"Bəzi məsələlərdə
razılıq əldə
edilməyib"
ARAZ ƏZİMOV: "PROSES "HƏR ŞEY
RAZILAŞDIRILMAYINCA, HEÇ BİR ŞEY
RAZILAŞDIRILMAYIB" PRİNSİPİ İLƏ DAVAM
ETDİRİLMƏLİDİR"
"ERMƏNİSTAN REGİONDA OLAN BÜTÜN DÖVLƏTLƏRİN
ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMALIDIR"
"HAZIRDA Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
istiqamətində həmsədrlərin
təklif etdiyi layihələr üzərində
müzakirələr aparılır.
Bəzi məsələlər
açıq qalır
və razılıq əldə edilməyib. Proses "hər şey razılaşdırılmayınca,
heç bir şey razılaşdırılmayıb"
prinsipi ilə davam etdirilməlidir". Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verdi.
Azərbaycan Prezidentinin Praqa səfəri ilə bağlı məlumat verən A.Əzimov səfərin bir neçə hissədən ibarət olacağını vurğulayıb:
"Praqada Avropa İttifaqı ilə
"Şərq tərəfdaşlığına"
və enerji koridoruna dair zirvə toplantısı keçirilir. Həmsədrlərin təklifi ilə orada Azərbaycan və Ermənistan prezidentlərinin
görüşü olacaq.
Bu görüşdə
prezidentlər öz iradələrinə və
istəklərinə uyğun
olaraq məsələləri
müzakirə edəcəklər".
Danışıqların gedişi
ilə bağlı məsələyə aydınlıq
gətirən A.Əzimov
birmənalı olaraq Azərbaycanın işğal
altında olan bütün torpaqlarının
boşaldılmalı olduğunu
vurğuladı: "Dağlıq
Qarabağ Azərbaycanın
tərkibində qalacaq.
Həmin regionda yaşayacaq iki icmanın birgə yaşaması üçün
konkret bir model işləniləcək.
Bu, bütövlükdə
prosesin "skeletidir".
Bu məsələlərə
nail olmaq üçün müvafiq
mərhələlərin keçilməsi
tələb olunur. Birdən-birə bütün bu işləri həyata keçirə bilmərik.
Region əhalisinin oraya qayıtması üçün Dağlıq
Qarabağın ətrafında
olan işğal altında saxlanılan rayonlar boşaldılmalı,
yollar açılmalıdır.
Bu, baş verməsə və azərbaycanlılar öz
torpaqlarına qayıtmasa,
heç bir status məsələsindən
söhbət gedə bilməz. Regionla bağlı heç bir şəraitin təmin edilməsi haqqında müzakirələr
aparıla bilməz. Bu məsələdə ardıcıllıq
var və bu prosesin məntiqi
ilə təyin olunub. İşğal altında olan ərazilər boşaldılmayınca
əməkdaşlıq olmayacaq,
əməkdaşlıq olmayınca
sülh və əminamanlıq bərpa edilməyəcək. Birinci
mərhələdə neçə
rayonun azad edilməsi müzakirələrin
bir subyektidir. Müzakirələr hələ
davam edir və Azərbaycan tərəfi prosesin normal sürətlə irəliləməsi üçün
bütün lazımi
tədbirləri görür".
Nazir müavini Elmar Məmmədyarovun Vaşinqton səfərinin
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi
yolunda irəliləyiş
olduğunu vurğuladı:
"Amerikanın yeni administrasiyası bu problemin həll edilməsinə diqqətini
artırıb. Yeni administrasiya problemləri müzakirə etməklə
öz yeni töhfələrini müəyyənləşdirməyə
çalışır".
Xarici işlər nazirinin müavini Azərbaycan Prezidentinin Türkiyəyə ünvanladığı
suala müəyyən
qədər cavab verildiyini bildirdi: "Mənim Türkiyəyə
son səfərim işçi
qaydada müzakirələrin
aparılması üçün
növbəti bir səfər idi. Türkiyənin yeni xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyimiz müzakirələr
Azərbaycan-Türkiyə
münasibətlərinə, regional təhlükəsizlik
məsələlərinə həsr olundu. Türkiyə tərəfindən bəzi suallara cavab alınsa da, bəzi məsələlər
müəyyənləşdirilməlidir.
Əsas odur ki, biz Türkiyə
ilə işimizi elə qurmalıyıq ki, hər iki
dövlətin maraqları
təmin edilsin və bu maraqlar
regionda təhlükəsizliyin
təmininə şərait
yaratsın. Ermənistan
isə regionda olan bütün dövlətlərin ərazi
bütövlüyünü tanımalıdır".
Xalid
Üç nöqtə.- 2009.- 6 may.- S. 4.