"Estrada müğənnilərindən muğam ifaçısı
olmaz"
MƏNSUM İBRAHİMOV: "TAMAŞAÇIYA
MÜĞƏNNİNİN GÖZƏLLİYİ YOX, SƏSİ
LAZIMDIR"
MUĞAM ustası, Opera
və Balet Teatrının solisti, səhnəmizdə 100-ə
kimi Məcnun yaradan Mənsum İbrahimov bizimlə həmsöhbət
oldu. Bakıda keçirilən Beynəlxalq Muğam
Festivalının münsiflər heyətində təmsil
olunan xanəndə öncə müsabiqənin Azərbaycanda
keçirilməsinin əhəmiyyətindən
danışdı.
- Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya böyük minnətdarlığımı
çatdırıram ki, Bakıda ilk dəfə olaraq belə
bir layihənin keçirilməsinə təşəbbüskarlıq
göstərdi. Çünki Muğam Festivalının
keçirilməsi Azərbaycanda böyük bir hadisədir.
Biz bununla bir daha sübut edirik ki, muğam azərbaycanlılara
məxsus bir janrdır və muğam bizim
kökümüzdür.
- Mənsum müəllim,
müsabiqənin qalibləri ilə bağlı nə deyə
bilərsiniz? Onlardan razı qaldınızmı?
- Əvvəlcə qeyd
edim ki, birinci yerə Təyyar Bayramov, ikinci yerə Vəfa
Orucova, üçüncü yerə Babək Niftəliyev
çıxdı. Digər iştirakçılar diplom və
digər mükafatlarla təltif olundular. Amma bu üç nəfər
iştirakçı həqiqətən istedadlıdırlar. O
biri iştirakçılar da yaxşı
ifaçıdırlar. Amma söhbət finalçılardan
gedirsə, deyə bilərəm ki, onlar öz layiqli yerlərini
tutdular. Martın 17-də müsabiqənin
açılışında özünüz də bunun
şahidi olacaqsınız. Artıq biz rahat ola bilərik ki,
muğam etibarlı əllərdə olacaq. Muğamı qoruya
bilən, onun qədir-qiymətini verən gənclər
yetişməkdədir.
- Bütün dünya
musiqiləri ilə müqayisədə bizim musiqimiz çox zəngindir.
Bəs bu zənginlikdən musiqiçilərimiz yetərincə
yararlana bilirmi?
- Bəli, yararlana bilənlər
olub və var. O vaxtkı sənətkarlar arasında Zeynəb
Xanlarovanı, Rəşid Behbudovu misal çəkə bilərəm.
Amma əfsuslar olsun ki, bu gün belə sənətçilərin
sayı azalıb. Sözünüzə qüvvət, Azərbaycan
musiqisi kimi rəngarəng və çoxşaxəli musiqi
yoxdur. Lakin bu gün bizim bəzi sənətçilər
ondan istifadə edə bilmir. Əksinə, muğamlar üzərində
yazılmış yeni musiqiləri və muğamları
aranjiman adı altında qərb musiqisinə yönləndirirlər.
Artıq bu aranjiman deyil. Aranjiman yeni improvizə deməkdir.
Bizim musiqilərdə isə improvizə yoxdur.
- Çoxlarında belə
bir təəssürat yaranıb ki, müğənnilik asan və
gəlirli sahədir. Siz necə
düşünürsünüz?
- Təəssüf edirəm
ki, onlar doğrudan da belə bir fikirdədirlər. Elələri
bu sənətin məsuliyyətini dərk etmirlər. Belələrindən
elə sənət aləmində də var. Ən çox da
bu bəla estrada sahəsindədir. Oxumalarına heç fikir
vermirlər. Ancaq ekranlara çıxıb özlərindən
danışırlar. Gözəl olmaq da lazımdır.
Axı tamaşaçıya müğənninin birinci
növbədə səsi və ifası maraqlıdır.
- Mənsum müəllim,
bu gün ölkəmizdə konsert verən yerli müğənnilər
də kifayət qədərdir, amma onlar bizə canlı ifalar
nümayiş etdirirlər. Bizimkilər isə, buna
qısqanclıqla yanaşır. Digər tərəfdən də,
özləri heç vaxt canlı oxumurlar.
- Doğrudur. Mən
onların bu qısqanclıqlarını əsassız hesab
edirəm. Əgər tamaşaçı konsertdə
müğənninin canlı ifasını eşitməyəcəksə,
onu diskdən də dinləyə bilər. Bayaq söylədiyim
kimi, bunları yalnız özləri maraqlandırır ki,
tamaşaçı məni canlı görsün. Toylarda da
fonoqram oxuyurlar, bu, bizim çox ağrılı yerimizdir. Siz
elə bilirsiniz ki, o ifalardan toy sahibləri razıdır? Əsla!
Canlı ifanı hər kəs sevir. Amma bu bəla muğam aləmində
o qədər də yoxdur, əsas estradadadır.
- Muğama diqqət artırıldığından
son illər hamı muğam ifa etmək istəyir, xüsusilə
də estrada ifaçıları. Sizcə, bu,
normaldırmı?
- Normaldır.
Çünki hansı janrda oxumasından asılı olmayaraq,
sənətçinin muğamı bilməsi müsbət
haldır. Ən azından ifa etdiyi mahnının hansı muğam
üzərində yazıldığını bilir. Amma
estrada müğənniləri nə qədər muğam ifa
etsə də, onlardan muğam ifaçısı
çıxmaz.
Üç nöqtə.- 2009.-12 mart.- S. 13.