Neftin qiymət artımı
iqtisadiyyatın canlanmasından xəbər verir
DÜNYA iqtisadiyyatında
yaranan stabillik neftin qiymətinə də təsir edib.
Artıq yanacağın qiymətində artım tempi nəzərə
çarpır və neftin bir barrelinin qiyməti 57 dolları
keçib. İqtisadiyyatın sabitləşməsi bu
templə davam edərsə, cari ilin ikinci yarısında
bu göstəricinin 65 dollara çatacağı proqnozlaşdırılır.
Beləliklə, dünya iqtisadiyyatında vəziyyətin
stabilləşməsi nefti cəlbedici edib və ona tələbatı
yenidən artırıb.
Unutmaq olmaz
ki, bazara çıxarılan neftin həcmi də aşağı
düşüb. OPEK 2008-ci ilin sentyabrından bəri neft
hasilatının azaldılması barədə 3 dəfə
qərar qəbul edib. Nəticədə gündəlik
hasilat ümumilikdə 4,2 milyon barrel aşağı
düşüb. Bu isə o deməkdir ki, hazırda hasil
edilən neftin həcmi böhrandan tədricən
özünə gələn və inkişafa doğru gedən
dünya iqtisadiyyatının tələbatını
təmin etməyə bilər. Əgər hasilat artırılmasa
və tələbat normal təmin edilməsə, neftin
qiymətinin sürətlə artmasının qarşısını
almaq mümkün olmayacaq. Ona görə də, Neft
İxrac Edən Ölkələr Təşkilatının
mayın 28-də keçiriləcək növbəti
toplantısında neft hasilatının aşağı
salınmaması barədə qərarın qəbul
ediləcəyi gözlənilir.
OPEK-ə
üzv olan ölkələr üçün
neftin bir barrelinin qiymətinin
70-90 dollar arasında dəyişməsi
normal hesab edilir. Bundan artıq
qiymət bir tərəfdən gəlirləri
artırırsa, digər
tərəfdən xərcləri
də artırır.
Deməli, hasilatın artırılması
OPEK üçün də
sərfəlidir. İstənilən halda neftin qiymətinin artması
istehsalçı ölkələrin
maraqlarına xidmət
edir. Çünki bu ölkələrin
əksəriyyətində dövlət büdcəsinin
formalaşdırılmasında neft gəlirləri önəmli rol oynayır. Bu, büdcə kəsirini
minimuma endirməyə
imkan verir. Azərbaycan da həmin
ölkələrdən biridir.
Çünki ölkənin xarici
ticarət dövriyyəsində
neft və neft məhsulları əsas rol oynayır.
Azərbaycanın ixracının təqribən 90 faizini
neft və neft məhsulları təşkil edir. Neftin qiymətinin artması
isə ölkənin
gəlirlərinə ciddi
təsir göstərəcək.
Məsələn, neftin bir barrelinin qiymətinin
1 dollar bahalaşması Azərbaycanın valyuta
hasilatını 100-120 milyon
dollar artırır.
Əks tendensiya
isə əksinə gəlirlərin həmin həcmdə
azalmasına səbəb olur. Azərbaycanın dövlət büdcəsinin
neft gəlirləri
əsasında formalaşdığını
və büdcədə
neftin bir barrelinin qiymətinin
70 dollar nəzərdə tutulduğunu nəzərə
alsaq, qiymətin həmin hədd ətrafında dəyişməsi
ölkəmiz üçün
səmərəli olardı. İkinci bir
tərəfdən yanacağın
qiymətinin böhranla
bağlı aşağı
düşməsi Azərbaycanda
bir sıra iri layihələrin reallaşmasını problemə
çevirmişdi. Amma indi
neftin qiymətinin artması fonunda bu layihələrin yenidən gündəmə
gələcəyi şübhə
doğurmur. Digər tərəfdən,
Neft Fondundan dövlət büdcəsinə
əlavə transfertlərə
də ehtiyac qalmayacaq. 2008-ci ildə
büdcəyə 3,8
milyard dollar transfert
həyata keçirilmişdisə,
cari ildə bu göstərici 4,915 milyard dollardır.
Neft gəlirlərinin
böhranla bağlı azalması səbəbindən
bir sıra önəmli layihələrin həyata keçirilməsi
üçün bu fonddan əlavə vəsaitin dövlət
büdcəsinə yönəldilməsi nəzərdə
tutulurdu. Əgər neftin qiyməti artmaqda davam edərsə, əlavə
transfertə də ehtiyac qalmayacaq. Bundan başqa,
dünya birjalarında
son dəyişikliklər ipoteka kreditləşməsinə
də təkan verə bilər. Amma bir şeyi unutmaq olmaz ki, dünya iqtisadiyyatının bərpası
ilə bağlı ümidlər özünü
doğrultmasa, neftə
tələbatın azalması
barədə hər
hansı bir işarə qiymətlərin
yenidən aşağı
düşməsi ilə
müşayiət olunacaq.
Pünhan Əfəndiyev