“Yerlə
göy arasında”kı FACİƏ -
aktrisanın acılarla dolu HƏYAT HEKAYƏTİ
Çəkilməsi
mümkünsüz dərdlərlə ölən sənətkar
1950-ci
il dekabrın 26-da nə bilim hansı ulduz altinda, hansı
bürcdə doğulmuşdu qəhrəmanım, bu qədər
ağır taleyi oldu. Onu bilirəm ki, həmin ulduzla
bürcün eyniliyi altında dünyaya gəlməyi
heç kimsəyə arzu etmirəm.
REKLAM
www.coca-cola.az
×èòàòü
äàëüøå
Lent.az
-da aktrisa Nuriyyə Əhmədovadan söhbət
açıram.
Atası
hərbiçi, anası evdar qadın idi. Bakıda
yaşayırdılar ailəlikcə. Uşaqlıqdan Azərbaycan
filmlərinin vurğunuydu. O vaxtın bütün Bakı əhli
kimi tez-tez axşamlar ailəlikcə teatrlara gedərdilər.
O qədər sənətə aludə olmuşdu ki,
özünü başqa sahədə təsəvvür belə
edə bilmirdi, amma bu barədə valideynlərinə
açıb deməyə cəsarəti də
çatmırdı. Bilirdi “olmaz”la rastlaşacaq, o sözü
eşitməmək üçün demirdi fikrini.
Öz-özlüyündə çıxış yolu
düşünüb tapmağa çalışırdı.
Atasının
gözəl səsi olub, musiqini sevərmiş.
Görünür, səs də genetik olduğundan Nuriyyənin
də səsi vardı. Sənətə də səsi ilə
gəlib, hərçənd, son illər heç deməzdin
ki, bu qadının nə vaxtsa gözəl səsi olub. (Həyatının
ağırlığından birinci sıradan çıxan səs
telləri olmuşdu). Hərdən həyət-bacada oxuyanda
bağ qonşuları Tofiq Bakıxanov eşidirmiş. Bir
gün ustad ona təklif edib ki, gəl səni Musiqili Komediya
teatrına işə götürək, orda səsi olan azərbaycanlı
qızlara ehtiyac var.
Çıxış
yolu öz-özünə gəlib çıxmışdı
deyəsən, atası xətrini çox istədiyi Tofiq
Bakıxanovun, sözündən çıxmazdı.
Bu
minvalla Musiqili Komediya Teatrında işə başlayır.
Bütün
gənc oğlanlar başına fırlanardı
Teatrda
yeganə gənc qız imiş Nuriyyə, qalan hamısı
yaşlı qadınlardı, hətta baletin özündə
də. O sahələrdə işləyən elə bir gənc
oğlan yox idi ki, Nuriyyənin başına fırlanmasın.
Bütün gənc qız obrazlarını oynayan, bir qədər
də oğlan kimi davranan bu qız hamını özünə
cəlb etmişdi, amma onu cəlb edən olmadığı
üçün qız göylərdən enmirdi.
Bir dəfə
tamaşalardan birinə baxmağa gələn ustad sənətkar
Müxlis Cənizadə səhnə arxasına keçib
Nuriyyənin təhsili ilə maraqlandı, qızın təhsil
almadığını eşidəndə çox məyus
oldu, dedi ki, "sən əsil aktrisasan, təkcə qalır
təhsil almağın, gəl qəbul edək institita,
oxu". O vaxtlar səhnədə azərbaycanlı qızlar
az olduğundan müəllimlər
çalışırdılar ki, öz qızlarımız təhsil
alıb səhnəyə gəlsinlər. Musiqili Komediya
Teatrına o vaxtlar rəhbərlik edən Şəmsi Bədəlbəyli
isə Nuriyyəni buraxmaq istəmirdi, ehtiyat edirdi ki, təhsil
alandan sonra kinoya, yaxud başqa teatrlara gedər.
