrini əhatə edən sözügedən yürüşdə Ağstafa rayonunun məktəbliləri iştirak edib və yürüş 8 kilometrlik məsafəni əhatə edib. Bu yürüşün qalibləri Ağstafa rayon mədəniyyət evinin qarşısına toplaşaraq, orada mükafatlarını alıblar. Tədbirdə millət vəkili Qənirə Paşayeva, Xalq şairi Zəlimxan Yaqub və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı iştirak ediblər. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbirdəki çıxışı zamanı siyasi aksiyanın mahiyyətindən danışıb. O bildirib ki, gənclər arasında "Güclü Azərbaycan və güclü dövlət naminə" adı altında keçirilən aksiyanın əsas məqsədi ictimaiyyətin geniş kütləsini referendum təbliğatına cəlb etməkdir. Deputat Qənirə Paşayeva əhatəli çıxış edərək gənclərin idman aksiyasını təqdirəlayiq hal kimi qiymətləndirib. Xanım millət vəkili bu siyasi aksiyanın Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb: "Hər kəs Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyətindən xəbərdar olmalıdır. Çünki bu bizim ana qanunumuzdur". "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə ilk öncə ağstafalıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək hər bir ailəyə bol-bol sevinc, ruzi, bərəkət arzulayıb. Aksiyaya münasibət bildirən Akif Aşırlı qeyd edib ki, idmanda təbii ki, hər zaman güclülər qalib olur: "Amma hesab edirəm ki, burada qalib və məğlub yoxdur. Məğlubiyyət şərtidir. Düşünürəm ki, güclü Azərbaycan naminə güclü şəxsiyyətlər lazımdır. Bizim Azərbaycan kimi güclü dövlətimiz artıq qurulub. Sadəcə, ölkəmizi daha da inkişaf etdirmək üçün güclü iradəyə sahib olmaq gərəkdir". Tədbirdə xalq şairi Zəlimxan Yaqub da ilk öncə Ağstafa əhalisini qarşıdan gələn bayram münasibətilə təbrik edərək, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı öz fikirlərini səsləndirib. Zəlimxan Yaqub xüsusi olaraq seçicilərə ana qanunumuzun 101-ci maddəsinin mahiyyəti ilə bağlı bilgilər, ətraflı şərhlər verib.   

"Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" referendum üzrə təşviqat qruplarının üzvləri rayon mərkəzində düzənlənən tədbirdən sonra Ağstafanın Eynallı kəndində seçicilərlə görüş keçiriblər. Demək olar ki, kənd əhalisi tədbirə aktiv şəkildə qatılıblar. 450 nəfərdən çox insan kütləsinin iştirak etdiyi sözügedən görüşdə təşviqat qruplarının üzvləri seçicilərə referendum seçkiləri ilə bağlı geniş bilgilər veriblər. Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov kənd camaatına Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı izahat verib. Eynallı kəndindəki seçicilərlə görüşdə eyni zamanda millət vəkili Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub və "Şərq" qəzetinin baş yazarı Akif Aşırlı çıxışında referenduma keçiriləcək seçkilərlə bağlı öz fikir və mülahizələrini diqqətə çatdırıblar.   

Bundan sonra təşviqat qrupunun üzvləri Ağstafa rayonunun Tatlı və Xətai kəndlərində seçicilərlə görüş gerçəkləşdiriblər. Bu kəndlərin sakinləri də tədbirə xüsusi önəm verdikləri üçün görüşə aktiv şəkildə qatılıblar. Seçicilərlə görüş zamanı təşviqat qrupunun üzvləri Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər haqqında danışıblar. Bu dəyişikliklərin mahiyyəti haqqında seçicilərə məlumat verən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, referendum seçkilərinin baş tutması xalqdan asılı olan bir məsələdir: "Bu dəyişikliklər Azərbaycanımızın daha da inkişaf etməsi, xalqın rifahının yüksəldilməsi naminə edilir. Mən hesab edirəm ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər cəmiyyətə müsbət töhfələr verəcək".   

Xalq şairi Zəlimxan Yaqub da referendum seçkilərinin əhəmiyyətindən söz açıb. Z.Yaqub qeyd edib ki, Konstitusiyaya ediləcək dəyişiklik xalqın tələbi olmaqla yanaşı, tarixin tələbidir: "Cəmiyyətdə baş verən sosial-iqtisadi, siyasi və digər müsbətyönümlü dəyişikliklərin nəticəsi olaraq bizim Konstitusiyamızda əlavə və dəyişikliklərin aparılması labüd idi. Və buna görə də referendumun keçirilməsinə ehtiyac yaranıb".  

