Nazirlər Kabinetinin hesabatı qəbul
olundu
YAQUB EYYUBOV: "ƏHALİNİN
SOSİAL RİFAHININ ARTIRILMASI YENƏ DƏ PRİORİTET MƏSƏLƏDİR"
FƏZAİL AĞAMALI: "XARİCİ BANKLARDAKI KAPİTALIN BİR HİSSƏSİ
ÖLKƏYƏ GƏTİRİLMƏLİDİR"
DÜNƏN Azərbaycan
hökuməti Milli Məclis qarşısında hesabatla
çxış etdi. Hesabat dinlənməzdən əvvəl
spiker Oqtay Əsədov hökumətin son illərdəki
uğurlarından söz açdı. Bildirdi ki, 2008-ci ildə
dövlət büdcəsinin gəlirləri əvvəlki illərə
nisbətən 80 faiz artıb. Onun sözlərinə görə,
ölkənin sosial-iqtisadi inkişafında Milli Məclisin də
önəmli rolu var.
Çünki məhz
parlamentdə qəbul edilən qanun və sənədlər
inkişafın gerçəkləşməsinə kömək
edib. Spiker çıxışında hökumətin
hesabatı ilə bağlı səslənən bəzi
iradlara da cavab verdi: "Deyirlər ki, dövlətin
antiböhran siyasəti yoxdur. Amma 2008-ci ilin yekunlarına həsr
edilmiş müşavirədə cənab Prezident hökumətin
bu tədbirləri barədə məlumat verib".
Oqtay Əsədov dinləmələr
zamanı hökumət nümayəndələrinə irad
bildirən deptatlara da məsləhət verdi: "Bu dinləmələr
hökumətə irad tutmaq üçün deyil. Burada
hökumətin daha mütəşəkkil işləməsinin
yollarının araşdırılması, gələcək
dövr üçün hökumətin işinə necə
yardım etmək olar, hansı təklifləri edə biləriksə,
bunları deməliyik".
Baş nazir Artur Rasizadə
müzakirələrdə iştirak etmədiyi
üçün hesabatı Baş nazirin birinci müavini Yaqub
Eyyubov millət vəkillərinin diqqətinə
çatdırdı. O, dedi ki, ötən il ərzində
ölkədə uğurlu sosial-iqtisadi siyasət
aparılıb. Minimum pensiya 3,8 dəfə, orta aylıq əmək
haqqı 3,5 dəfə artırılıb: "Hazırda
ölkədə 700 mindən artıq insan ünvalı sosial
yardım alır. Aztəminatlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət
kimi gələcəkdə də davam etdiriləcək".
Y.Eyyubov vəd edilən
600 min iş yeri əvəzinə son 5 ildə ölkədə
766 min yeni iş yeri açıldığını bildirdi:
"Bunların da 547 mini daimi iş yerləridir".
Yaqub Eyyubov bildirdi ki,
dünyadakı qlobal maliyyə böhranını nəzərə
alan Azərbaycan hökuməti istehlakda yerli məhsulların
xüsusi çəkisinin artırılması məsələsini
ön plana çəkib. Buna görə də
2009-2015-ci illər üçün Azərbaycan əhalisinin
keyfiyyətli ərzaq malları ilə təmin edilməsi
üçün dövlət proqramı təsdiqlənib. Bu
proqramın icrası üçün 2009-cu il dövlət
büdcəsindən 60 milyon manat vəsait ayrılıb.
HÖKUMƏTİN HESABATINDA QRAMMATİK SƏHV TAPILDI
Hökumətin
hesabatının müzakirələri zamanı
çıxış edən millət vəkili Fəzail
Ağamalı Azərbaycanda maliyyə böhranının nisbətən
itkisiz keçdiyini vurğuladı. Lakin
onun fikrincə, böhranın sonrakı mərhələlərinə
də xüsusi diqqət yetirilməlidir: "Ümid edirəm
ki, hökumətin hazırladığı antiböhran
proqramında böhranın daha sonrakı mərhələlərdə
Azərbaycana vura biləcəyi ciddi ziyanların
qarşısı alınacaq. Bunun üçün Azərbaycanın
neftdən gələn və xarici banklarda yerləşdirilmiş
gəlirlərinin müəyyən hissəsinin ölkəyə
transfert olması lazımdır. Bu həm də işsizliyin
yaranması təhlükəsinin qarşısını
almış olardı".
Deputat Jalə
Əliyeva isə hesabatda qrammatik səhv tapdı. Bildirdi ki,
427-ci səhifədə "2007-ci il - Bakı şəhəri
dünyanın ən çirkin şəhəridir" kimi
cümlə yazılıb. Halbuki, bu ifadə "Çirkli
şəhər" kimi yazılmalıydı.
