"Əhalinin keyfiyyətli ərzaqla təminatı diqqət mərkəzindədir"

 

RƏHİM HÜSEYNOV: "QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI STABİL ŞƏRAİTİN EFFEKTİVLİYİNDƏN XƏBƏR VERİR"

 

DÜNƏN Heydər Əliyev adına İdman konsert kompleksində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi öz işinə başladı. Açılış mərasimində Azərbaycan İxracın İnvestisiyaların Təşviqi Fondunun icraçı direktoru Rəhim Hüseynov bildirdi ki, ənənəyə çevrilən bu sərgi ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən mühüm əhəmiyyətli tədbirlərdən biridir: "Əhalinin keyfiyyətli tibb normalarına cavab verən ərzaq məhsulları ilə müntəzəm şəkildə təmin edilməsi məsələsi ölkə hökumətinin xüsusi diqqət yetirdiyi məsələlərdən biridir". R.Hüseynov dedi ki, son zamanlar qida sənayesində fəaliyyət göstərən yerli xarici şirkətlərin sayı sürətlə artmaqdadır. Bu artım ölkədə qeyri-neft sektorunun inkişafına, yerli sahibkarlığı dəstəkləməyə yönələn tədbirlərin, xarici investisiyalar üçün stabil münbit şəraitin effektivliyindən xəbər verir. Tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç dedi ki, qida məhsulları iki dost qardaş ölkə arasındakı xarici ticarətin əhəmiyyətli bir hissəsini təşkil edir: "Ötən il Azərbaycan Türkiyədən 123 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu idxal edib. Bu gün Azərbaycanın hər bir guşəsində Türkiyədə istehsal edilmiş qida məhsullarının satıldığını müşahidə etmək olar. Ölkələrimiz arasında əkinçiliyin bütün sahələri üzrə əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı səfərlər edilir, fikir mübadilələri aparılır". Tədbirin əsas təşkilatçısı olan "İteka Kaspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirdi ki, budəfəki sərgiyə 19 ölkədən 90 şirkət qatılıb. Sərgi pavilyonunun 60 faizini yerli, qalan 40 faizini isə xarici şirkətlərin stendləri təşkil edib. Ötən ilə nisbətən 20 faiz artım var.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 26 may.- S. 8.