Su əvəzolunmaz
nemətdir
DAĞ KƏNDİNİN PROBLEMLƏRİ HƏLL OLUNUR
BU ideya çoxdan,
hələ sovetlər
dövründə qarşımızda
dururdu. Əhalisi çox
olan dağ kəndinin mövcud şəraiti istər-istəməz narahatlıq
yaradırdı. Kənddə
su qıtlığı,
qadınların bulaq başında gecə-gündüz növbə gözləməsi, sonralar
isə iki kilometr aralıda dağ çayından yük heyvanlarının belində dəmir bidonlarla su daşınması
bir an olsun belə, fikrimizdən çıxmırdı.
Bir vaxtlar sintetik boruların kütləvi istehsalı və məişətdə istifadə
olunmasından ruhlanaraq,
rayon XDS İcraiyyə Komitəsinin
sədrinə müraciət
etmişdik. Elə o zaman
da kəndə İK-in memarı Şadkamal Ağabalayevlə
birlikdə gəldik və birbaşa qarşıdakı dağlara
tərəf üz tutduq. Sıx ağacların arası ilə "Yeddiçeşmə"ni axtara-axtara gedirdik. Günortadan keçmişdi. Bülüdül
kəndinin məşhur
Narzan bulağının
üstündə pendir-çörək kəsib,
doyunca su içdik. Dizlərimiz artıq qüvvətə
gəlmişdi. Ayaqlarımız
sal qayalarda sürüşür də,
xırda kolların budaqlarından tuta-tuta irəliləyirdik. Axır
ki, bələdçinin
köməyi ilə həyat nəhrini tapdıq. Gözlərimizə
inana bilmədik. Bulaq iki dərənin
qovuşduğu bir məkanda qərar tutmuşdu. Bunu həyatın möcüzəsi
hesab etmək daha düzgün olardı. Su yerdən pıqqıldayaraq
gurultu ilə çıxır və qəribə səs-küy yaradırdı. Qədim zamanlardan bulağa "Yeddiçeşmə"
adı verilib. Gur sulu olduğu
üçün yeddi
çeşmənin birləşməsindən
yaranma ehtimalı güman edilir.
Deyilənə görə,
həmin kəhrizin suyu nə vaxtsa saxsı borularla buralara
çəkilibmiş. Kəhrizin bir adı da "Dodoloni"
və yaxud "Dodohoni" adlanır. Oradan azca kənarda guya
hansı zamandasa "Dodoloni" adlı yaşayış məskəninin
olmasını söyləyənlər də var. "Dodoloni"
və ya "Dodohoni" ("dodo" talışca ana,
"lona" isə çuxur, çala mənasını
bildirir və ya "honi", bulaq mənasında
anlaşılır) "ana bulaq" deməkdir ki, bu da suyun
bol olmasına simvolik işarədir.
Yaşlıların
dediklərində gerçəkliyi anlamamaq mümkün deyil.
Bu ətrafda müxtəlif kurqanların və qədim insan qəbirlərinin
izlərinə, saxsı parçalarına rast gəlinir ki,
minilliklər ərzində buranın yurd yeri,
yaşayış məskəni olması ehtimalını
yaradır.
Mövzudan uzaqlaşsaq
da, qeyd etməliyik ki, haqqında söhbət gedən ərazilər
tarixən qədim talışların məskəni olub. Çox
təəssüf ki, coğrafi və tarixi baxımdan canlı
muzeyi xatırladan ərazi indiyədək tədqiq
olunmayıb. Diqqət yetirdikdə aydın görünür
ki, bura Lerik rayonunun ərazisindəki Qız və Oğlan
qalalarının yerləşdiyi coğrafi məkandır. Həmin
ərazi hər şeydən əvvəl tarixi və
coğrafi etnoqrafik cəhətləri ilə seçilir. Onu
da qeyd edək ki, flora və faunası ilə fərqlənən
bu füsunkar meşələr həmin vaxtlardan üzü bəri
zaman-zaman qırılıb, sıradan çıxmış,
indi bura az qala çılpaq qayaları xatırladır.
Bu dağlarda Babək
Xürrəmi və daha sonralar isə Qızılbaşlar
dövrü ilə səsləşən faktlar üzə
çıxır və rəvayətlər söylənilir. Ona
görə də respublikamızın tədqiqatçı
alimlərinin araşdırmalar aparmalarına ciddi ehtiyac
duyulur. Şübhə yoxdur ki, tədqiqat işlərinə
başlanılarsa, arxeoloji-tarixi və etnoqrafik nümunələrlə
zəngin materiallar əldə edilə bilər.
Peşəsinin mahir
bilicisi Şadkamal qardaşımız durbin və
"nivelir"in tarazını nizamlayıb, tuşlama oxunu
üfiqi vəziyyətə gətirib, bulağın nisbi
yüksəkliyini təyin etdi. İndi heç kəsdə
şübhə yeri qalmadı. İnanırdıq ki,
"Dodoloni"nin suyu Züvüç kəndinə öz
axarı ilə çıxacaq və illərlə həsrətini
çəkdiyimiz su həyatımıza yeni bir ruh gətirəcək...
