Söz şairlərin gizli xəzinəsidir: ...və yaxud kitabın qoxusunu, ətrini heç nə ilə əvəz etmək olmaz:

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, öz yaradıcılığı ilə ədəbi mühitimizdə hörmət qazanmış Gülnarə Camaləddin redaksiyamızın qonağıdır. Aşağıdakı müsahibəni oxuculara təqdim edirik.

-Gülnarə xanım, ilk öncə Sumqayıtın 70 illik yubileyi ərəfəsində “Tərəqqi” medalına layiq görülməyiniz münasibətilə Sizi təbrik edir və yaradıcılıq uğurları arzulayıram.

-Təşəkkür edirəm. Bilirik ki, noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup Sumqayıt sakini müxtəlif adlar, orden və medallarla təltif edildi. Bu siyahıda bizim-ədəbiyyat adamlarının da yer alması yaradıcı təşkilatın rəhbəri kimi məni daha çox sevindirdi. Fürsətdən istifadə edərək bütün təltif olunan sumqayıtlıları, o cümlədən fəxri ada və medallara layiq görülən şair və yazıçılarımızı təbrik edirəm. Bu, ədəbiyyatımıza, sözümüzə ölkə və şəhər rəhbərliyi tərəfindən verilən böyük dəyər, göstərilən diqqətdir. Dəyər verənlər sağ olsun. Eyni zamanda bu həm də bizə, işimizə olan etimad və etibardır. Biz daha çox çalışmalı, göstərilən etimadı doğrultmalıyıq.

-Sizə bir sıra suallarım var. Sumqayıt yazarlarına rəhbərlik etmək Sizin üçün çətin deyil ki?

-Asan iş yoxdur. Hər bir işin öz çətinliyi var. İşini sevirsənsə, ürəklə çalışırsansa, onun çətinliyi də gözünə görünmür. Qələm adamları dünyanın ən çətin, ən saf və ən maraqlı insanlarıdır. Onlar bir körpənin göz yaşlarına dözməyəcək qədər aciz, cüzi bir diqqəti ömür boyu unutmayacaq qədər etibarlı insanlardır. Söhbət istedadlı qələm adamlarından gedir.

-Axı yazıçı və şairlərin əksəriyyətinin çoxlu ambisiyaları olur. Onlarla necə dil tapa bilirsiniz?

-Bu dövrdə ambisiyasız adam tapmaq çox çətindir. Yaradıcı insan tapmaq ondan da çətindir. Əslində yaradıcılıq işi özü iddialı olmağı tələb edir. Amma “Mən varam, məni görün”- deməklə olmur, bu iş, yaradıcılıq ortaya qoymaqla, ürəklə, vicdanla yanaşmaqla olur. ”Şöhrət sənəti öldürür”. Sənəti seçən adam şöhrətdən uzaq durmalıdır. Sənətin varsa, o, şöhrət özü səni nə vaxtsa gəlib tapacaq. Biz yaradıcı təşkilatıq. Bizim işimiz yaradıcı insanlarla dil tapıb, bacardığımız qədər, onlara dəstək olmaqdır. Onların hər biri bizim üçün iddiaları ilə əziz və doğmadır.

-Gəlin etiraf edək ki, bu gün kitaba maraq azalıb. İnternet, social şəbəkələr oxucuları kitabxanalardan sıxışdırıb çıxarıb. Mənumlə razısınızmı?

-Umberto Ekonun internetlə bağlı bir fikri mənə elə gəlir ki, yerinə düşər: “Quttenberq çap maşınını kəşf edəndə işçi təbəqə onun çap etdiyi Bibliyanı əldə etməyə can atmırdı. Ancaq yüz il sonra sadə insanlar Bibliyanı məhz çap halında oxuyurdular”. Həmçinin Lüteri də yada salın. Onun İncilin ikinci hissəsi olan Əhd-Cədid tərcüməsinin başdan-ayağa savadsız cümlələrlə dolu olmağına baxmayaraq, XIV əsr alman cəmiyyətində məhz həmin kitab əldən-ələ gəzirdi. Mən əminəm ki, bizə bir internet Lüteri lazımdır.

