Əmək pensiyası alanların sayı 1.283 750 nəfərə çatıb

 

ONLARIN 508 882 NƏFƏRİ KİŞİ, 774 868 NƏFƏRİ QADINDIR

 

ƏMƏK pensiyası alanların sayı artıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu ilin əvvəlindən respublikamızda pensiyaçıların sayı 8612 nəfər artaraq 1.283 750 nəfərə çatıb. Onların 508 882 nəfəri kişi, 774 868 nəfəri qadındır. Qadınlardan 377 834 nəfəri çoxuşaqlı anadır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9451 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 128 093-ü işləyən pensiyaçılardır. Hazırda yaşa görə pensiya alanların sayı 840 885 nəfərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 305 031 nəfər təşkil edir. Onlardan 22 286 nəfəri 1-ci qrup, o cümlədən 7613 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4 605 nəfərdən ibarətdir. Bundan başqa, 36 526 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 834 nəfər təşkil edir. Onlardan 22-si Milli qəhrəmanların ailə üzvləridir. Qeyd edək ki, hazırda respublikamızda əmək pensiyasının 3 növü vardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 62 yaşına çatmış kişilərin 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda təyin edilir.

 

 

Xalid 

 

Üç nöqtə.- 2009.- 19 may.- S. 8.