Həsrət bitdi...
"QARABAG" AĞDAMA QAYITDI
QƏDİM yunan
filosoflarından biri -
Aristotel hələ o zaman iddia edirdi
ki, həyatda heç nə müqayisə predmeti ola bilməz.
İnsan belə
bir fikrə düşsə, apardığı
müqayisə qüsurlu
olacaq. Hər şeyin yaranma və baş vermə səbəbləri
var. Təsadüf anlayışını qətiyyətlə təkzib
edən Aristotel mövcud varlıq və əşyaların bir-birini tamamladığını
açıqlamışdı... Ötən əsrin əvvəlində heç
kim inanmazdı ki, 1993-cü ildə Ağdamın 148 kəndindən
140-ı işğal olunub, 100 mindən çox insan torpağından didərgin
düşəcək. Tarix bizi ağır
sınağa çəkdi.
Olmazın kimi.
Düz 16 il idi ki, insanlar kimi, futbol da Ağdamdan qaçqın düşmüşdü. Ağdamlı üçün futbolun nə demək olduğunu özlərindən yaxşı kimsə bilə bilməz. Uşaqlıqdan onunla yaşayasan ki, mahiyyətinə də varasan. "Qarabağ" onların mənəvi havasıdı, bu klubla nəfəs alırlar. Rayonda sonuncu matç "Turan"a qarşı keçirilmişdi. 2:1 udmuşdular. Həmin heyətdən oynayan bircə Aslan Kərimovdu. Taleyin gərdişinə bax, hər yanı gəz, axırda gəl ilk addımlarını atdığın doğma məkanda doğma azarkeş önünə çıx.
Peşəkar Futbol Liqasının "Qarabağ"ın Ağdama qayıtması haqda müraciətini müsbət cavablandırmasının yerli insanlar üçün nə anlam kəsb etdiyini mayın 3-də mən də gördüm. Qanadları olsaydı, sevinclərindən uçardılar. Quzanlıya çatanadək ətraf sükuta boğulsa da, qəsəbə özü ajiotaj içindəydi. Yol kənarında dayanıb, əllərində "Qarabağ"ın bayrağını yelləyən insanlar hələ də inana bilmirdilər ki, 16 illik həsrətin sonudur. Matç 16:00-a təyin olunsa da, 2 saat əvvəlcədən stadionun qarşısı dolub-boşalırdı. Adamlar sel kimi axışırdı, tarixi olayı canlı izləmək istəyirdilər. Quzanlı bəlkə də belə qələbəlik görməmişdi. Stadionlara qadınların gəlməsinə az-az təsadüf eləmişik. Avropaya xas xüsusiyyətdir. Ağdamda mən bunun da şahidi oldum. Özü də necə! Tribunalarda boş yer qalmadığından, kimisi qapılar arxasında ayaqüstə dayanıb oyunu seyr edirdi, kimisi Olimpiya Kompleksinin pəncərələri qarşısında dayanmışdı. Kimisi də binanın üstünə qalxıb, ordan meydanda baş verənləri izləyirdi.
Mətbəx yadlarından çıxmışdı. Əsl azarkeş deyəndə bizlərin gözləri qarşısına öncə lənkəranlı fanatlar gəlirdi. "Xəzər-Lənkəran" tərəfdarlarının çılğınlıq və fədakarlıqlarına az şahidlik etməmişik. Ağdamlı azarkeş onlardan heç də geri qalan deyil. Müxtəlif şüarlar və komandanı ruhlandıran sözlərlə "silahlanan" qarabağlıların canıyananlığını oyundan əvvəl də gördüm, sonra da. "Qarabağ"ın futbolçuları məşq üçün meydana çıxanda stadionu bir səs bürüdü ki, bunun içində uzun illərin nisgili, həsrəti, istəyi, rəğbəti vardı. İstər-istəməz adamın tükləri biz-biz olur, mənzərəni acıgözlüklə seyr etmək istəyirsən. Tribunaların tutumu 2 min nəfəri ("İnter"ə 400 nəfərlik yer ayrılmışdı) keçməsə də, stadiona aşağısı 6-7 min fanat toplaşmışdı. Genişlik olsaydı, daha bu qədər insan gələrdi. Qarabağın adını özündə yaşadan "Qarabağ" üçün bundan gözəl gün ola bilməzdi. Allah tərəfi, komandaya Quzanlıda hər cür şərait yaradılıb. Olimpiya Komleksi çox da böyük olmasa da, rahatlığı ilə göz oxşayır. Komfortu öz yerində, futbolçuların sanki uzun illərdir bura öyrəşmiş kimi özlərini aparması diqqətimi çəkdi. Balaca uşaqlar Zaur Ramazanovla Artim Şakiriyə yad planetdən gələnlər kimi baxır, onların adi yerişinə də xüsusi fikir verirdilər. Kəlmə kəsmək imkanları olsaydı, bəlkə də özlərini dünyanın ən xoşbəxti sanardılar. Vaqif Cavadovun da çoxsaylı pərəstişkarı var. Əsas heyətdə yer almadığını biləndə nə qədər üzülmüşdülərsə, meydana çıxanda tribunalar bir ağızdan "Vaqif, qol!" deyə, çığırırdılar.
