Ölkədəki 1750 məsciddən hazırda
800-ü fəaliyyət göstərir
HİDAYƏT ORUCOV: "AYRI-AYRI
DÖVLƏTLƏR AZƏRBAYCANDA BƏZİ ZƏRƏRLİ
TƏRİQƏTLƏRİ YAYMAQ ÜÇÜN İŞ
APARIRLAR"
"ÖLKƏDƏ dini durumla bağlı vəziyyət kifayət qədər sabitdir. Azərbaycan dini sabitliyi ilə bütün bölgə üçün nümunə hesab olunur. Ölkədə təkcə müsəlmanların deyil, digər dinlərin təmsilçilərinin, respublikada əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin vicdan azadlığı tam təmin olunur. Bunu beynəlxalq təşkilatların təmsilçiləri də etiraf edirlər". Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dilə gətirib. Bununla yanaşı, H.Orucov dini durumla bağlı müəyyən narahatedici məqamların olduğunu da vurğulayıb. Onun dediyinə görə, ölkədəki 1750 məsciddən hazırda 800-ü fəaliyyət göstərir. 150 məscidin fəaliyyəti mövsümidir. Yəni, onlar əsasən dini mərasimlər zamanı işləyirlər. Qalan məscidlər isə dini abidə kimi qorunur. H.Orucov qeyd edib ki, müstəqilliyin ilk illərində xarici dövlətlər Azərbaycanda 92 məscid tikiblər. Bu məscidlərin 24-ü Türkiyə, 63-ü Küveyt, 3-ü Səudiyyə Ərəbistanı, 1-i Qətər, 1-i isə İran İslam Respublikası tərəfindən inşa edilib. Əvvəllər həmin məscidlər inşaat işlərini aparan dövlətlər tərəfindən idarə olunub və onların qayda-qanununa uyğun fəaliyyət göstərib. Amma sonradan aparılan iş nəticəsində bunun qarşısı alınıb, bütün məscidlər dövlətin nəzarətinə götürülüb. Hazırda xarici dövlətlər tərəfindən tikilən məscidlərdə həmin dövlətlərin heç bir dindarı çalışmır. Azərbaycanda yalnız Türkiyə vətəndaşı olan 6 imamın fəaliyyətinə icazə verilib. Onların da sayı əvvəlki illərə nisbətən xeyli azalıb. Müqaviləsi başa çatan Türkiyə vətəndaşı olan imamlar Azərbaycan vətəndaşları ilə əvəz olunur.
H.Orucovun qeyd etdiyinə görə, ayrı-ayrı dövlətlər Azərbaycanda bəzi zərərli təriqətləri yaymaq üçün iş aparırlar: "Amma belə hallar son dövrlər xeyli azalıb. Bu cür zərərli təriqətlər Azərbaycan ictimai fikrinə təsir etmək iqtidarında deyil. Dövlət zərərli dini meyillərə qarşı ciddi iş aparır. Bu prosesə ictimaiyyət də cəlb edilib. Artıq Azərbaycan ictimaiyyəti bir çox zərərli dini təriqətlərə birtərəfli şəkildə etirazını bildirir. Yalnız bəzi təriqətlər diqqətdən yayınaraq öz əməllərini pərdələməyə nail olublar. Amma dövlət onları nəzarətdə saxlayır".
Elməddin
Üç nöqtə.- 2009.- 7 may.- S. 3.