MAHNI ÜRƏKLƏRDƏ QALIR

 

Yazıçı-dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 95 illiyinə

 

İlyas Əfəndiyev - nasir, dramaturq və nəhayət, şəxsiyyət! Onu düşünəndə ilk öncə hər qələm sahibində olmayan xarakter bütövlüyü yada düşür. Sənətə münasibətdə güzətsiz, bir qədər də sərt kişi! Amma istənilən əsərində oxucunu, tamaşaçını mərhəmətə, sevgiyə, fədakarlığa səsləyən yazıçı-dramaturq!

İlyas müəllimin yaradıcılığında diqqəti çəkən digər cəhət yaddaqalan xarakterlər yaratmışdır. Onun obrazları təbii, real, konkret daxili aləmə malik ümumiləşdirilmiş və tipikləşdirilmiş insan surətləridir. Onun qəhrəmanları bir rejissor kimi məni ilk öncə öz fədakarlıqları ilə cəlb edir. Öz səadətini Səadətə qurban verən Nuriyyə, özünü qardaşı Böyük bəyə fəda edən Şahnaz və xalqına fəda edən Natəvan, Şeyx Xiyabani, məhv olmuş ömür gündəlikləri ilə baş-başa qalan Fəridə, alicənab Həsənzadə, oğurluq xoşbəxtliyi götürmək istəməyən Səlimə, dağ kimi səbirli, dözümlü İldırım Atayev, milli mənafe naminə fərdi arzularından əl çəkən Kamrang Axı biz insanı hisslərin az qala robotlaşdığı texnogen eranın insanlarıyıq. Və ədəbiyyatın bu urbanistik özgələşmə sindromuna qarşı durması, insanı özünə, öz qəlbi və ruhuna səsləməsi getdikcə daha da çətinləşir. Amma insanı özünə səsləmək ədəbiyyatın missiyasıdır və İlyas müələlim də öz yazıçı missiyasını dərindən dərk edə qələm adamlarından biri idi.

İ.Əfəndiyev Azərbaycan nəsrində özünəməxsus yenilikləri ilə seçilən bir qələm sahibidir. "Söyüdlu arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Valehlə Sarıköynəyin nağılı", "Üçatılan", "Geriyə baxma qoca", çoxsaylı hekayələrg

Onun nəsri özünün qeyri-adi oxunaqlığı ilə seçilir. Kitabını əlinə götürdümü, ta başa vurmayınca yerə qoymaq istəmirsən. Burda fikrin, hissin axını demək olar ki, heç yerdə qırılmır. Bu əsərlərin hər biri böyük söz okeanına axıb gedən bir çaya bənzəyir. Ta ki, öz mənzilinə qovuşmayınca dayandım demir. Bu baxımdan o, özündən əvvəlki Azərbaycan nasirlərinin demək olar ki, hamısından seçilir. Onun nəsri klassik və yeni Azərbaycan nəsri arasında sözün bir çox mənalarında körpüdür: problematika, mövzu, dil və s. yönlərdən.

Müasirlik! İlyas müəllimin əsərlərinin ən qabarıq nəzərə çarpan cəhəti budur. O, tarixi mövzulardakı əsərlərində də ilk öncə müasir problemlər ətrafında düşünür. Azərbaycan insanını narahat edən problemlərin tarixi kökləri hardan gəlir? Yazıçı-dramaturqu tarixi mövzulara cəlb edən həm də bu amildir.

İlyas Əfəndiyevin yaradıcılığının dramaturgiyaya qolu bir teatr insanı olaraq mənim üçün şübhəsiz ki, daha böyük önəm kəsb edir. Azərbaycan dramaturgiyası tarixində onun qədər teatra bağlı olan, səhnə ilə yaşayan ədiblərimiz o qədər də çox olmayıb. Bu sözləri onun təkcə iyirmiyə yaxın səhnə əsərinin müəllifi olduğuna görə demirəm. O əsl teatral idi. Teatrla bağlı olanlar yaxşı bilirlər ki. İlyas müəllim əsərin səhnələşdirilməsi, aktyorların seçilməsi məsələlərində nə qədər həssa idi. Ayrı-ayrı rolların səhnə ifadəsi üçün aktyorlarla fərdi telefon söhbətləri etməyə, onlara bu və ya digər məsləhətlər verməyə qədər həssas...

Az-az dramaturqlar var ki, teatr tarixində xüsusi bir mərhələ yaradırlar. Milli teatr və dram sənətimizin ən azı otuz ili isə İlyas müəllimin adı ilə bağlıdır. Bu otuz ili Azərbaycan teatrının çiçəklənmə dövrü kimi səciyyələndirmək olar. "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı"g Bu əsərlərin bəziləri sadəcə dramaturqun yaradıcılığı yox, teatr və dramaturgiyamızın tarixində yeni səhifə açıb. Xüsusən də "Sən həmişə mənimləsən" pyesi dərin psixologizmi, orijinal tematikası ilə hələ də milli dram sənətimizin yüksək zirvəsi olaraq qalmaqdadır.

