İqtisadi böhran reklam bazarına ciddi təsir edib

 

İSTEHSAL VƏ SATIŞ HƏCMİ AŞAĞI DÜŞDÜYÜNDƏN, ŞİRKƏTLƏR REKLAM XƏRCLƏRİNİ AZALTMAĞA MƏCBUR OLUB

 

QLOBAL iqtisadi böhran digər sahələr kimi Azərbaycanın reklam bazarına da təsir edib. İstehsal satış həcmi aşağı düşdüyündən, bir sıra şirkətlər reklam xərclərini azaltmağa məcbur olub. Təxmini hesablamalara görə, hazırda ölkənin reklam bazarının həcmi 500 milyon dollardan 100-200 milyon dollar səviyyəsinə düşüb. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı isə 150-dən 100-dək azalıb. Ekspertlər qeyd edirlər ki, böhran davam etdiyindən şirkətlər daha çox ucuz reklam növlərindən istifadə etməyə çalışırlar.

 

"REKLAM MƏSƏLƏLƏRİ QANUNVERİCİLİKLƏ DÜZGÜN TƏNZİMLƏNMİR"

 

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev reklam bazarının indiki vəziyyətini təkcə böhran amilləri ilə əlaqələndirməyi düzgün hesab etmədi: "Bazar iqtisadiyyatının şərtlərindən biri məhsullar barədə məlumatların istehsalçıdan istehlakçıya daha dolğun ötürülmə mexanizmidir. Bu funksiyanı reallaşdıran əsas amil isə reklamdır. Azərbaycanın reklam bazarı təəssüf ki, yarandığı vaxtdan bəri bu prinsipləri gözləmir". O, əsas maneələrdən birini bu məsələnin qanunvericiliklə düzgün tənzim olunmaması ilə izah etdi: "Azərbaycanda reklam bazarını tənzimləyən "Reklam haqqında" Qanun 1997-ci ildə qəbul edilib. Bu müddətdə o özünün təsir gücünü itirib. Bazar sürətlə inkişaf edir, amma onu tənzimləyən qanun gecikir. Bu yaxınlarda "Rəqabət haqqında" Qanunun qəbulu gözlənilir. O geciksə , qanunda reklama aidiyyəti olan bir çox məsələlər var. Lakin onlar yetərli ola bilməz. Ona görə bu qanuna paralel olaraq, "Reklam haqqında" Qanun yeni şəkildə qəbul edilməlidir ki, bir-birini tamamlasınlar bazarda bir qanunauyğunluq yaransın". Reklam sahəsində beynəlxalq təcrübənin tərəfdarı olan müsahibimiz hesab edir ki, reklam sahəsində İspaniya modeli daha çox faydalıdır. "Çünki İspaniya modelində 5 cild qanun var. Artıq Rusiyada bu istiqamətdə işlər gedir. Bu baxımdan Azərbaycanda da "Reklam Məcəlləsi"nin qəbul olunması çox vacibdir. Bundan başqa, bu sahəni idarə etmək üçün Reklam Şurası yaradılmalıdır. Biz Ümumdünya Ticarət Təşkilatının üzvlüyünə qəbul olacağıqsa, qanunda bu şərtin olması çox vacibdir. Çünki təşkilata üzv olmaqla dünya bazarına çıxırıq. Reklamlarımız da bu bazara uyğun olmalıdır", - deyə ittifaq rəhbəri vurğuladı.

 

BU BAZAR BƏLƏDİYYƏLƏRƏ VERİLMƏLİDİR

 

