Türkiyə Azərbaycandan aldığı qazın həcmini artırmaq istəyir

 

SABİT BAĞIROV: "BU ÖLKƏYƏ 8 MİLYARD KUBMETR QAZIN SATILMASI DANIŞIQLARIN ƏSAS PREDMETİDİR"

 

 BU həftə Türkiyəyə satılan qazın qiyməti ilə bağlı hər iki ölkənin müvafiq nazirlikləri arasında görüş keçiriləcək. Danışıqlar zamanı təkcə qiymət deyil, Türkiyəyə bu il satılması nəzərdə tutulan qazın həcminin artırılması məsələsi müzakirə ediləcək. Bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Sabit Bağırov deyib ki, ötən il Türkiyə Azərbaycandan 4 milyard kubmetrdən çox qaz alıb: "İndi bu rəqəmin 8 milyard kubmetrədək artırılması danışıqların əsas predmetidir. Hazırda qardaş ölkə Azərbaycandan başqa, Rusiya Əlcəzairdən qaz alır. Ən ucuz qaz isə Azərbaycan qazıdır. İxrac potensialı imkan versəydi Türkiyə bütün tələbatını bu mənbə hesabına qarşılayardı". S.Bağırov Türkiyənin yalnız Azərbaycandan deyil, eləcə , Rusiyadan aldığı qazın həcminin artırılmasında maraqlı olduğunu söyləyib: "Ötən həftə hər iki ölkənin baş nazirlərinin görüşündə bu məsələ ətraflı müzakirə olunub müəyyən razılıq da əldə edilib. Tərəflər 2011-ci ildə müddəti başa çatan ildə 6 milyard kubmetr qaz nəqlini nəzərdə tutan layihənin müddətinin uzadılmasında razılığa gəlməlidirlər. Artıq bu məsələdə irəliləyiş var. Söhbət Rusiya ilə Türkiyəni birləşdirən Qara dənizin altından keçən "Mavi axın-1" qaz kəməri anlaşmasından gedir. Bundan başqa, "Mavi axın-2" kəmərinin tikintisi imkanları ilə bağlı anlaşma əldə edilib. "Mavi axın-2" layihəsi Qara dənizin dibi ilə Türkiyəyə yeni kəmərin tikintisini, oradan isə İsrailə qədər uzadılmasını nəzərdə tutur. S.Bağırov, Türkiyə hökumətinin "Mavi axın-2" layihəsinin İsrailə qədər davam etməklə həyata keçirilməsini dəstəklədiyini bildirib: "Amma Türkiyə kəmərin uzadılmasından əvvəl türk istehlakçılarının mavi yanacağa olan tələbatını nəzərə almağı xahiş edib. 2015-ci ildən sonra Türkiyə Rusiyadan yeni həcmdə təbii qazı "Mavi axın-2" layihəsi hesabına almaq istəyir". Qazın həcminin artırılmasına gəldikdə isə iqtisadçı ekspert qeyd etdi ki, Rusiyanın Türkiyəyə satdığı qazın illik həcmi 23 milyard kubmetrdən çoxdur. Bu il qaz nəqlinin daha 2 milyard kubmetr artırılması nəzərdə tutulur.

  

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 19 may.- S. 10.