Ov mövsümü
yaxınlaşır
AZƏRBAYCANDA 20 MİNƏDƏK
ADAM OVÇULUQLA MƏŞĞUL OLA BİLƏR
OVÇULUĞA HƏVƏS
GÖSTƏRƏN ŞƏXSLƏR ARASINDA NAZİRLƏR,
DEPUTATLAR VƏ DİGƏR TANINMIŞLAR ÇOXDUR
AZƏRBAYCANDA 2009-ci ilin yay ov
mövsümünün başlanmasına az qalır. İyunun
birinci ongünlüyündə respublika ərazisindəki
ovçuluq təsərrüfatlarının qapıları
ovçuların üzünə açılacaq. Rəsmi məlumatlara
görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının
ümumi ərazisi 716 min hektardan çoxdur. Azərbaycanda
nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan
və çöl quşlarının qorunub
saxlanılması üçün 40-dan çox dövlət
qoruğu, milli park və yasaqlıq var.
OVÇULUQ TƏSƏRRÜFATLARININ QAPALI
SAXLANILDIĞI DÖVR
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin
qorunması və xüsusi mühafizə olunan Təbiət Ərazilərinin
İnkişafı Departamenti bu il fevralın 28-dən ölkə
ərazisində ov mövsümünü bağlayıb. Mart,
aprel və may ayları ovuna icazə verilmiş heyvanlarn
cütləşməsi, bala dünyaya gətirməsi
dövrü olduğundan göstərilən müddətdə
bütün ovçuluq təsərrüfatları qapalı
saxlanılır. Respublika Ovçular və
Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfovun
sözlərinə görə, son iki ildə ovçular
sırasına 2 mindən çox yeni üzv qəbul olunub.
Hazırda Azərbaycanda 20 minədək adam ovçuluqla məşğul
olmaq icazəsinə malikdir.
Respublika
Ovçular və Balıqçılar Cəmiyyətinin sədri
deyir ki, dörd ildən çoxdur Azərbaycanda quş ovuna
qadağa qoyulduğundan ovçuluq təsərrüfatlarında
ov mövsümü aktiv keçmir. Son dörd ildə ov
mövsümü yalnız məməli heyvanlar
üçün açılıb, bağlanılır. Yəni
ancaq qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə),
yenat, çaqqal və bəzi növ balıqların ovuna icazə
verilir. Həmin heyvanların isə sayına müvafiq olaraq məhdud
ov limiti müəyyənləşdirilir. 2004-cü ilədək
Azərbaycnda ayı ovu da mümkün imiş, amma hazırda
ona güllə atmaq qadağandır. Bu, son illər
ayıların sayının azalması ilə
bağlıdır.
Ölkəmizdə
ovçuluqla məşğul olmaq istəyən vətəndaş
Respublika Ovçular və Balıqçılar Cəmiyyətinə
ərizə ilə müraciət etməli və ovçuluq
hüququnu təsdiq edən sənəd almalıdır.
Ovçuluq hüququna yiyələndikdən sonra o, qanunla
yaşadığı ərazinin polis şöbəsinə
müraciət edib ov silahından istifadə ilə
bağlı xüsusi icazə kağızı
almalıdır. Həmin sənəd əsasında isə
ovçuluq mağazalarından ov silahı almaq
mümkündür.
BEŞATILAN DAHA POPULYARDIR
Azərbaycana ovçuluq
sursatları xaricdən gətirilir. Paytaxtdakı
xüsusi mağazalarda müxtəlif adda və çeşiddə
Rusiya, İtaliya, Türkiyə və digər xarici ölkələrin
istehsalı olan ov silahları satılır. Bu ticarət
obyektlərində xüsusi geyimlər, barıt, güllə,
tüfənglər, tilovlar, xəncərlər,
bıçaqlar, bir sözlə ovçuluq üçün
tələb olunan hər cür odlu və soyuq silah növləri
tapmaq olar. Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin
yerləşdiyi binada da bir neçə ovçular
mağazası yerləşir. Mağazalarda olduğumuz
müddətdə silah-sursat almaq üçün bura gələnlərin
çox olması diqqətimizdən yayınmadı.
