Pensiyalar əmək stajı əsasında hesablana bilər

 

SƏLİM MÜSLÜMOV: "İŞLƏYƏN VƏTƏNDAŞLARI TAM FORMADA SOSİAL SIĞORTAYA CƏLB ETMƏK MÜMKÜN DEYİL"

 

DÜNƏN Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təqdimatı keçirilib. BMT-nin İnkişaf Proqramının (BMTİP) "DSMF-nin potensialının gücləndirilməsi" layihəsi çərçivəsində yaradılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) təqdimatında DSMF sədri Səlim Müslümov bildirdi ki, avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanı əldə edilib:

"Bu, rəsmiləşmələrin daha dəqiq aparılmasına onların istənilən zaman əldə edilməsinə şərait yaradıb. Hazırda layihə çərçivəsində DSMF-nin mərkəzi ofisi ilə regional rayon şöbələri arasında səmərəli rabitə əlaqəsinin qurulması istiqamətində işlər görülür.

Sosial sığortaya cəlb olunan bütün vətəndaşların məlumat bazası yaradılıb. S.Müslümov hazırda pensiyaçıların 82,8 faizinin plastik kartlarla təqaüdünü aldığını bildirdi: "Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu proqnoz tapşırığı tam yerinə yetirib. 2009-cu ilin birinci rübündə 213,1 milyon manat vəsait toplanılması nəzərdə tutulduğu halda 228,3 milyon manat yığım var. Ötən ilin müvafiq dövründə bu göstərici 175 milyon manat olub. Lakin hələ işləyən vətəndaşları tam formada sosial sığortaya cəlb etmək mümkün olmayıb".

O bildirib ki, yaxın vaxtlarda "Əmək pensiyası haqqında" qanuna əlavə dəyişikliklər ediləcək. "Qanun qəbul olunarsa, pensiyaçıların təqaüdü əmək stajı əsasında hesablanacaq". S.Müslümovun sözlərinə görə, yeni dəyişikliklərdən sonra təqaüdçülərə seçim imkanı veriləcək: "Bu zaman fondun Mərkəzi Aparatında xüsusi qrup yaradılacaq. Həmin qrup əməkhaqqı ya staja görə pensiya almaq istəyənlərin hesabatını aparacaq. Əgər təqaüdçü əmək haqqı əsasında pensiyasının hesablanmasını istəməsə, o halda 2006-cı il yanvarın 1-dək işlədiyi müddətdə hər bir il üçün aldığı məvacibin məbləği haqqında fonda arayış təqdim etməlidir. Bütün bu məlumatlar yoxlanıldıqdan sonra onun təqaüdü hesablanacaq. Əgər təqdim etməzsə, o zaman sovet dövründə hansı sahə üzrə işləyibsə, həmin sahə üzrə orta aylıq əməkhaqqını götürərək onun əsasında pensiyası hesablanacaq".

Fond sədri ediləcək yeniliklərdən danışdı: "Biz elə bir sistem qurmaq istəyirik, pensiya almaq istəyən şəxslə DSMF əməkdaşı arasında birbaşa əlaqə olmasın. Vətəndaş DSMF-nin sisteminə daxil olmaqla alacağı pensiya haqqında məlumat əldə edə bilsin. Biz təklif edirik ki, 2006-cı il yanvarın 1-dək olan dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi zamanı əməkhaqqına istinad aradan qaldırılsın hesablamalar vahid prinsiplə, stajı əsasında aparılsın. Bu metodla pensiya hesablanan zaman pensiyaçının ümumi əmək stajından 5 il çıxarılacaq. Yerdə qalan hər bir il üçün həmin dövrdə mövcud olan pensiyanın baza hissəsinə (25 manat) 8 faiz qədər vəsait hesablanacaq. Bununla vətəndaşın 2006-cı ilin 1 yanvarınadək pensiya hüququ müəyyənləşəcək. Onun üzərinə pensiyanın baza hissəsi (hazırda 75 manat) 2006-cı ildən sonra fərdi hesabına toplanan sosial sığorta haqları ilə bağlı hesablanan vəsait əlavə edilərək pensiya məbləği müəyyənləşəcək. Bu dəyişiklik reallaşdıqdan sonra avtomatlaşdırılmış pensiya hesablama sistemi hər bir vətəndaşa xidmət göstərəcək. Bundan sonra pensiya təminatı sektorlarını ləğv edəcəyik. Bir nəfər informasiya sisteminə, bir nəfər əlil ailə başçısını itirmiş şəxslərə qulluq edəcək. Pensiyanı avtomatlaşdırılmış şəkildə mərkəzi baza təyin edəcək. Eyni zamanda təqaüdə çıxmaq istəyən şəxslərlə fondun əməkdaşları arasındakı əlaqələrə son qoyulacaq".

S.Müslümovun sözlərinə görə, Azərbaycanda pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxıla bilər: "Ölkədə inflyasiya defilyasiya ilə əvəzlənsə belə, pensiyanın azaldılması nəzərdə tutulmur. Pensiyanın baza hissəsinin artırılması isə inflyasiya ilə bağlıdır. Amma biz hələlik müzakirələr aparırıq yəqin ki, pensiyanın baza hissəsinin artırılması məsələsinə ilin ikinci yarısında baxılacaq".

BMT-nin İnkişaf Proqramının prezident nümayəndəsi Bruno Pueza təmsil etdiyi təşkilatın fondla əməkdaşlığını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycan Baltikyanı ölkələrdən nümunə götürürdüsə, hazırda Azərbaycan özü Şərq ölkələri üçün nümunəyə çevrilib.

 

 

Xalid

 

Üç nöqtə.- 2009.- 5 may.- S. 10.