Elə dramaturqlar var ki, onlaran dramaturgiyası bir sənət imtahanı səciyyə daşıyır. Bu dramaturgiyanın zühuru hesabına yeni aktyor və rejissor nəsli yetişir. Bu baxımdan unudulmaz dramaturqun yaradıcılığının mühüm bir dönəmində onun əsərlərinə səhnə həyatı vermiş görkəmli rejissor Tofiq Kazımov və İlyas Əfəndiyev bir-birini gözəl tamalayırdılar. Buna görə onların "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" və s. kimi hər tamaşası bir sənət bayramına, tamaşaçılar üçün sevinc mənbəyinə çevrilirdi. O dövrün gənc aktyorları - Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədovanın da sənət taleyinin müəyyənləşməsində İlyas Əfəndiyev dramaturgiyasının mühüm rolu olmuşdur. Bu gün milli səhnəmizin tanınmış isimləri olan Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Firəngiz Mütəllimovanın da səhnə fəaliyyəti bu görkəmli dramaturqun yaradıcılığı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Səksəninci illərin ikinci yarısında - mən gənc bir rejissor kimi teatra gələndə İlyas müəllim öz yaradıcılığının və şöhrətinin zirvəsində idi. Təəssüf edirəm ki, onun sağlığında birgə işimiz olmadı. Çünki gənc rejissorun birdən-birə otuz-qırx ilin dramaturqunun diqqətini cəlb etməsi o qədər də sadə məsələ deyildi. Bununla belə, İlyas müəllimin əsərlərinə səhnə həlli verməyi həmişə arzu edirdim. Bu istəyimə bir neçə il öncə "Xurşidbanu Natəvan" əsərinə yeni səhnə quruluşu verməklə çatdım.

Gərgin konflikti, yüksək dramatizmi ilə seçilən "Natəvan" pyesində tarixin müasirləşdirilməsi xüsusən qabarıq nəzərə çarpır. Azərbaycan xalqının tarixi ilə bağlı ən vacib problemlər - Cüney Azərbaycan və Qarabağ məsələsi burda özünün dramtik bədii əksini tapıb, ya birbaşa, ya da dolayısı ilə. Pyesin ilk səhnələşdirilməsi zamanı - 70-ci illərin sonunda birinci məsələ diqqət mərkəzində idi. Mən pyesin səhnələşdirilməsi zamanı hər iki məsələni diqqət mərkəzində saxlamağa çalışır, amma ikinci məsələyə, konkret siyasi durumla bağlı olaraq, təbii ki, daha çox önəm verirdim. Bu İlyas Əfəndiyev dramaturgiyasının həmişəyaşarlığını göstərən daha bir faktdır. Bir rejissor kimi məmnunluq duyuram ki, ikinci quruluş olmasına baxmayaraq, teart ictimaiyyəti və tamaşaçılar işimizdən razı qaldılar. Xüsusən də Amaliya Pənahovanın parlaq oyunundan sonra Natəvan obrazını oynamaq elə də asan məsələ deyildi. Amma, məncə xalq artisti Bəsti Cəfərova bui şin öhdəsindən bacarıqla gələ bildi. İlyas müəllimin dramaturgiyası ilə bağlı bir istəyim də var - qismət olsa, onun "Məhv olmuş gündəliklər" əsərinə quruluş verim.

İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında ekranlaşdırılan ssenarisi Elçinə məxsus "Hökmdarın taleyi" filmi isə kino sənətimiz tarixinə bir sıra yeniliklərin ilk nümunəsini özünd daşıyan yaradıcılıq işi kimi daxil oldu.

İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin əksəriyyətinin mövzusu Qarabağ həyatından - onun tarixi keçmişindən, müasir insanların güzəranandın götürülüb. Bu, onun yaradıcılığına özəl bir kolorit gətirməklə yanaşı, onun janrca və mövzuca zəngin bədii irsinin həm də aktullıq keyfiyyətindən xəbər verir.

Azərbaycan dramaturgiyasına İlyas Əfəndiyevdən sonra yeni dramaturqlar nəsli gəlir. Onların sırasında görkəmli sənətkarın varisi Elçin də var. 90-cı illərdən üzü bəri səhnələşdirilmiş neçə-neçə səhnə əsəri Elçinin İlyas Əfəndiyev sənətinin layiqli davamçısı olduğunu göstərir. Teatr ictimaiyyətinin rəyindən, yazılan resenziyalardan da görünür ki, Elçinin pyesləri əsasında quruluş verdiyim "Arılar arasında" və "Şekspir" tamaşaları da uğursuz alınmayıb.

Sənət məkan və zaman, janr, düşüncə, məntiq çərçivələri tanımır. Bu günlərdə anadan olmasının 95 illiyini qeyd etdiyimiz görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin zəngin bəddi irsi buna əyani nümunədir. Onun unudulmaz səhnə əsərlərindən gələn mahnıların səsi təkcə dağlarda yox, həm də milyonlarla oxucu və tamaşaçının ürəyində səslənir və həmişə səslənəcək.

    

 

Bəhram Osmanov,

ADMİU-nun dosenti,

Əməkdar İncəsənət Xadimi

 

Ədalət.- 2009.- 26 may.- S. 5.