Bakı
kəndindən tamaşalarına gəlib çatdırmaq,
gecə tamaşadan çıxandan sonra evə getmək
çətin olduğundan Nuriyyə şəhərin mərkəzində
ermənilərin, yəhudilərin evlərində kirayələrdə
qalırmış. Bir yerdə işlədikləri, çox
gözəl səsi olan Xanlar adlı oğlan gecələr evə
gedəndə ehtiyatla, kölgə kimi arxasınca gedib onu evə
yola salarmış. Bunu Nuriyyə hiss edirdi, amma təəccüblənirdi
ki, axı, normal münasibətlərimiz var bununla, niyə
yaxınlaşmır, demir ki, səni yola salım. Bunu
nişanlanandan sonra Xanlardan soruşur. Xanlar cavabında deyir:
"Bakı kiçik şəhərdir, səni kiminsə
oğlanla gedib-gəldiyini görməsini istəmirdim, birdən
qismət olmazdıq bir-birimizə, niyə adına söz gəlsin".
Həmin
il İncəsənət İnstitutunda Adil İsgəndərovun
rəhbərliyi ilə kinoaktyorluq fakültəsi
açılır, Nuriyyə sənədlərini verir və
qəbul olunur o fakültəyə. Deməli, Şəmsi Bədəlbəylinin
qorxduğu başına gəlir. Amma oxuduğu illərdə
Nuriyyə bir müddət işləyir Musiqili Komediyada,
üstəlik orda ömür-gün yoldaşı da
seçir. Deyirdi, elə bilirdim ömürlük ərə
getməyəcəm, amma Xanların intellekti məni cəlb elədi
özünə: “O qədər mədəniyyətlə
davranırdı ki, adam heyran qalırdı. Bəlkə
Allahın qisməti imiş. Düzdür, sonra deyirlər ki,
"məni gördün hayıl-mayıl oldun, sən
seçdin, mən yox", fikrini də mənə çox
çətinliklə açdı. Üç il
görüşdük, sonra valideynlərimizlə tanış
olduq. Anasının özünün bunun üçün
namizədi varmış, Xanlar birtəhər razı saldı
anasını. Bir il də nişanlı qaldıq.”
Evdə
onun incəsənətə qəbul olunduğunu bilən
olmayıb, nişanlanandan sonra biliblər, onda da atası deyib
ki, daha özləri bilərlər.
Adil
İsgəndərov onun ailə qurmasını istəməyib
Adil
İsgəndərov bəzi tələbələri o vaxt iki
illik rejissorluq kurslarına Moskvaya göndərdi. Əbdül
Mahmudov diplom işi kimi “Qəribə ov” filmini çəkdi,
Nuriyyəni ilk rola o, dəvət elədi. Kinoya çox gec gəldi
Nuriyyə, daha çox televiziya verilişlərində
iştirak edirdi. O vaxt əyləncəli verilişlər
vardı, səhnəciklər çox hazırlanardı.
İnstitutu qurtarandan sonra kinoya gedib. Bir müddət də o
vaxtkı Tədris Teatrında işləyib, Adil İsgəndərov
aparmışdı onu ora, amma kinolara çəkilməyə
icazə vermirdi, oxu, sonra-deyirdi. Hələ Nuriyyənin ailə
qurduğunu eşidəndə Adil İsgəndərov kimisə-əziz
bir insanı itirmiş kimi olub. Deyib ki, Azərbaycan
aktrisası tapırıq, yetişdiririk, gedir ərə,
atır sənəti, bu da elə olacaq.
Sonralar
Nuriyyə Əhmədova hər sənət uğurunu
ustadına deyər və onun gözlərindəki sevincdən
ilham alarmış. Deyirdi hayıf ki, xalq artisti
olmağımı görmədi.
1975-ci
ildə evləniblər Nuriyyə ilə Xanlar, hər ikisi səhnə
ulduzu, gələcəyi olan sənət adamı Əvvəl
Bakı adəti ilə qız toyu, sonra da oğlan toyu oldu.
1976-da ilk övladları - qızları dünyaya gəldi.
Bu
arada Xanlar İbadov Filarmoniyada işləyirdi artıq.
Xanlar Filarmoniyada daha çox qastrollara
gedirdi. Nuriyyə isə evdə qızına baxırdı.
