"Rayon maliyyə
şöbələri ləğv
edilsin"
NAZİM MƏMMƏDOV: "BU
QURUMLAR REGİONAL MALİYYƏ DEPARTAMENTLƏRİNƏ
ÇEVRİLMƏLİDİR"
MALİYYƏ
Nazirliyi tərəfindən
illik iş planına uyğun olaraq büdcədən maliyyələşən bir
sıra idarə və təşkilatlarda yoxlamalar aparılıb və neqativ faktlar aşkarlanıb. Nazirliyin mətbuat xidmətinə istinadən
yayılan məlumatda
qeyd edilib ki, onların arasında rayonların maliyyə şöbələri
də var. Bəzi iqtisadçı millət
vəkilləri büdcə
vəsaitlərinin təyinatı
üzrə xərclənməməsində
ayrı-ayrı şəhər və rayon maliyyə şöbələrinin məsuliyyət
daşıdığını və onların ləğv edilməsini məqsədəuyğun hesab
edirlər. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Nazim Məmmədovla bu və digər məsələlərə aydınlıq
gətirməyə çalışdıq.
- Nazim müəllim, zonalar üzrə maliyyə departamentlərinin yaradılması
təklif olunur. Bunu necə əsaslandıra bilərsiniz?
- Azərbaycanın maliyyə
sistemi inkişaf etmiş ölkələrin
maliyyə sistemlərinə
uyğunlaşdırılmalıdır. Sovet şinelindən çıxmış ölkə
olaraq, təəssüf
ki, hələ də rayonlarda maliyyə şöbələrinin
fəaliyyət göstərməsini
müşahidə edirik.
Bütün regionlardan
seçilmiş millət
vəkilləri həmişə
bu problemi Milli Məclisin komitə və plenar iclaslarında qaldırır və büdcə vəsaitlərinin
xərclənməsi ilə
bağlı ciddi iradlar səsləndirirlər.
Bəzi hallarda yerli icra hakimiyyəti
orqanlarının göstərişi
ilə büdcə vəsaitləri korrupsiya elementinə də çevrilə bilir. Bu istiqamətdə səslənən fikirlərin
əksəriyyətinə böyük
haqq qazandırmaq olur. Ancaq bu,
heç də hər yerdə belə deyil. Şəffaflığı artırmaq
üçün hesab
edirəm ki, Azərbaycan üzrə 11
iqtisadi region olmaqla ayrı-ayrı maliyyə departamentləri yaradılmalıdır.
Onları yerli icra hakimiyyəti orqanlarının tabeçiliyindən
çıxarmaq lazımdır.
Artıq Vergilər Nazirliyində bu islahat aparılıb və regionlar üzrə vergi departamentləri yaradılıb.
- Bəzi dövlət
qurumları 2008-ci il dövlət büdcəsində onlara
ayrılmış vəsaitləri tam xərcləyə bilməyib.
Bu məsələyə münasibətiniz necədir?
- Belə hallar var. Neft
ölkəsi olaraq ixracımız və ona uyğun da gəlirlərimiz
çox olub. Belə olan halda yaranmış imkandan sui-istifadələrə
yol verirlər. Bəzi nazirlik və komitələrin
sifarişləri çox şişirdilmiş rəqəmlərlə
müşahidə edilir. İlin müəyyən aylarında
məlum olur ki, onu həyata keçirə bilmirlər. Yerlərdə
apardığımız müşahidələr zamanı
ciddi faktlar aşkar etmişik. Məsələn,
ayrı-ayrı rayonlardan sifarişlər verilib, pulu tez istəyiblər,
ancaq ayrılan pul dolayı yolla başqa işlərdə sərf
edilib. Sonda həmin dövlət sifarişi zamanı
şişirdilmiş rəqəmlərdən həm dövlət,
həm də həmin təşkilatda çalışanlar əziyyət
çəkir. Bu da ciddi problemlərin əsasını qoyur.