Onun sözlərinə görə, ötən on beş il ərzində Azərbaycandakı sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi səviyyəsinin yüksəlməsi, işgüzar fəallığının artması, Avropa strukturlarına inteqrasiya prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması respublikada insan hüquq və azadlıqları əleyhinə hansısa addımın atılmasını birmənalı istisna edir. "Mövcud mexanizm heç kimə Konstitusiya və qanunlar əleyhinə hansısa addım atmağa imkan vermir. Hakimiyyətə gedən yolun azad, ədalətli, demokratik seçkilərdən keçdiyini birmənalı olaraq bütün siyasi qüvvələr etiraf edir. Belə olan təqdirdə, bir şəxsin iki dəfədən artıq seçkilərdə iştirak imkanına malik olması ölkənin demokratik inkişafına, yaxud da seçki prosesinin demokratikliyinə qətiyyən mənfi təsir göstərmir. Çünki həmin şəxs yalnız xalqın iradəsinin ifadəsi nəticəsində prezident kürsüsünə gələ bilər"-deyən şair seçiciləri öz talelərinə biganə qalmamağa çağırıb.   

Görüşdə çıxış edən "Vətəndaş Cəmiyyəti"nin vəkili Akif Aşırlı isə referendumun və bu referendumla Konstitusiyada aparılacaq dəyişikliklərin mahiyyətindən danışıb. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin zərurətdən doğduğunu bildirən Akif Aşırlı deyib ki, "Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" təşviqat qruplarının əsas məqsədi odur ki, ictimaiyyət arasında referenduma keçiriləcək seçkilərin mahiyyətini aşılasın, maarifçiliyi həyata keçirsin: "Azərbaycan prezidenti İlham Əliyevin bu uğurlu siyasi hakimiyyətini 10 illə məhdudlaşdıra bilmərik. Bu, cəmiyyətin maraq və mənafeyinə uyğun deyil. İlham Əliyevin apardığı siyasət, gördüyü işlər buna əsas verir ki, o, növbəti 5 ildən sonra da Azərbaycanın ictimai-siyasi həyatında öz aktiv rolunu göstərsin".   

Sonra baş redaktor konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ) maddəsinə təklif edilən əlavə və dəyişikliklər barədə danışıb. A.Aşırlı ictimaiyyətin diqqətinə çatdırıb ki, bu dəyişiklik hər kəsin şəxsi toxunulmazlıq hüququnun etibarlı təminatına xidmət etməklə yanaşı, söz, məlumat, informasiya azadlığının təminatı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına yönəlib. "Bu maddənin ikinci hissəsinə təklif edilən dəyişikliyə əsasən, "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilənin müdafiə hüququ vardır". A.Aşırlı vurğulayıb ki, hər kəsə şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququnun verilməsi son dərəcə mütərəqqi, demokratik yanaşma olaraq, yeni dövrün tələblərindən irəli gəlir. Təşviqat qrupunun vəkili onu da diqqətə çatdırıb ki, bu maddənin III hissəsinə edilən dəyişikliklə qanunla müəyyən olunmuş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənə bilməz, video və fotoçəkilişlərə məruz qala bilməz: "Bu dəyişikliyin referenduma çıxarılması mühüm addımdır. Eləcə də sözügedən maddənin V bəndinə edilən dəyişikliklə hər kəsə onun haqqında toplanan məlumatlarla tanış olmaq hüququ verilir".   

Sözügedən kəndlərdə təşviqat qrupunun üzvləri əhali arasında geniş təbliğat-təşviqat işlərini aparıb, insanları maarifləndiriblər.   

Qeyd edək ki, "Yeni Azərbaycan" və "Vətəndaş Cəmiyyəti" referendum üzrə təşviqat qruplarının Qazax rayonundan start verdiyi bu təbliğat-təşviqat kampaniyasının ikinci mərhələsi davam etdirilir. Bu gün təşviqat qrupunun üzvləri Tovuz rayonunda və onun kəndlərində seçicilərlə görüşüb öz fikirlərini əhalinin diqqətinə çatdıracaqlar.

  

   

Anar Bayramoğlu

 

Şərq.- 2009.- 12 mart.- S. 4.