"Qarabağ"ın bir özəl keçmişi var. Ağdamda nadir hallarda uduzublar. Rəqiblərin ayaqlarını əsdirən azarkeş ordusu həmişə "Domokl qılıncı" kimi başlarının üstünü kəsdirib. Hələ SSRİ çempionatının 9-cu zonasında oynadıqları dönəmdə Ağdama gələn qonaq komandalar məğlubiyyəti öncədən gözünün altına alıb. Hakimlər də o cümlədən. "Qarabağ"ı sıxmaq həmişə onlar üçün pis nəticələnib. Həmin vərdiş yenə yaddan çıxmayıb. Ona görə də Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası təkcə 90 dəqiqə basqı altında qalmadı. Oyundan sonra da meydanda ara qarışdı. "Fit sahibləri"nə fiziki təzyiq göstərmək istəyənlər az deyildi. Yaxşı ki, Peşəkar Futbol Liqası və klubların nümayəndələri insidentin dava-dalaşa çevrilməsini əngəllədi. Günah polislərdəydi. Oyundan sonra narazı kütlənin meydana axışacağını gözləmirdilər. Stadiona təhkim olunan asayiş keşikçilərinin sayının az olmasını deməliyik. Əvvəlcədən yaxınlıqdakı hərbi hissədən 100 əsgər də gətirilsəydi, narazılıq dalğası belə kütləvi hal almazdı. Amma PFL-in təşkilatçılığı təqdirəlayiqdir. Stadion 1 ayın içində normal vəziyyətə gətirilmiş, oyunun keçirilməsi üçün heç bir problem qalmamışdı. Baş tutmayan bircə konsert idi, o da məlum səbəbdən. Neft Akademiyasında törədilən terror aktı üzündən komandalar meydana qara sarğıda çıxmışdısa, çalıb-oxumağın yeri yoxuydu. "Qarabağ"ın əlində "Qarabağ-Azərbaycan" plakatıyla azarkeşləri salamlaması lap yerinə düşdü.
Tarixi matçı onsuz biz özümüz
də gedib işıqlandıracaqdıq. PFL-in
bu təşəbbüsdə
bulunması isə işimizi bir xeyli asanlaşdırdı.
Mətbuat konfransı
mənə Çempionlar
Liqasının oyunlarını
xatırlatdı, hər
şey yüksək səviyyədə qurulmuşdu.
Bunu tək biz yox, Valentin
Xodukin də etiraf edir.
"İnter"in hər şeydə nöqsan axtaran baş məşqçisi Quzanlıda oyunun gedişinə mənfi təsir göstərən bir "əmma" da tapa bilmədi, yaradılan şəraitin münasib olduğunu dilə gətirdi. Ağdama gedib- gəlmək üçün 12 saat lazım gəlsə də, bu vaxtın necə gəlib-keçdiyini, düzü, bilmədik. Yolboyu avtobusda zarafatlaşan həmkarlarımın əhval-ruhiyyəsindən gördüm ki, kimsə yorulmayıb. Xal itirən "İnter" olsa da, inanmıram ki, qonaqlar Ağdama getməsinə üzgündür. Hər halda 17 ildən sonra bu şəhərdə çıxış edən ilk qonaq klub kimi tarixə düşdülər. Vətən dərdiylə yaşayan insanları 2 saatlıq da qəm-qüssədən uzaqlaşdırmaq Allah qatında dəyəri ölçüyə gəlməyən savabdır. Bunu qazandılar. Və düşünürəm ki, bu, çempionluq şansı azalan "İnter" üçün ən böyük təskinlik olmalıdır. Quzanlının bir addımlığında səngər quran ermənilərə psixoloji zərbə vurmaq üçün oyunun burda keçirilməsi böyük hadisədir.
"İnter" əvvəl tərəddüd içində qalsa da, sonra daşı ətəyindən tökdü. Yaxşı olardı ki, "Qarabağ" indən belə bütün oyunlarını doğma məkanda keçirsin. Bu mövsüm birinci və axırıncı yox, axarıncı olsun. Futbol Ağdama yeni nəfəs gətirdi. Necə ki, müharibə illərində Tovuzu ayaq üstə saxlayan "Turan" oldu, "Qarabağ" da doğma rayona qayıtmaqla öz tarixi missiyasında yeni səhifə açmalıdır. Ağdama bir də getmək ümidiylə...
İlkin Vaqifoğlu Bakı - Ağdam - Bakı
P.S. Quzanlıda maraqlı, bir az da həyəcanlı dəqiqələr yaşadıq. Yolüstü stadion tərəfə dönmək əvəzinə, qəsəbəni keçib ermənilərlə üzbəüz posta tərəf gedirikmiş. Heç kimin də bundan xəbəri yox. Musiqi sədaları altında irəliləyən avtobusa yerdəki insanlar əl eləsə də, bunun xəbərdarlıq işarəsi olmasının fərqinə varmamışdıq. Demə, 1 km irəlidə təmas xəttidir. Yolumuzun üstünə çıxan bir qrup hərbçi vəziyyəti bizə başa saldı. Kim nə deyir desin, PFL-in böyük futbolu Ağdama qaytarması tarixə qızıl hərflərlə düşdü.
Üç nöqtə.- 2009.- 5 may.- S. 15.