Qismən sizinlə razıyam, bunun üçün narahat olmağa dəyməz. Kitaba qiymət verib, onu sevənlər də çoxdur. Axı kitabın qoxusunu, ətrini heç nə ilə əvəz eləmək olmur. Bir də hər dövrün öz tələbləri var. Məsələn, ibtidai icma quruluşunda insanlar sürü halında yaşayırdılar. Quldarlıq quruluşunda artıq icmalara ayrıldılar. Şam işığında yazıb-yaradan şairlərimizin yazdıqlarını oxuyanda bu gün onların ağlına heyrət edirik. Əslində sosial şəbəkələrin həyatımıza bu qədər daxil olması yaxşı nəticə verməsə də, onsuz həyatımızı təsəvvür etmək də çox çətindir. Sosial şəbəkə heç vaxt kitaba olan tələbatı ödəyə bilməz. Mən kitabxanalarla işlədiyim üçün, tez – tez ora gedib-gəlirəm və kitabxanalara üz tutan oxucuların sayının heç də azlıq təşkil etmədiyinin şahidi oluram.

-Sovetlər dönəmi çox vaxt tənqid olunur. Həmin dövrdə hər hansı bir roman ən azı 20 min, ən çoxu isə 200 min tirajla çap olunurdu. İndi ən yaxşı roman 500 nüsxə ilə nəşr olunur. Yəni kitab bu qədər dəyərdən düşüb?

-Sovet dövründə kitab çapı, kitabın təbliği, kitab satışı ilə məşğul olan müəyyən təşkilatlar vardı. Onda ideologiya əsas olaraq önə çəkilirdi. Yəni hansı yazıçı, şair sovet ideologiyasını daha çox təbliğ edirdisə, o daha çox tanınırdı. Bu gün hər bir yazıçı öz hesabına kitab çıxarır, satışıyla da, təbliğiylə də özü məşğul olur. Və təbii ki, ədəbiyyata dəxli olmayan insanlar bu işdə daha çox səriştəli və fəaldırlar. Bəzən məhz həmin o “yazarların” kitablarının çoxluğu kitabları əvvəlki dəyərindən salır, demək daha doğru olardı. Əgər yazıçını sənətdən çox, kitablarının satışı düşündürürsə, onda yaşadığı dünyanı, olduğu mühiti bilməli, tanımalı, onun istəklərini nəzərə alaraq yaradıcılğını onun üzərində qurmalıdır. Yenə Umberto Ekoya müraciət edəsi olsaq, belə deyərik: “Yaradıcılıq ancaq anarxist xassəli olduqda həyatda qala bilər. O Darvinin qoyduğu kapitalist qanunlarla, ən güclülərin mövcud olduğu yerdə yaşayır”.

-Qərb SSRİ-ni dağıtmaq üçün xüsusi ideoloji konsepsiya işləyib hazırlamışdı. Həmin konsepsiyanın maddələrindən biri gəncləri milli dəyərlərdən uzaqlaşdırıb, Qərbin əxlaqsız dəyərlərini aşılamaq, bunun üçün ləyaqətsiz, ədəbsizliklə dolu əsərlərin rus dilinə çevirib, postsovet məkanında yayılması idi. Demək olar ki,  Qərb istəyinə nail oldu.  SSRİ dağıldı, milli dəyərlərimizdə bir çat əmələ gəldi. Bu gün Azərbaycan yazıçılarının sanballı əsərlərindən çox, Qərbin başdan-ayağa əxlaqsız motivləri üzərində qurulan əsərləri daha çoxluq təşkil edir. Sizin fikrinizi bilmək pis olmazdı.

