Muzeylərə gedən varmı?

 

LUVR MUZEYİNİN EKSPONATLARI ARASINDA AZƏRBAYCANIN ƏN DƏYƏRLİ XALÇALARI DA VAR

 

MUZEYLƏR hər bir xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan mədəniyyət ocaqlarıdır. Dünyada incəsənət, mədəniyyət, tarixi, elmi, bədii əsərlərin, eksponatların, sənətkarlıq nümunələrinin saxlanıldığı bir sıra məşhur müzeylər var ki, onları hər il milyonlarla adam ziyarət edir. İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı, Fransanın Luvr muzeyləri bu sıraya aiddir. Azərbaycandakı muzeylər dünyanın məşhur muzeyləri ilə bir sırada dayanmasa da, hər halda eksponat sarıdan onlardan heç də geri qalmır. Muzeylərimizin bir çox problemləri var, amma ən əsası bu mədəniyyət ocaqlarına ziyarətçilərin az gəlməsidir.

 

İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİMİZDƏ 22 MUZEY DAĞIDILIB

 

Son illər muzeylərin problemlərinin həlli istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılsa da, onların tam aradan qaldırılması üçün hələ çox işlər görülmələdir. Ölkəmizdə muzey işi əsasən "Muzeylər haqqında" qanun və "Azərbaycan Respublikasının dövlət muzeylərində saxlanan muzey əşyalarının uçotu və saxlanması üzrə Təlimatlar"la tənzimlənir. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorundan qəzetimizə verilən məlumata görə, hazırda Azərbaycanda 190-dan çox muzey fəaliyyət göstərir. Onlardan 78-i tarix və tarix-diyarşünaslıq muzeyi, 89-u elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyi, 21-i incəsənət və ədəbiyyat muzeyi, 5-i hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləridir. Azərbaycanda olan ev muzeylərinin 46-sı isə Heydər Əliyev Muzeyidir. Muzeylərdən 20-si Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir. İşğal altında olan torpaqlarımızda 22 muzey dağıdılıb. Onların ümumilikdə 100 min eksponatı olub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işğal zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı daşınıb Bakıya gətirilsə də, əksəriyyəti dağıdılıb, bütün eksponatlar talan edilib. İşğal zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər tamamilə dağıdılıb. İşğal olunmuş ərazilərdəki muzeylərlə bağlı Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESKO Ermənistana müraciət göndərib. Amma qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib. Onu da qeyd edək ki, dünyanın ayrı-ayrı muzeylərində Azərbaycana məxsus bir sıra sənətkarlıq nümunələri saxlanılır. Məsələn, Fransadakı Luvr muzeyinin eksponatları arasında Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları var.

 

MUZEYLƏRİN İNTERNET SAYTLARI YOXDUR

 

Azərbaycan muzeylərinin problemlərindən danışarkən bu mədəniyyət ocaqlarında kompüter məlumat bazasının olmamasını da qeyd etmək lazımdır. Hələlik aparıcı paytaxt muzeyləri indi onun yaradılması işinə başlayırlar. Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri muzeylərimizdə indiyədək kompüter məlumat bazasının yaradılmamasını onlara lazımi qədər maliyyə vəsaitinin ayrılmaması ilə izah edirlər. Ölkəmizdə yalnız bir neçə aparıcı muzey internetə qoşulub və onların öz veb-səhifələri var. Bu sırada Musiqi Mədəniyyəti Dövlət Muzeyi, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adını çəkmək olar. Müxtəlif vaxtlarda muzeylərdə araşdırma aparmış sənətşünas Toğrul Məmmədovun sözlərinə görə, sözügedən sənət məbədləri texniki cəhətdən də kifayət qədər təchiz edilməyib. Əksər muzeylərimizdə temperatur - nəmlik rejiminə riayət edilməsi, sərinləşdirici sistemin yaradılması, xüsusi işıqlandırma imkanı normal səviyyədə deyil ki, bu da eksponatları məhvolma təhlükəsilə üzləşdirib. Muzeylərdən bəzilərinin mühafizə və yanğın əleyhinə siqnalizasiyası da zəif təşkil olunub. Müzahibimiz dedi ki, muzeylər nəqliyyat vasitələri sarıdan da korluq çəkir, müasir qablaşdırma materiallarına malik deyil. Muzey işçilərini əməkhaqqının da aşağı olması problemlər sırasına daxildir. Paytaxtdan fərqli olaraq bölgələrimizdəki muzeylərdə eksponatların saxlanma şəraitinin daha pis olması barədə də məlumatlar var.