Üç yaşına qədər uşağa görə
işə getməyə bilərdin o vaxtlar. İlk vaxtlar hər
şey yaxşı idi, Xanların səhhətində problemlər
yarananda isə hər şey pisliyə doğru irəliləməyə
başladı elə bil...
Xanlar da iki dəfə qarın nahiyəsindən
əməliyyat olundu. Vokalist üçün bu şikəstlikdi,
oturdu evdə, olmazdı oxumaq. Nuriyyə həm oxumalı, həm
uşağa baxmalı, həm də işləməli idi.
Kinolara da çəkilirdi. Şahmar Ələkbərovun “Sahilsiz
gecə” filminə çəkildi. Sonra ayrı-ayrı illərdə
“Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin
oğurlanması”, Evlənmək istəyirəm”, Kişi
sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” “Fransız”, "Həm
ziyarət, həm ticarət", “Hər şey
yaxşılığa doğru” və sair.
Xanların analığının evində
yaşayırdılar. Bu evin üstündə bir-neçə
nəfərin adı vardı. İş məhkəməyə
qədər gedib çıxmışdı. Nuriyyə ilə
Xanların fikrincə, bu ev onların haqqı idi,
çünki Xanların atasından qalıb, həm də
artıq iki uşaqlı ailə (oğulları da olmuşdu)
evdən çıxıb küçələrə
düşə bilməzdi. Ev üctündə dava çox
uzun çəkdi, qızları ərə getdi, övladı
dünyaya gəldi, o qara gün gəlib çıxıncaya
qədər.
Qızı qucağında qan içində
canını tapşırdı
“Qızımız ailə qurmuşdu,
uşağı olmuşdu, 40-ı çıxınca bizimlə
qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı
qızımı qətlə yetirdi, öz gözlərimin
önündə, öz qucağımda qız getdi əldən.
Xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli
böyük idi. Hardan bu oğlan çıxdı
qarşısına. Aviasiyada oxuyurdu, vermək istəmirdik.
Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır,
anasız oğlandır, ona getməsəm özünü
öldürəcək. Götürdü qaçdı
balamızı. Əlac kəsildi ,toyunu elədik,
qız hamilə olanda. Uşaq təzə olanda bizimlə
qalırdılar. Səhər tez durub öz balam kimi
qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən
demə, oğlan psixi xəstə imiş, anası nə qədər
ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə
etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata
boş buraxıb, müalicə etdirməyib. Qızın da
bundan xəbəri yox. Bizə də məhkəmə prosesində
dedilər. Tutmasının vaxtı gələndə
qızımızı bədbəxt elədi. Qızı
öz balasına qısqanırdı. Qız getdi, balası
qaldı ümidimizə. Oğlanı da həbs etdilər,
müstəntiq dedi ki, xəstədir, amma ortalıqda qalsa, yenə
xətalar edə bilər, elə həbs olunsa
yaxşıdır. Həmin vaxt filmə çəkilirdim
Vaqif Mustafayevin “Yerlə göy arasında” filmində öz
faciəmi oynadım. Sağ olsun Vaqif, dedi ki, çəkilsin,
başı sənətinə qarışsın, yoxsa
yaşaya bilməz.”
Bu faciədən sonra arada çox sözlər
gəzdi, dedilər, qız əxlaqsız olub, Bakı
kiçik şəhərdi, bunlar hamısı valideynlərinə
çatırdı. Nuriyyə xanım sözün əsil mənasında
havalanmışdı.
“Qızın qanı üstümdə
qalmışdı, necə özümə gələ bilərdim?
Uşağın ruhu ilə danışırdım. Yuxu
deyildi, açıqca görürdüm. Bayılıb
yıxılırdım, qız mənə kömək edib
qaldırıb divana uzandırırdı. Rəhman vardı,
psixoloq, deyirdi ki, dəyməyin, qoyun qışqırsın,
öz-özünə danışsın, mənfi enerjisi
çıxsın bədənindən. Qışqırmaq istəyirdim,
səsim batdığından qışqıra bilmirdim. Təcili
yardım həyətimizdən əskik olmurdu. Bir gün necə
oldusa, birdən yadıma düşdü ki, bəs, uşaq hanı?