Satıcılar bu canlanmanı yeni ov mövsümünün
yaxınlaşması ilə əlaqələndirdilər. Ov
silahlarının qiymətilə maraqlandıqda, məlum oldu
ki, onlar heç də ucuz deyil. Burada qiyməti
500 manatdan 2500 manatadək olan müxtəlif markalı odlu
silahlar satılır. Məsələn, Rusiya istehsalı olan
son markalı qoşalülə tüfənglər 800 manata, təklülə
tüfənglər isə bir az da baha satılır. Eynilə
"Kalaşnikov" avtomatına oxşar "Sayqa"
markalı ov silahının qiyməti isə 1500 ABŞ
dollarıdır. İtaliya və və Türkiyə
istehalı olan beşatılanlar 1000 ABŞ dollarına
satılır. Olduğumuz mağazaların
piştaxtalarında işlənmiş ov tüfəngləri
də qoyulmuşdu. Satıcıların sözlərinə
görə, ovçuların ən çox almaq istədikləri
odlu ov silahı Rusiya istehsalı olan son markalı
beşatılandır. Təəssüf ki, mağazalarda həmin
silahı görə bilmədik. Bunun səbəbini həmin
tüfəngin ölkəyə gətirilməsinə
maneçilik törədilməsilə izah etdilər. Müxtəlif
çeşidli xəncər və bıçaqların qiyməti
10 manatdan 200 manatadəkdir. Balıq tutmaq üçün
tilovların 10 manatdan 50 manatadək qiyməti var.
Satıcılar dedilər ki, ov tapançalarının
ölkəyə gətirilməsi və satışı
Daxili İşlər Nazirliyi tərəfindən qadağan
olunub.
OVÇU QAYDA- QANUNLARI
Azərbaycanda
ovçuluq edənlərin bəziləri bu işə
dolanışıq yeri, bir qrupu məşğuliyyət
növü, elələri də var ki, hobbi kimi baxır. Onu
qeyd edək ki, ovçuların öz qayda-qanunları var. Uzun
illərdir ovçuluqla məşğul olan Süleyman Səmədov
bu məşğuliyyəti özünün şakəri
hesab edir: "Cavan vaxtlarımda yaralanmış ovun
başını kəsəndə ətim ürpəşirdi.
Quşların civiltisinə dözə bilmirdim. Amma zaman
keçdikcə ovçuluq həyatına öyrəşdim.
Ceyran təbiət gözəlidir, ona güllə atmaq
günahdır. Mən görməmişəm, ancaq ovçu
yoldaşlarımdan yaralı ceyranın
ağlamağının şahidi olanlar var. Ovçu
qanunlarına görə, əsl ovçu ovu qadağan edilən
heyvanlara güllə atmamalıdır. Ancaq indi hər yerindən
duran ovçuluqla məşğul olduğundan qaydalar da bir qədər
arxa plana keçib. Ovçunun ov öncəsi spirtli içki
qəbul etməsi, ov yerinə çatmamış silahı
açması, doldurması qəti qadağandır. Təbiətin,
ətraf mühitin mühafizəçisi olan
ovçuların yazılı qanunlarından biri də ov
normasına əməl olunmasıdır". Ovçu
Süleymanın sözlərinə görə, bütün
peşələr kimi, ovçuluğun da yazılmamış
qaydaları var. Məsələn, bəzən ov zamanı
ovçulardan birinin bəxti gətirmir. Həmin ovçu evə
əliboş dönməsin deyə, yoldaşları onun
xurcununa mütləq ovlanmış ördəkdən,
dovşandan qoymalıdır. Ovçuluğun
yazılmamış digər qanunu ov bölgüsüdür:
"Ovçuların bir-birini
tanıyıb-tanımamısından asılı olmayaraq,
birinin vurub yaraladığı heyvanı digər ovçu
mütləq öldürməlidir. Suya düşən
yaralı ördək qamışlıqların arasında
gizlənməyə can atır. Ova daha yaxın məsafədə
olan ovçu mütləq onu vurmalıdır. Bu halda birinci
ovçu "onu mən vurmuşam" deyə haqqını
tələb etsə də, ikincisi də "mən
vurmasaydım, qaçıb aradan çıxacaqdı"
iddiasında bulunur. Burada dava-dalaşın,
çığır-bağırın heç bir faydası
yoxdur. Məsələni yoluna qoymağın yalnız bir yolu
var. Birinci ovçu ikinciyə bir patron, yəni,
atdığı güllənin əvəzini qaytarmaqla
quşu ondan alır". Ovçu Suleymanın sözlərinə
görə, hər ovun öz atma xüsusiyyəti var.
Yaşılbaş ördək saatda 80-90 km, qaşqaldaqsa 50-60
km sürətlə uçur: "Hər quş öz
uçuş sürətinə görə vurulmalıdır.