 

MUZEY OĞURLUQLARI

 

Muzeylər daim oğruların hədəfindəki sənət məbədləri olub. Müxtəlif vaxtlarda hətta yaxşı mühafizə texnologiyasına malik muzeylərdən belə, oğurluqlar baş verib. Məsələn, dünyanın ən məşhur muzeyi Luvrda bir neçə dəfə oğurluq olub. Onlardan ən səs-küylüsü 1911-ci ildə bir italiyalı rəngsaz tərəfindən həyata keçirilib. O, Leonardo da Vinçinin "Cokonda" əsərini oğurlayıb. Hadisənin təhqiqatından məlum olub ki, həmin rəngsaz öz həmyerlisinin (Leonardo da Vinçi də italiyalı olub) çox məşhur olan bu tablosunun başqa bir ölkənin sərvətinə çevrilməsi ilə heç cür barışmırmış. Sonradan "Cokonda" geri alınaraq muzeyə təhvil verilib. İndi "Cokonda"nı göz bəbəyi kimi qoruyurlar. Luvrda sonuncu oğurluq hadisəsi 1998-ci ildə baş verib. Hazırda muzeyin eksponatları yüksək səviyyədə qorunduğundan növbəti oğurluğun baş verməsi mümkün deyil. Azərbaycandakı muzeylərdə də dəfələrlə oğurluqlar olub. 17 il əvvəl İncəsənət Muzeyindən oğurlanan 300-ə yaxın eksponatın əksəriyyətinin axtarışı hələ də davam etdirilir. Vaxtilə Tarix Muzeyindən də 50-dən çox qiymətli xalça oğurlanıb. XVIII-XIX əsrə aid həmin xalça eksponatlarının da heç biri tapılmayıb. Musiqi Mədəniyyəti Muzeyindən yoxa çıxan qiymətli eksponat-"Saz əsa"nın özü və oğruları da bu günədək tapılmayıb. Bəzi məlumatlara görə, muzeylərdə baş vermiş oğurluqlar, qiymətli eksponatların yoxa çıxması bu işdə marağı olan vəzifəli şəxslərin əli ilə həyata keçirilib. Əsl oğruların və oğurlanan əşyaların tapılmaması da bununla əlaqələndirilir. MUZEYƏ

 

GƏLMƏK MƏDƏNİYYƏTİ TAM FORMALAŞMAYIB

 