-SSRİ dövründə biz dünyadan təcrid olunmuş şəkildə, demək olar ki, qapalı bir məkanda yaşayırdıq. Dünya ədəbiyyatının sovet ideologiyasına uyğun olan nümunələri bizə gəlib çatırdı. Oxuyurduq, elə bilirdik, dünya ədəbiyyatı bundan ibarətdir. Sərhədsiz, qloballaşan dünyanın tələbləri bambaşqadır. Gənclik isə hər zaman nəyi pisləyirsənsə ona daha çox can atır. Gəncliyimiz də, özümüzün də bizdən böyüklərin qoyduğu qadağalara elədiyimiz etirazları yada salsaq görərik ki, bu hal keçici bir haldır. Əgər biz əxlaqlı, tərbiyəli, təcrübəli gənclik yetişdirmək istəyiriksə onların sərbəstliyinə qarşı çıxmamalıyıq. Onların fikirlərinə hörmətlə yanaşmalı, onları öz dillərində tərbiyə etməyin yolunu öyrənməliyik. Axı gənclər bizim gələcəyimizdir. Əvvəlcə onların istəklərini anlayıb, sonra onlara nəyin yaxşı, nəyin pis olduğunu aşılaya bilərik. Onlar da müəyyən yaşa gəlib çatanda başqa cür düşünəcəklər. Neynəsək də, nə qədər qorunsaq da, nə qədər qorusaq da yaşadığımız dünyada baş verənlər istər-istəməz həyatımıza daxil olub, cəmiyyətin, gənclərin, yeniyetmələrin şüurunda dəyişiklik yaradır. Bizim minillik adət - ənənələrimizi qoruyub saxlayan gənclərimiz də çoxdur. Kim olursan ol, nə yaradırsan yarat, kökündə millilik dayanmalıdır. Milli-mənəvi dəyərlərə söykənməyən nə varsa, sonda məhvə məhkumdur.

-Bir sıra ali məktəblərin tələbələri ilə görüşlərim olub. Onlardan Cəfər Cabbarlının “Od gəlini”, “Oqtay eloğlu”, Hüseyn Cavidin “İblis”, M.Şoloxovun “Sakit Don”, Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərlərini mütaliə etdiklərini soruşanda 30 nəfər tələbədən 4-ü həmin əsərlərin bir neçəsini oxuduqlarının şahidi oldum. Acınacaqlı deyilmi?

-Təbii ki, acınacaqlı haldır. Mənə elə gəlir ki, hər bir insan öncə özünü, öz ədəbiyyatını, mədəniyyətini daha yaxından tanımalı, bilməli və sevməlidir. Fərd olaraq bunu özünün həyat amalına çevirməlidir. Sonra dünya ədəbiyyatının görkəmli nümayəndələrini də özününkü qədər öyrənməyə çalışmalıdır. Cəfər Cabbarlını, Hüseyn Cavidi oxumadan Viktor Hüqonu, Şoloxovu əzbər bilsən də,  özünü öyrənmədən şəxsiyyət kimi formalaşa bilməzsən. Biz bu torpaqda doğulmuşuq, bura aidik, bu torpağın bir parçasıyıq, şərqə məxsusuq, qərbə lazım deyilik. Gənclərimiz bunu dərk etməlidir.

-Respublikada kitab təbliğl düzgün qurulmayıb. Bunu təkcə kitabxanalara şamil etmək düzgün olmazdı. Burada yaradıcılıq birliklərin, təhsil, mədəniyyət qurumların, hakim orqanların ciddi məşğul olmaqları gərəkdir, elə deyilmi?

-Bu yöndə xeyli işlər görülüb və görülməkdədir . Azərbaycanda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının Sumqayıt şəhər icra hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Poeziya evi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə birinci kitab yarmarkasının keçirilməsində əsas məqsəd kitabın təbliği, kitaba olan marağın yenidən önə çəkilməsi idi. Bunun hər ikisi çox gözəl təşəbbüsdür. Bu, ənənə yəqin ki, davamlı şəkildə həyata keçiriləcək.

-Bu sualı çoxlarına vermişəm, sizə də vermək istəyirəm. Sizcə, bu günkü gənclər daha çox kimi oxuyur?

-Məni bu sual daim düşündürüb. N.Gəncəvi adına kitabxana-klub bizim iş yerinə yaxın olduğu üçün dəfələrlə gənclərimizə və kitabxanaçılarımıza bu sualla müraciət etmişəm. Və aldığım cavablardan bəlli olub ki, dünya ədəbiyyatı ilə paralel Çingiz Abdullayevi, Elxan Elatlını daha çox oxuyurlar. Sovet dövründən fərqli olaraq, bu günün gəncləri sevgi romanlarına deyil, dedektiv janra daha çox üstünlük verirlər.

-Bu yaxınlarda Moskva telekanalların birində SSRİ-nin xalq artisti Vasiliy Lanavoyun müsahibəsinə qulaq asdım. Eşidəndə ki, o, hal-hazırda Lev Tolstoyun “Hərb və sülh” romanını artıq dördüncü dəfə oxuyur, çox təəccübləndim. Sizcə, bu əsərə məhəbbətdən irəli gəlir, yoxsa mənəvi ehtiyacdan doğur?