Müxalifətçi
deputat Nəsib Nəsibli isə builki hesabatın ötənilkindən
fərqlənmədiyini söylədi: "Ən azından,
situasiya, dünyadakı vəziyyət dəyişib. Ciddi
iqtisadi maliyyə böhranına baxmayaraq, hökumətin
proqnozları ifrat və reallığa uyğun olmayacaq dərəcədə
optimistdir. Burada yazılanların əskəriyyəti sovet
iqtisadiyyatı haqda rəqəmləri xatırladır".
N.Nəsibli əsas problemlər sırasında neftdən
asılılığı qeyd etdi: "Neft sərvətindən
də istifadə olunmalıdır. Amma neftdən ifrat
asılılıq çox təhlükəlidir". Deputat
ikinci ən böyük problemin inhisarçılıq
olduğunu söylədi. Onun sözlərinə görə,
bu da ötən ilə nisbətən artıb: "İndi
sosial-iqtisadi sahələrdə yeni inhisarçılıq
meylləri özünü göstərir.
Üçüncü ən böyük problem
korrupsiyadır. 2008-də bu sahədə mübarizə
aparılmayıb. Nə qədər ki, dediyim sahələrdə
dəyişiklik yoxdur, hökumətin fəaliyyətini mənfi
qiymətləndirəcəyəm".
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komissiyasının
sədri Əli Hüseynov da hesabatla bağlı
iradlarını bildirdi. Ə.Hüseynov ötən il
korrupsiyaya qarşı mübarizə sahəsində xeyli
işlər görüldüyünü, amma bu tədbirlərin
hesabata salınmadığını bildirdi. Dedi
ki, hesabatda mahiyyətin yox, rəqəmlərin dəyişməsi
Azərbaycanın inkişafının göstəricisidir:
"Çünki iqtisadi krizisin elementləri dünyada
görünməyə başlayanda Azərbaycan rəhbərliyi
tədbirlər görməyə başlamışdı. Ona
görə də Azərbaycandakı durumu digər
ölkələrlə müqayisə etməyə dəyməz".
"AZƏRBAYCAN BİR NEÇƏ İLDƏN SONRA
YENİ BÖHRANA DİRƏNƏCƏK"
Millət vəkili Əli
Məsimli hesabatdakı bir sıra iqtisadi göstəricilərə
toxundu. Onun dediyinə görə, neftin qiymətinin
düşdüyü hər bir dollar ümumi daxili məhsulu
(ÜDM) 220-250 milyon dollar azaldıb. Onun sözlərinə
görə, neft əbədi gəlir gətirməyəcək:
"Ona görə də hökumət struktur və
institusional islahatların yeni mərhələsinə
başlamalıdır. Əks halda, Azərbaycan bir neçə
ildən sora yeni böhrana dirənəcək".
YAP-çı millət
vəkili Mübariz Qurbanlı hesabatla bağlı səslənən
tənqidləri yersiz adlandırdı: "Müxalifət
öz nəzarətində olan mətbuat orqanları vasitəsilə
hökumətin həyata keçirdiyi siyasəti gözdən
salmağa çalışır. Onlar ancaq subyektiv qiymət
verə bilərlər. Obyektiv qiymət seçici tərəfindən
verilə bilər. Əhalinin fikirləri ilə müxalifətin
dediyi fikirlər arasında fərq böyükdür".
Deputat Fazil Mustafa da hökumətin hesabatını bəyənmədi. Onun fikrincə, qlobal maliyyə
böhranı dövründə hazırlanan sənəd
başqa cür tərtib olunmalıydı: "Hətta mən
düşünürdüm ki, bəlkə, bu gün hökumət
bizə antiböhran proqramını təqdim edəcək".
Fazil Mustafa hesab edir ki, ölkədə kənd təsərrüfatının
70 faizinin idxaldan asılı olduğu bir halda, xaricdə
ucuzlaşma dövründə manatın kursunun zorən stabil
saxlanılması ciddi problemlər yaradacaq: "Buna çoxlu
vəsait xərcləmək sonda nəyə gətirib
çıxaracaq? Ümumiyyətlə, hər
bir sahədə insanın marağı əsas
götürülməlidir. Hökumətin
verdiyi cavablar insanları qane etmədiyinə görə onlar
artıq sual verməkdən də beziblər".