İllər ötdükcə uzaq məsafədən su
çəkmək arzusu yavaş-yavaş reallaşır və
Dodoloni kəhrizindən yaxınlıqdakı
Bülüdül kəndinin işgüzar camaatı
yararlanmağa başladı. Çox çəkmədi ki,
Bülüdül kəndinin hər bir evinin həyətində
çarhovuz tikildi və kəndin bağ-bağçaları
gülüstana çevrildi. Züvüç kəndinin su
problemi ilə əlaqədar mütəxəssis rəylərini
dəfələrlə dinləmişdik.
Yerin təkində su
ehtiyatının azlığı subartezian quyuları qazmaq
arzularını puç edirdi. Bu ərəfələrdə
kəndin 2 kilometrliyindən kənd sovetinin vəsaiti ilə
su çəkməli olduq. Lakin gətirdiyimiz su məhdud
miqdarda idi. Əhalinin təminatını qətiyyən
ödəmirdi. Dünya dəyişdi. Müstəqillik
qazandıq. Dövlətimiz qüdrətlənməyə
başladı. Biz inanırdıq ki, ölkəmizin iqtisadi
potensialının gündən-günə yüksəldiyi
vaxtda bir gün gələcək, kəndlərin məişət
problemləri aradan qaldırılacaq.
Azərbaycan Respublikasının
Prezidenti İlham Heydər oğlu Əliyevin 2004-cü il 11
fevral tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)"nın qəbul edilməsi
bu sahədə əsaslı stimul yaratdı. Dövlət
Proqramı demək olar ki, Azərbaycan Respublikasının
iqtisadi rayonları üzrə tərtib olunmuşdu. Qarşıya
qoyulan əsas vəzifələrdən biri də ondan ibarətdir
ki, şəhərlə kənd arasındakı fərq tədricən
aradan qaldırılsın. Bir sözlə, Dövlət
Proqramının qəbul edilməsi ilə regionların
dinamik inkişafına təkan verildi. Dağ rayonu Lerikin
sosial-iqtisadi durumunda anbaan tərəqqi və irəliləyiş
müşahidə olundu.
İlk növbədə
Lənkəran-Lerik yolu asfaltlaşdırıldı. Rayona təbii
qazın çəkilişi regionda sevinclə
qarşılandı. Qısa müddətdə kəndlərdə
çoxlu məktəb binaları inşa edildi. Lerikə
şəhər statusu verildi və burada köklü dəyişikliklər
aparmaqla abadlıq-quruculuq işlərinə
başlanıldı.
Ötən ilin bahar bayramı
günlərinin birini
yaşayırdıq. Kənd həyatı
üçün yeni uğurlu bir hadisənin başa çatması ərəfəsindəydik.
Kənddə su çatışmazlığını
qabardaraq problemin həll edilməsində
rayon rəhbərliyinin yardımçı
olmasını xahiş
etdik. Bir həftədən sonra kəndə sintetik borular göndərildi. Kənd bələdiyyəsinin
sədri ilə birlikdə işə başladıq. Ziyalılar və
kəndin cavanları bizə dəstək oldular.
Yayın qızmar
günlərində altı kilometrlik kanal çəkdik. Ancaq
səylərimiz puça çıxdı.
"Yeddiçeşmə"dən gətirilən suyun təzyiqi
sintetik boruları vurub dağıtdı. Bu dəfə də
icra başçısı köməyimizə çatdı.
Dəmir boruların gətirilməsini sifariş etdi. Axı kəndimizin
əhalisi kasıb, imkanlısı isə demək olar ki,
yoxdur. Nəhayət suyun hövzəsində anbar tikdik. Səhərdən
axşamadək, bəzən qaranlıq düşənədək
işlədik. Ancaq tərəddüdümüz var idi:
görəsən, su kəndin mərkəzinə
çıxacaqmı? Yaxşı ki, su kəndə
çatdı.
Atalar yaxşı deyib:
"Cəfa çəkməsən, səfa görməzsən".
Müdrik bir kəlamdır. Bu, regionların inkişaf etdirilməsi
fonunda ölkə prezidentinin və rayonun icra
başçısının Züvüç kəndinin
camaatına əvəzolunmaz hədiyyəsi idi. İndi kənd
sakinlərinin gözlərindən bir arzu da oxunmaqdadır:
Lerik və Yardımlını ərazi ilə birləşdirən
qısa məsafəli yolların abadlaşdırılması
və yaşayış məntəqələrinin mavi
yanacaqla təmin edilməsi. Bu məsələlər də
ölkə Prezidentinin rəhbərliyi ilə
hazırlanmış "Azərbaycan Respublikası
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2008-2012-ci illər)"nda öz əksini
tapıb. Heç şübhə yoxdur ki, yaxın illər ərzində
dağ kəndinin adamları bu istəyə də
çatacaqlar.
Rəzzaq Sucayev,
Lerik rayon İcra Hakimiyyəti
başçısının
Züvüç kənd inzibati ərazisi üzrə
nümayəndəsi
Üç nöqtə.- 2009.- 16 may.- S. 17.