Azərbaycandakı muzeyləri ziyarət edənlərlə bağlı rəsmi statistika göstərir ki, keçmiş sovetlər dönəmi ilə müqayisədə indi bu mədəniyyət ocaqlarına gələnlərin sayı çox azdır. Baxmayaraq ki, ölkəmizdə muzeylərə giriş qiymətləri aşağıdır-yerli vətəndaşlar üçün 1 manat, əcnəbilər üçün isə 2 manat. Rayonlardakı muzeylərə giriş qiymətləri isə bundan da ucuzdur. İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilovun sözlərinə görə, Azərbaycanda muzeyə gediş mədəniyyəti hələ lazımi qədər formalaşmayıb: "Əksər Avropa ölkələrində uşaq gözünü açandan muzeylərə gedir. Bu da bir ənənə kimi həmin cəmiyyətlərdə ailələrdən başlayaraq mədəniyyətə, incəsənətə bir sevgi formalaşdırır. Bizdə isə bu ənənə hələ formalaşmayıb. Çox nadir hallarda hansısa valideyn öz övladının əlindən tutub muzeylərdəki eksponatlara tamaşa etməyə aparır. Hətta üzdə olan hansısa tanınmış tarixçi, yazıçı, alimi belə, öz övladıyla, nəvəsiylə muzeyə gələn, onlara eksponatları göstərən görmürəm. Təəssüf ki, bizdə yerli vətəndaşlar muzeylərimizdə eksponatları ancaq tədbirdən tədbirə, harasa dəvət alanda görür". Ayrı-ayrı muzeylərlə əlaqə saxlayaraq onların əsas ziyarətçilərinin kimliyilə maraqlandıq. Məlum oldu ki, çox az sayda tamaşaçıları olan muzeylərimizi əsasən məktəblilər, tələbələr və turistlər ziyarət edir. Bəzi muzeylərimizdə müharibə veteranları, əlillər, müharibə iştirakçıları, şəhid ailələri, ibtidai sinif şagirdləri üçün güzəştli girişin tətbiq edilməsi də tamaşaçıların sayının ciddi şəkildə artmasına səbəb olmayıb. Luvr dünyanın ən çox ziyarət olunan muzeyidir. Hər il bu sənət məbədində saxlanılan eksponatlara 8,5 milyon tamaşaçı baxır. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində Azərbaycandakı muzeyləri ziyarət edənlərin sayı təxminən 200 min nəfər olur. İndi muzeylərimiz ziyarətçi problemini müxtəlif yollarla, əsasən də təhsil müəssisələrilə müqavilələrin bağlanmasıyla həyata keçirməyə çalışırlar. Bu işdə onlara müxtəlif QHT-lər də kömək edir. Məsələn, Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyi orta məktəblərlə muzeylər arasında əlaqə qurulması istiqamətində bəzi addımlar atıb. Qurumun "Məktəblərdən muzeylərə" adlı layihəsinin həyata keçirilməsində məqsəd uşaqlara muzeylərimizi, maddi və mədəni sərvətlərimizi tanıtmaqdan ibarətdir.

 

MUZEYLƏRİN FƏALİYYƏTİ YAXŞILAŞACAQ

 

Qeyd edək ki, ölkəmizdə 2008-2012-ci illəri əhatə edən "Muzey İşinin İnkişafına dair Dövlət Proqramı" qəbul edilib. Bundan başqa ölkə başçısının muzeylərin yenidənqurulması ilə bağlı müxtəlif fərman və sərəncamları var. Adıçəkilən Dövlət Proqramına uyğun olaraq Tarix Muzeyində, Nizami adına Ədəbiyyat Muzeyində təmir-bərpa işləri artıq başa çatdırılıb. Bu muzeylər Avropa Standartlarına tam cavab verir. İncəsənət Muzeyində isə işlər davam etdirilir, Xalça Muzeyinin tikintisi aparılır. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova bildirib ki, təkcə paytaxtdakı deyil, bölgə muzeylərinin təmiri, bərpası üzrə də ölkə başçısının bir neçə fərmanı var və 2010-cu ilə qədər muzey sektorunda diqqət çəkən işlər görüləcək. Muzeylərin rəhbərləri də əmindilər ki, təmir-bərpa və yenidənqurma işlərindən sonra sənət ocaqlarında hər şey dəyişəcək. Muzeylərin internet səhifəsi də olacaq, onlar beynəlxalq şəbəkəyə də qoşulacaqlar. Üstəlik, bütün eksponatların virtual kataloqu hazırlanacaq. Tamaşaçıların sayının çoxalmasına gəlincə, bunun üçün xeyli zaman gərəkdir...

 

 

Əfqan

 

Üç nöqtə.- 2009.- 23 may.- S. 11.