"DÖVLƏT BÜDCƏSİ DAĞIDILIR"
Millət vəkili
İqbal Ağazadə təqdim olunan hesabatda hökumətin fəliyyətinin
hiss olunmadığını dedi: "Bu hesabat dərsliyə
bənzəyir. Burada büdcədən ayrılan vəsaitin hansı
formada xərclənməsi, maksimal dərəcədə xərclənməsi
üçün hansı addımların atılması,
hansı sahəyə hansı güzəştlərin edilməsi
haqda heç nə yazılmayıb. Hesabat xarakterli bu
kitabda qənaət termini ümumiyyətlə, yoxdur. Hökumət heç qənaət haqqında
düşünmür". İqbal Ağazadə hesab
edir ki, hökumət hələ ötən ilin sonundan idarəetmədə
islahatlara başlamalıydı: "Bu qədər
dağınıqlıq, pərakəndəlik büdcənin
talan olunması ilə nəticələnir".
Deputat da qeyd etdi ki,
hesabatda 2008-ci ilin yalnız birinci yarısı əhatə
olunub: "Burada böhranın nəticələrinin Azərbaycana
necə təsir etməsi, investisiya layihələrinin
dayanması, tikinti sektorunda nə qədər geriləmələrin
baş verməsi öz əksini tapmayıb. Avqustdan indiyədək
bütün sahələrdə ciddi geriləmələr var.
Xırda sahibkarlıq bərbad vəziyyətə
düşüb. Bunun bir səbəbkarı qlobal
böhrandırsa, ikinci səbəb daxildə hökumətin
bu sektora sahib çıxa bilməməsidir". İqbal Ağazadə onu da xatırlatdı ki, Azərbaycan
korrupsiya hesabatlarında dünyada sonuncu yeri tutur. Deputat bunu da hökumətin fəaliyyəti ilə əlaqələndirdi.
Spiker Oqtay Əsədov
bu cür tənqidi çıxışa dərhal reaksiya verərək:
"Görəsən, niyə İqbal müəllim bu boyda
hesabatda bir dənə də müsbət element
tapmadı" deyib narazılığını bildirdi.
Zahid Oruc
çıxışının əsas hissəsini müxalifəti
tənqidə həsr etdi. Onun fikrincə, belə hesabata
görə dövləti tənqid etmək yox, ona təşəkkür
etmək lazımdır: "Dövlət bu dövr ərzində
heç bir Avropa ölkəsinin daşıya bilmədiyi
yükü öz çiyinlərində
daşıyıb".
Qənirə Paşayeva
hökumət nümayəndələrinin
qarşısında kənd təsərrüfatındakı
problemlərdən danışdı. Onun fikrincə, bu sahədəki
bəzi dövlət proqramlarını sürətləndirmək
və kənddə yaşayan insanların
yaşayışını rahatlaşdırmaq olar.
PƏNAH HÜSEYN YENƏ MÜBAHİSƏ YARATDI
Sonra iclasda
"Müsavat" deputat qrupundan olan Pənah Hüseynin spiker
Oqtay Əsədov və YAP-cı deputat Siyavuş Novruzovla
mübahisəsi yarandı. Milli Məclis sədrini deputat
Siyavuş Novruzova növbədənkənar söz verməkdə
günahlandıran Pənah Hüseyn yerindən qalxaraq dedi ki,
hökumətin hesabatlarının müzakirəsi zamanı
parlament rəhbərliyi
çıxışçıların siyahısında
saxtakarlıq edir və müxalifətçi deputatlar düyməni
bassalar da, adları siyahıya düşmür.
O.Əsədov
P.Hüseynə "Otur yerində, göydən düşməmisən,
ömür boyu danışmısan, hakimiyyətdə də
olmusan, amma əlindən bir iş gəlməyib" - deyə
cavab verdi. Bu zaman S.Novruzov da müxalifətçi
deputatdan oturmağı tələb etdi.
Çıxışında isə o, P.Hüseyni Azərbaycana
korrupsiya gətirməkdə suçladı. Bu zaman Pənah
Hüseyn yenidən ayağa qalxaraq Siyavuş Novruzovun
çıxışının dayandırılmasını
tələb etdi. O, "Sizin hökumətinizin
dövründə 3 dəfə həbsdə olmuşam, amma mənə
qarşı bir dənə də fakt tapmamsınız"
dedi. S.Novruzov isə ona "Sən həbsdə daha çox
olmalıydın, yerin bura deyil, həbsxanadır" deyə
cavab verdi. Mübahisə və müzakirələrdən
sonra Milli Məclis Nazirlər Kabinetinin 2008-ci il üzrə
illik hesabatını qəbul etdi. 102 deputat hesabatın lehinə,
8 deputat əleyhinə səs veridi.
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 14 mart.- S. 3.