Bu, təkcə iri infrastruktur layihələrlə
bağlı deyil, həmçinin mikro layihələrdə də
rast gəlinən məsələdir. Bəzən bu və ya
digər idarənin keçirdiyi tenderdə eyni şirkətin
qalib gəlməsi müəyyən suallar doğurur. Axı
burda da şəffaflıq lazımdır. İqtisadi cəhətdən
nə qədər güclənsək də, pulumuz çox
olsa da, xərclənən vəsaitlər ünvanına
çatmırsa, deməli qarşıya qoyulan hədəflərimizə
də çatmamışıq. İlk növbədə
dövlət maraqları üstün tutulmalı, şəxsi
maraqlar isə arxa plana keçməlidir.
- Bəs, iri vergi ödəyiciləri
ilə bağlı problemin həllini konkret olaraq nədə
görürsünüz?
- İqtisadi
islahatları bu sahədə də aparmalıyıq. Əfsuslar
olsun ki, bu istiqamətdə hər il qaldırılan məsələlər
çox ləng həllini tapır. Fikrimcə, iri vergi ödəyicilərinin
üzərində sosial obyektlərin saxlanılması, sosial
layihələrin yerinə yetirilməsi kimi öhdəliklərin
olması birbaşa onların xidmət etdikləri sahədə
beynəlxalq mühasibatlıq sisteminin tətbiqinə
maneçilik törədir. Hesablama Palatasının məlum
rəyində bildirilib ki, sosial yükü həmin vergi ödəyicilərindən
alıb yerli icra və özünüidarəetmə
orqanlarına (bələdiyyələrə) vermək
lazımdır. Bununla da biz onların həm rentabelliyini
artıra, həm də maliyyə məsələlərində
hesabatlılıq, şəffaflığa nail ola bilərik. Borc
da yaranmaz. Bəzi iri müəssisələr müxtəlif
sosial layihələrlə baş qarışdırıb, vaxt
qazanırlar. Onlar vergi ödəmələrindəki
yubanmaları sosial öhdəlikləri və onun yerinə
yetirilməsi ilə əlaqələndirirlər. Söhbət
uşaq bağçaları, məktəblərin
saxlanılması və ya təmir, tikinti-abadlıq işlərinə
vəsait xərclənməsindən gedir. "Daxili audit
haqqında" qanunun tələblərinə uyğun olaraq
müəssisələr auditdən keçir. Lakin elə məsələlər
var ki, onu
audit ortaya çıxara
bilmir. Mən onun tərəfdarıyam
ki, belə auditlər idarə edən vəzifəli şəxsin nəzarətindən
çıxmalıdır. Maliyyə şəffaflığı təmin
olunmalıdır. Vergi ödəmələri
vaxtında ödənməlidir.
Bu şəraitdə hökumətə də işləmək rahat olacaq. Hökumət strukturları normal proqnozlar verəcək.
Gəlirlərə uyğun da xərclər müəyyənləşdiriləcək.
Biz hər bir
müəssisəyə dövlət
və ya özəl, iri və ya xırda
miqyaslı olmasından
asılı olmayaraq sadəcə adi vergi ödəyicisi kimi baxmalıyıq.
- Hər il
parlamentdə hesabat verilərkən iri vergi ödəyicilərinin
vergi ödəmələrində problemlər təkrarlanır.
Konkret ad
isə çəkilmir.
Niyə?
- Çox təəssüf edirəm
ki, bəziləri. Bu, obyektiv situasiyadan,
daha doğrusu, sosializm təsərrüfatından
yaranmış problemlərdir.
Əslində toxunulan məsələnin
kökündə duran
institusional problemlərin
olmasıdır. Bunlar isə
sosializmin qalığıdır.
Onu biz islahat yolu ilə
həll etməliyik.
Ad çəkməkdən heç də çəkinmək lazım
deyil. Burada əsas məsələ
o deyil ki, müəssisənin rəhbəri
bunu məqsədyönlü
edir. Burada həm obyektiv,
həm də subyektiv amillər var. Bir məsələni də qeyd edim
ki, hazırda deputatın Hesablama Palatasına hansısa büdcə təşkilatında
yoxlama aparmaq üçün təkbaşına
sifariş vermək səlahiyyəti yoxdur.
Ona görə də "Hesablama Palatası haqqında" qanuna dəyişiklik olunmalı,
hər bir deputatın orada hüququ tanınmalıdır.
Əfsun
Üç nöqtə.- 2009.- 26 may.- S. 10.