"Qafqaz Müsəlmanları
İdarəsinə əlavə
səlahiyyətlər verilməlidir"
RƏBİYYƏT ASLANOVA
DİNİ SFERADA BAŞ VERƏNLƏRİN QARŞISINI
ALMAĞIN VACİBLİYİNİ DEYİB
"DİNİ etiqad azadlığı haqqında" mövcud qanuna yaxın zamanlarda əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bununla bağlı qanun layihəsi dünən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan haqları komitəsinin birgə iclasında müzakirə edildi. İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın dediyinə görə, Azərbaycanda çoxkonfessiyalı cəmiyyət mövcuddur.
Onun sözlərinə görə, qanuna nəzərdə tutulan dəyişikliklər bir növ ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. R.Aslanova dedi ki, ölkədə fəaliyyət göstərən məscidlərin cəmi 500-ü qeydə alınıb. Digərləri isə qeydiyyatsız fəaliyyət göstərir. Həmin məscidlərin əksəriyyəti ayrı-ayrı xarici dövlətlərin təşkilatları tərəfindən tikilib: "Problemin həlli üçün Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verilməlidir. Bu, dini sferada baş verənlərin qarşısını almaqda rol oynayar".
Qanuna təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynovun sözlərinə görə, dəyişikliklərin birinci qrupu dini qurumların dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğvi məsələlərini əhatə edir. Yalnız dövlət qeydiyyatından keçən, dövlət reyestrində qeydə alınan dini qurumlara hüquqi şəxs kimi fəaliyyət göstərmək icazəsi veriləcək. Bundan əlavə, qeydiyyata alınmış dini qurumların qeydiyyatının ləğvi məsələləri də dəqiqləşdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinin zəruri olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, dini qurumlar dövlət qeydiyyatından keçərsə, Azərbaycan qanunları əsasında hazırlanmış Nizamnamə üzrə fəaliyyət göstərməli olacaqlar. Müzakirələrdə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev təkcə radikal dini təriqətlərə qarşı mübarizə aparmaqla kifayətlənməyin düzgün olmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda qeyri-radikal mövqe tutan zərərli dini icmalar da fəaliyyət göstərməkdədirlər. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə qeyd etdi ki, bəziləri etiqadın nə olduğunu yaddan çıxarırlar. Yəni, hazırda dini məsələlərdən daha çox siyasi məqsədlərlə istifadə edilir.
Müzakirələrdən sonra qanuna təklif olunan əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Elməddin MURADLI
Üç nöqtə.- 2009.- 7 may.- S. 3.