Deputatları daha çox antiböhran proqramı maraqlandırır

 

HADİ RƏCƏBLİ: "HÖKUMƏTİN HESABATINDA YENİ VƏ YA GİZLİ BİR ŞEY AXTARMAĞA DƏYMƏZ"

 

PƏNAH HÜSEYN ANTİBÖHRAN PROQRAMI TƏQDİM OLUNMAYACAĞI TƏQDİRDƏ İSTEFA TƏLƏBİ İLƏ ÇIXIŞ EDƏCƏK

 

 BU gün hökumət parlamentarilər qarşısında hesabat verəcək. Hesabat iqtisadi böhranın kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən böyük maraq doğurur. Təsadüfi deyil ki, ölkə ictimaiyyəti böhranın Azərbaycan iqtisadiyyatına təsiri, ondan çıxış yolları istiqamətində kimi tədbirlərin görüldüyü ilə maraqlanırlar. İqtisadçı millət vəkillərinin hökumət üzvlərinə hansı suallar ünvanlayacağını təkliflər verəcəyini müəyyənləşdirmək üçün onlardan bəzilərinin fikirlərini öyrəndik.

Milli Məclisin İqtisadi-siyasət daimi komissiyasının üzvü Əli Məsimli "Üç nöqtə"yə bildirdi ki, hökumətin təqdim edəcəyi hesabatda iqtisadi böhranla əlaqədar yeni məsələlər qaldırılmalıdır: "Hesab edirəm ki, cari ilin dövlət büdcəsinə mütləq baxılmalı, maliyyə amnistiyası verilməlidir. Bu məsələni hökumət üzvlərinin qarşısında yenidən qaldıracağam".

Millət vəkili ikinci səsləndirəcəyi təklifin sovet dövründənqalma əmanətlərlə bağlı olacağını dedi: "Əmanətlərin sığortalanması məsələsi havadan asılı vəziyyətdədir. Bu məsələnin 2012-ci ilə qədər reallaşacağı inandırıcı görünmür. O, hər dəfə gündəmə gələndə deyirlər ki, "Əmanətlərin sığortalanması haqqında" qanun layihəsi hazırlanıb yaxın zamanlarda baxılacaq. Sözdə yox, əməldə real addımlar atılmalıdır".

Antiböhran tədbirlərinin də geniş müzakirə olunmasını zəruri sayan Ə.Məsimli qeyd etdi ki, böhranın qarşısını almaq üçün iqtisadi qanunvericiliyə ciddi dəyişikliklər edilməli, əlavə dəyər, mənfəət vergiləri azaldılmalıdır.

Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli isə bildirdi ki, hökumət bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşdığından, parlamentdə antiböhran məsələsi ilə bağlı ayrıca müzakirələr aparmağa ehtiyac yoxdur: "Hökumətin hesabatına gəldikdə isə, burada yeni ya gizli bir şey axtarmağa dəyməz. Həmişə bildiyimiz məsələlər əksini tapır, məruzələr ətrafında fikir mübadilələri aparılır. Hökumətin indiyə qədər fəaliyyətini yetərli hesab edən H.Rəcəbli kiminsə təklifi ilə onun istefaya göndəriləcəyini boş sözlər hesab etdi.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədovun sözlərinə görə, əsas məsələ bu hesabatda göstərilənlər deyil: "Bizi daha çox hökumətin antiböhran proqramı maraqlandırır. Göründüyü kimi, böhran davam edir buna qarşı ciddi tədbirlər görülməlidir. İşsizlik real sektorun inkişafı ilə bağlı pul-kredit siyasəti, manatın davamlılığı kimi məsələlər bizi çox maraqlandırır. Bu tədbirlər görülürmü, nələr planlaşdırılır - əsas suallar budur".

Vhmədov hökumətin illik hesabatında antiböhran tədbirlərinin əksini tapmamasını təssüflə qeyd etdi.

Hökumətin istefasına gəlincə, komissiya üzvü vurğuladı ki, bu təklif daha çox bir neçə müxalif deputat qrup üçün üzvləri tərəfindən gündəmə gəlib: "Fikrimcə, 2008-ci ildə Azərbaycan hökumətinin gördüyü tədbirlər qlobal maliyyə böhranının ölkəmizə daha az təsir etməsi baxımından faydalı olub müsbət sayıla bilər. Böhranın baş verməsinə görə onları günahlandırıb, istefaya göndərmək məqsədəuyğun deyil".

Millət vəkili Nazim Məmmədov isə hökumət üzvlərinə daha çox sual verəcəyini dedi: "Mən hələ bir müddət öncə təkliflər vermişdim. Məsələn, hökumət büdcəni qəbul edərkən, biz xərcləri azaltmağı təklif etmişdik. Söhbət lüzumsuz xərclərdən gedir. Onların ixtisarı heç bir problem yaratmırdı".

Bəzi hökumət üzvlərinin rolunu qənaətbəxş hesab etməyən millət vəkili onlara ünvanlanan suallara hələ cavab verilmədiyini bildirdi: "Milli Bank tərəfindən uzunmüddətli kreditlərin verilməsi ilə bağlı təklif vermişdim. Bunların heç biri nəzərə alınmadı. Büdcə tez-tələsik qəbul edildi. 2008-ci ildə müəssisələrin sağlamlaşdırılması proqramı üçün kifayət qədər vəsait ayrılıb. Həmçinin bu ilin büdcəsindən 20 milyon manat nəzərdə tutulub. Bu məsələ ilə bağlı sualımıza tam cavab verilmədi. Bilinmir ki, vəsaitlər hansı müəssisələrə qoyulub dövlət büdcəsi qədər qazanc əldə edib".

İqtisadçı millət vəkili Azərbaycanda bu məsələnin anlaşılmaz qaldığını dedi: "Əgər bir müəssisəni özəlləşmədən qabaq sağlamlaşdırıb, ona vəsait xərclənirsə, bazara çıxarılıb daha baha qiymətə satmaq mümkündür".

N.Məmmədov hökumət üzvləri qarşısında qaldıracağı ikinci məsələnin "Hesablama Palatası haqqında" qanuna dəyişikliklərlə bağlı olduğunu bildirib: "Hesablama Palatası konkret layihə üzrə yoxlama aparmalıdır. İndiki qanunla yoxlama ancaq Milli Məclisin müvafiq komissiyasının tələbi əsasında keçirilir. Əsas yoxlamalar paytaxtda baş tutur. Ancaq deputatların əksəriyyəti regionlardan seçilib. Bu məsələlər regionları da əhatə etməlidir".

Komissiya üzvü antiböhran tədbirləri ilə bağlı suallarının olacağını qeyd etdi: "Antiböhran tədbirləri vaxtında aparılmayıb, indi gecikdirilir. Böhranın ilk dövrlərində kommersiya banklarına yerli mənbələr hesabına kreditlərin verilməməsi onların xarici mənbələrdən kredit asılılığına səbəb oldu. İndi dövlət dəstəyi gündəmə gəlib. 2-2,5 milyard manatlıq maliyyə yardımının göstərilməsi məsələsini mən ötən il qaldırmışam". Müxalifyönlü deputat qrupu adından rəyini soruşduğumuz Pənah Hüseyn hökumətin budəfəki hesabatının da reallıqdan uzaq, statistik rəqəmlər yığınından ibarət olduğuna şübhəsi olmadığını bildirdi. O, müzakirəyə konkret antiböhran proqramı təqdim olunmayacağı təqdirdə istefa tələbi ilə çıxış edəcəyini vurğuladı.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 13 mart.- S. 8.