Güllə düz hədəfə yox, quşun uçuş
sürəti nəzərə alınmaqla yarım metr
qabağa atılır". Müsahibimiz qaban ovunun çətinliyindən
çöz açır. Deyir, qaban ovu ən təhlükəli
ovlardan sayılır və hər ovçuyla bu ova getmək
düzgün deyil. Qaban ovuna adətən 6-7 nəfər və
2-3 itlə getmək lazımdır. İt qaban ovunda ovçunun
birinci köməkçisidir. Qaban ovunda ovçunun sərrastlığı,
hissiyyatı həlledici amillərdəndir. Yaralanmış
qabanda qisasçılıq hissi güclü olduğundan hər
dəqiqənin öz hökmü var: "Qaban ovlamaq heç
də həmişə hamıya müyəssər olmur. Bəzən
bu heyvanlar ya üzə çıxmır, ya da açılan
atəş boşa çıxır. Elə vaxt da olur ki,
qaban ovlamaq həvəsilə ovçuluq təsərrüfatına
gələn ovçu sonradan bu fikrindən daşınır.
Çünki qaçan qabanı birinci atəşdəcə
öldürmək lazımdır, əks halda yaralan vəhşi
heyvan geri qayıdıb öz qisasını almağa
çalışacaq. Bütün bunları göz
önünə alan həvəskar ovçular dovşan,
balıq və digər xırda heyvan ovlamağı
üstün tuturlar". Ovçuların qayda-qanunları
kimi, alqış və qarğışları da var. "Ovun
uğurlu olsun" sözləri ov üstündə olan adam
üçün ən böyük alqış, eyni zamanda
ovçu salamlaşmasıdır. "Güllən boşa
çıxsın", "Ovun yaralı getsin", "Sənin
görüm güllən açılmasın" sözləri
isə sınaqdan keçirilmiş ən təsirli
qarğışlardandır. Müsahibimiz bildirir ki, ova
çıxanda kiminlə rastlaşacağın da önəmlidir.
Yəni ovçu elə bəduyğur adamla rastlaşa bilər
ki, həmin gün onun ovu alınmasın.
"OV AZARI"na TUTULMUŞ
TANINMIŞLAR
Respublika
Ovçular və Balıqçılar Cəmiyyətinin sədri
Füzuli Əşrəfovun sözlərinə görə,
ovçuluq hüququ olan hər bir şəxsin ov günlərində
(şənbə və bazar) ovçuluq təsərrüfatlarına
girmək ixtiyarı var. Həmin təsərrüfatlarda
ovçuların gecələməsi, istirahəti,
balıqçılıqla məşğul olması
üçün lazımi şərait yaradılıb.
Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin
üzvləri sırasında adi vətəndaşlarla
yanaşı, ictimai-siyasi, mədəniyyət, ədəbiyyat
və incəsənət sahələrində
tanınmış şəxslər də az deyil. Məsələn,
çoxları bilir ki, yazıçı, millət vəkili
Vaqif Səmədoğlu, tanınmış müğənni
Teymur Mustafayev ov həvəskarlarıdır. Amma
ovçuluğun həvəskarı olan məmurlar, deputatlar, digər
müğənni və aktyorların adlarını dəqiqləşdirmək
çətin oldu. Çünki Respublika Ovçular və
Balıqçılar Cəmiyyətinin rəhbərliyi
"ov azarı"na tutulmuş tanınmışların
adlarını açıqlamaq istəmir. Qeyri-rəsmi mənbələrdən
əldə etdiyimiz məlumata görə, yüksək
çinli məmurlardan kimsə hansısa ovçuluq təsərrüfatına
gedirsə, həmin gün ərazi mümkün qədər
sıravi ovçulardan qapalı saxlanılır ki, onlara
maneçilik törədilməsin.
BRAKONYERLİK HALLARI DA
MÖVCUDDUR
Ovçuluq
təsərrüfatlarına ciddi nəzarət olunmasına
baxmayaraq brakonyerlik hallarının qarşısı tam
alınmayıb. Bu səbəbdən də ovu qadağan
edilmiş vəhşi heyvanların ovlanmasına görə cərimənin
məbləği bir neçə dəfə
artırılaraq, minimum əməkhaqqının 3000 mislinə
çatdırılıb. Azərbaycan təbiətinin nadir
fauna növlərindən olan ceyranın ovlanmasına görə
isə təkcə cərimə ilə can qurtarmaq
mümkün deyil, həm də Cinayət Məcəlləsinin
258-ci maddəsilə dəmir barmaqlıqlar arasına
düşmək olar.
Əfqan
Üç nöqtə.-
2009.- 16 may.- S. 11.