Sosial Araşdırmalar Mərkəzinin sədr müavini Rövşən Ağayev isə reklam bazarına şəhər meriyasının nəzarətinə qarşıdır: "Hazırda reklam bazarı Bakı şəhər İcra Hakimiyyətinin monopoliyasındadır. Bu bazardakı qarışıqlıq, əldə olunan vəsaitin köçürülməsi ilə bağlı neqativ məlumatlar əlaqədar qurumların diqqətini çəkib. Hətta Azərbaycan dilini bərbad hala qoyan reklam çarxları verildiyi üçün meriyaya dəfələrlə irad da tutulub. Meriyanın tabeliyindəki şöbənin ləğv edilməsi reklam bazarındakı nöqsanların aradan qaldırılması ilə yanaşı onun inkişaf etdirilməsinə səbəb ola bilər. Təcrübə göstərir ki, meriya bu məsələdə yalnız müəyyən maraqlar güdür". Ekspert qeyd etdi ki, əksər ölkələrdə şəhərlərin reklam bazarına bələdiyyələr nəzarət edir: "Şəhər mühiti ilə bağlı reklamların tənzimlənməsi üçün qanunda bəzi dəyişikliklər olmalıdır. 2000-ci ildə qəbul olunan "Bələdiyyələr haqqında" qanuna müvafiq olaraq reklam işinə nəzarət onlara verilməlidir. Çünki bələdiyyələr rəqabət nəticəsində öz aralarında daha geniş aparacaqlar. Onların bazarın inkişaf etdirilməsində marağı olacaq. İcra strukturları isə dövlətdən konkret məvacib aldıqlarına görə reklamın inkişafında o qədər maraqlı görülmürlər". Mütəxəssisin fikrincə, bazarlar inhisarda olduğuna görə reklam verən yoxdur. Bu səbəbdən ilk növbədə bazar bu inhisardan təmizlənməlidir. O bildirdi ki, hazırda ən çox reklam gəlirləri televiziyadadır: "İkinci yerdə küçə, daha sonra isə nəqliyyat reklamları durur. Dördüncü yerdə isə qəzet reklamıdır. Qəzet reklamı ümumi reklam bazarının heç 1-2 faizini təşkil etmir. Əgər qəzet reklam verirsə, rəngli çıxmalıdır. Hazırda onların maddi vəziyyətləri ağır olduğundan rəngli çıxa bilmirlər".

 

REKLAM GƏLİRLƏRİ DÖVLƏT BÜDCƏSİNDƏN GİZLƏDİLİR

 

İqtisadçı mütəxəssis Vüqar Bayramovun qənaətincə, reklamdan gələn gəlirlər gizlədilir: "Məsələn, əhalinin sayına görə Azərbaycandan bir neçə dəfə kiçik olan MDB respublikalarında reklam bazarının dövriyyəsi yarım milyard dollardan az deyil dövlət büdcəsi formalaşanda ondan əldə olunan gəlir göstərilir. Azərbaycanda isə reklamdan gələn gəlir heç bir yerdə göstərilmir. Bu gün Azərbaycan reklam bazarında orta hesabla 100-200 milyon dollarlıq reklam büdcəsi ola bilər. Amma dəqiq statistikaya bu, 20 milyon dollardan çox göstərilmir". Müsahibimiz dedi ki, ölkənin reklam bazarında həm qiymətlər ucuzdur, həm alıcı azdır: "Rusiyada 147 milyon əhali var. Televiziyada reklamın bir dəqiqəsi 60 min dollardır. Proqramın reytinqindən asılı olaraq, bu rəqəm bir az aşağı da ola bilər. Bizdə isə bu göstərici dəfələrlə ucuzdur. Reklamın bir kvadratmetri 5-6 dollara çap olunur. Bu gün ölkəyə xaricdən hazır reklamlar gəlir dublyaja verilir. Ona görə biz çalışmalıyıq ki, reklamlar dublyaj olunmasın. Ölkəmizdə çəkilsin. Onlar bazara giribsə, mütləq pul xərcləməlidirlər". Reklam bazarını araşdıran mütəxəssis Səyalı Səfərova isə reklam mətnlərinin dilindəki qusurlara toxundu. Onun fikrincə, Reklam Şurası olsa, belə neqativ hallar aradan qaldırılar: "Bu gün reklam bazarının dil siyasəti yoxdur. Küçə reklamları şəhərin dilidir. Amma bərbad vəziyyətdədir. Bizdə bu sahədə problemlər çoxdur. Ona görə müvafiq struktur yaradılandan sonra müasir metodlar əsasında kadrlar yetişdirilməlidir. Azərbaycanda reklam sahəsində təsadüfi insanlar çalışır". O qeyd etdi ki, yerli şirkətlər xaricdə istehsal olunan malların reklamını ala bilmir: "Ancaq hansısa xarici şirkət həmin reklamları bizim bazarda asanlıqla yerləşdirir. Bu da reklam bazarının gəlirlərinin istənilən səviyyədə formalaşmasının qarşısını alır". Məsələyə münasibət bildirən parlamentin sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirdi ki, maddi mədəni nümunələr reklam predmeti kimi istifadə olunmamalıdır. Komitə sədrinin sözlərinə görə, əslində son zamanlar bu cür reklamlardan əsasən restoran kafelərdə istifadə olunur. Təbii ki, bu yolverilməzdi".

  

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 19 may.- S. 8.