Ərdoğanın Bakı səfərindən
gözlənilənlər böyükdür
ZƏRDÜŞT ƏLİZADƏ:
"BU SƏFƏR PROSESLƏRİN GEDİŞİNƏ
MÜSBƏT MƏNADA TƏSİR GÖSTƏRƏ BİLƏR"
"ERMƏNİSTANIN
MÖVQEYİNİN DƏYİŞMƏSİ AZƏRBAYCANIN
QƏTİ ADDIMINDAN ASILI OLACAQ"
TÜRKİYƏNİN
baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
səfəri diqqətlə
izlənilir. Onun bu gün Bakıda
keçirəcəyi görüşlərdə
iki ölkə arasındakı mübahisəli
məqamlara aydınlıq
gətiriləcəyi və
müəyyən razılaşmaların
əldə olunacağı
ehtimal edilir. Bütün bunların arxasında Türkiyənin
Azərbaycanı özünə
inandırmaq istəyinin
dayandığı qeyd
olunur. Ərdoğanın
Azərbaycana səfəri
bu mənada maraq doğurur və fərqli müstəvidə analiz olunur. Politoloq Zərdüşt Əlizadə
hesab edir ki, Türkiyənin Azərbaycanı inandırması
lazım deyil:
- Azərbaycan
özü inanmalıdır
ki, Türkiyə məqsədyönlüdür. Çünki Türkiyənin
dövlət xadimləri
Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan dəfələrlə Azərbaycanın
mənafelərini güdaza
verməyəcəklərini bildiriblər. Azərbaycan inanmasa, bu, əlavə
problemlər yaradacaq. Ona görə ki, Türkiyə ilə münasibətlərin
pozulması yeganə strateji müttəfiqin itirilməsi deməkdir. - Türkiyə baş nazirinin Azərbaycana səfəri iki dost ölkə arasında yaranan gərgin münasibətlərə
hansı dəyişikliyi
vəd edir? - Ərdoğanın Bakı
səfəri müsbət
addımdır. O, bu gün islam və demokratiyanı uzlaşdırma siyasətini
ortaya qoyur. Avropa, Amerika buna böyük ümidlə yanaşır.
Adətən belə fikirləşirlər ki, islam və demokratiya
bir-birinə sığışmaz. Amma
Türkiyə göstərdi
ki, əxlaqda islam, əməldə demokratiya mümkündür.
Ərdoğan hakimiyyətdə
olduğu illər ərzində Türkiyə
üçün böyük
islahatlar aparıb. Türkiyə böyük
dövlətdir. Türkiyə
baş nazirinin Azərbaycana gəlişi
proseslərin gedişinə
müsbət mənada
təsir göstərə
bilər. Azərbaycan
Türkiyə ilə əlaqəli siyasət yeritməklə vəziyyətdən
çıxış yollarını
arayıb tapmalıdır.
Bu baxımdan, belə bir şəxsin
Azərbaycana səfərini
müsbət dəyərləndirirəm.
- Zərdüşt bəy,
Ermənistan prezidenti Sarqsyan bildirir ki, iki ölkə
arasında münasibətlərin
ilkin şərt qoyulmadan nizamlanmasına dair anlaşma var. Abdullah Gül
Sarqsyanın dediklərini
təkzib etməyərək,
Türkiyənin bölgənin
mənafeyi üçün
çalışdığını deyib. Rəcəb Tayyib Ərdoğan isə daha açıq
danışır. Sizcə,
bu cür təzadlı yanaşmalara
aydınlıq gətiriləcəkmi?
- Abdullah Gül deyir ki, Türkiyə-Ermənistan münasibətlərinin
yaxşılaşması həm
Türkiyə, həm
də Azərbaycanın
xeyrinədir və bu, ona böyük
faydalar gətirəcək.
Mən də həmin fikirlə razıyam ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin
yaxşılaşması istiqamətində
öz siyasətini düzgün qurarsa, bu, Azərbaycana da böyük fayda gətirə bilər. Bütövlükdə
bölgədə gərginliyin
azaldılması, münaqişələrin
yumşaldılması, münasibətlərin
tənzimlənməsi Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllində çox şeylər vəd edir. Bu məsələdə
Qarabağ şərtinin
irəli sürülüb-sürülməməsinin tez-tez
önə çəkilməsinə
gəlincə, birdəfəlik
anlamalıyıq ki, bu, daha çox
Azərbaycanın məsuliyyətindədir.
- Doğrudanmı Türkiyə-Ermənistan münasibətlərinin
yaxşılaşması Ermənistanın
bölgədə daha
da sərt mövqedə dayanmasına
və danışıqlarda
kompromisə getməməsinə
şərait yaradır?
- Bu, yanlış fikirdir. Türkiyə-Ermənistan münasibətlərinin
yaxşılaşması Ermənistanın
mövqeyində hansısa
dəyişiklik etməsi
ilə əlaqədar
deyil. Ermənistanın
mövqeyi dəyişməzdir.
Yalnız sovet dövründə Dağlıq
Qarabağın Azərbaycan
ərazisindən çıxarıb,
Ermənistana verilməsini
hüquqi cəhətdən
sənədləşdirmişdilər. Amma beynəlxalq hüquq məkanına daxil olduqdan sonra verdikləri rüşvətin işləmədiyini
görüb, "birləşdirmək"
tələbini "müstəqillik"lə əvəz etdilər. Bunun üçün də referendum keçirib Qarabağı "müstəqil"
elan etdilər. Ermənilərin taktikasında
görünən dəyişiklik
bundan ibarətdir. Ondan sonra Ermənistan tərəfi heç vaxt siyasətini dəyişməyib. 1991-ci ildən
bu günə qədər deyirlər ki, Dağlıq Qarabağ müstəqil olmalıdır. İndinin
özündə Sarqsyan
səfərdən əvvəl
bəyanat verir ki, Dağlıq Qarabağın müstəqilliyi
fikrindən bir addım belə geri çəkilməyəcəklər. Hesab edirəm ki, Ermənistanın mövqeyinin dəyişməsi
Azərbaycanın qəti
addımından asılı
olacaq. Bu istiqamətdə göstərilən
qəti mövqe Azərbaycana alçaldıcı
güzəştlər təklif
edən beynəlxalq qurumları da yerində oturdar. Amma o da
məlumdur ki, siyasətin əlifbası,
mümkün olanın
gerçəkləşdirilməsi məharətidir. Nəsə
mümkün deyilsə,
onun üzərində
fikirləşmirlər. Bu
siyasəti böyük
dövlətlər həyata
keçirir. Biz müharibədə məğlub
olmuşuq və vəziyyətdən çıxmaq
üçün başqa
siyasət yürütməliyik.
Tahirə QAFARLI
Üç nöqtə.- 2009.- 13 may.- S. 6.