Tez qalxdım getdim arxasınca, ata tərəfdən alıb gətirdik,
sənədlərini düzəltdik. Onun üçün
yaşamaq məni yaşatdı. İndi də onun
üçün çalışırıq, qızın
qoxusunu alırıq. O anda kinoya çəkilməsəydim, bəlkə
heç uşaq da məni yaşada bilməzdi.”
Oğul itkisi sonuncu sarsıdıcı zərbə
oldu
İllər keçdi, oğlunu evləndirib
meylini qızının övladına salmış aktrisa az
da olsa, dərdini unutmuşdu, oğlunun da övladı gəlmişdi
dünyaya.
Amma maddi problemlər ən böyük
sevgilərə belə son qoyur.
Xanlarla Nuriyyəni dərd birləşdirir,
maddi sıxıntılar ayırırdı. Qızının
faciəsindən sonra davalı evdən çıxdılar,
deyirdi, qızımın başını bu davalı ev yedi elə
bil. Köhnə “Sovetski”də bir daxmada
kirayə qalırdılar, qışda qazla
qızdırdıqlarından otaqda adamın başı
çatlayırdı ağrıdan, yeriyirdin, döşəmə
ayağının altında oynayırdı.
Belə uzun çəkə bilməzdi,
evdən həkim, dərman əskik olmurdu. Əlacları
olmadı, bir-birindən ayrılmağa qərar verdilər ki,
bəlkə ayrı-ayrılıqda tale üzlərinə
güldü-düşündülər. Xanlar İbadov öz
uzaq qohumlarının həyətində bir otağa
sığındı, Nuriyyə xanım isə nəvəsi
ilə gah bacısıgildə, gah da rəfiqələrinin
evində qalırdı. Oğlu ailəsi ilə kirayədə
qaldığından onların da yerini dar eləmək istəmirdi.
Son vaxtlar oğlu da ağrılardan şikayətli idi, Nuriyyə
xanım bu qədər yükün altında inləyirdi
sanki, tez-tez xəstəxanalara düşürdü.
Bir gün çəkilişə gedəndə
avtobusda yıxıldı. O qədər gözəl ürəyi
vardı ki, adam daşıdığının fərqinə
varmadan maşını vəhşicəsinə idarə edən
sürücünü güdaza verməmək üçün
dedi ki, günah özümdə oldu, dayanacağa
çatmamış qalxdım yerimdən, onun da qəfil əyləci
basması yıxılmağıma səbəb oldu.
Yaşı 60-ı keçmiş sənətkar qadın onsuz
da həyatda yıxılıb durub yenidən yıxılmalara
öyrəncəli olmuşdu, amma bu yıxılmadan sonra
qadın ayağa qalxmağa nə qədər
çalışdısa, olmadı, daha qüvvətli bir zərbə
onu həmişəlik yıxdı, o, xəstəxanada ikən
oğlunun dünyasını dəyişməsi.
Anaya daha hansı zərbə
lazımdır ki, bir daha ayağa qalxa bilməsin?..
İllər keçsə də, iki
övladının dağı, ərinin yataq xəstəsi
olması, nəvələrinin başsız qalması,
böyük bir ailənin belə pərən-pərən
olması onu için-için yeyib əritdi. Aktrisa son nəfəsinə
qədər evsizlikdən əziyyət çəkdiyini, nəvəsi
üçün bir ev qoyub getmək arzusunu az qala
hayqırdı, eşidən olmadı. Bəlkə, bir mənzili
olsaydı, ailədən qalan iki-üç adamı
başına yığıb birlikdə hüzur tapardı.
2015-ci il oktyabrın 10-da daha dözə
bilməyən ürəyi partladı qadının. Getdi bu
dünyadan, özü ilə çəkilməsi
mümkün olmayan dərdlərini də apardı.
1950-ci il dekabrın 26-da nə bilim
hansı ulduz altında, hansı bürcdə doğulmuşdu
qəhrəmanım, bu qədər ağır taleyi oldu, onu
bilirəm ki, həmin ulduzla bürcün eyniliyi altında
dünyaya gəlməyi heç kimsəyə arzu etmirəm.
Unikal.-2019.-
28 dekabr.- S.21