-Elə yazıçılar var ki, səni özünün yaradıcılığına təkrar-təkrar qayıtmağa vadar edir. Lev Tolstoy da bu qəbil yazıçılardandır. İnsan oxuduğu kitablarda həyat, dünya, ölüm, insan xarakterləri haqqında bilmək istədiyi suallara cavab tapır. Kitab insanı formalaşdırır, cəmiyyət üçün yetişdirir, mükəmməlləşdirir. İnsan bəzən özündə mənəvi boşluq hiss edir. Əgər oxuduğun kitab sənə zövq verirsə və içindəki o mənəvi boşluğu doldurursa, deməli, sən ondan istədiyini ala bilmisən.

-Siz özünüz hər hansı bir əsəri təkrar oxumusunuzmu? Əgər oxumusunuz, bu hansı zərurətdən irəli gəlib?

-Azərbaycan klassiklərini çox təkrarlayıram, Umberto Ekonun esselerini dönə-dönə oxuyuram. Müasir dünya, onun problemləri və gələcək haqqında axtardığım çox sualların cavabını onun yaradıcılığında tapıram. Yəqin ki, mənəvi ehtiyacdan irəli gəlir.

-Aqillərdən biri deyib ki, poeziya ürəkdən gəlib keçir. Bu fikrə nə əlavə edərdiniz?

-Sergey Yeseninin bir fikrini xatırlatmaq yerinə düşər. “Şair olmaq odur ki, gərək öz damarlarından qanı çəkərək vurub isidəsən özgə qanını". Ürəyi yandırmasan, ürəyi isidə bilməzsən. Poeziya sirdir, şairlərin özünün də çözə bilmədiyi möcüzədir. “Arı bal istehsal edir, amma mahiyyətini bilmir”. Bu da Aristotelin  Poetika” əsərindəndir. Şairlər də şeir yazırlar, amma şeirin necə yarandığını özləri də izah edə bilmirlər. Poeziya ürək işidir. Poeziyanın işi ürəklədir. Ürəksiz yazılan şeir, ürəklərə yol tapa bilməz. Ağılla ürək birləşəndə insanı daha dərinlərə aparıb çıxarır. Əsil şairlər şeir kimi doğulub, elə şeir kimi də ölürlər.

-Bir hadisənin canlı şahidi olmuşam, xəstəxanada cavan bir qız ürəyindən müalicə olunurdu. Vəziyyəti heç də yaxşı deyildi. Anası L.Tolstoyun “Anna Karenina” əsərini gətirib bir fəsli oxumağa başladı. Qızın gözləri açıldı, sifətinə təbəssüm çökdü, gülümsündü. Anası dedi ki, evdə ürəyindən şikayətlənəndə bu əsərdən parçalar oxuyuram, ağrıları keçir. Siz necə, sözün təsir qüvvəsini nədə görürüsünüz?

-El arasında belə bir deyim var: ” Söz var dağa qaldırar, söz də var dağdan endirər, söz var qan salar, söz də var qan bağlayar”. Nəyi necə deməkdən asılıdır hər şey. Sözlə bir könlü abad eləmək də olar, xarabaya çevirib bərbad eləmək də. Söz  Aliyi- asiman məkandır”. Mən sözün təsir gücünü nəyi necə deməkdə görürəm.

-Sizi ədəbi mühitdə ən çox narahat edən nədir?

-Məni ən çox narahat edən ədəbi dəllalların, ədəbi sürtüklərin, ədəbi məddahların, plagiatların söz meydanında at oynatmasıdır. İmkanı ilə iddası arasında yerlə göy qədər məsafə olan, sözü qara qəpiyə dəyməyənlərin dahilik mərəzi, sənət dalınca deyil, şöhrət dalınca qaçan istedadlı adamların dözümsüzlüyü məni narahat edir, o cümlədən sosial şəbəkələrin yaratdığı, “layk şairləri”. Sözün mərtəbə- mərtəbə “Aliyi- asiman məkan”dan aşağı endirilib, az qala ayaqlar altına salınması narahat edir. Qələm adamı sözünü qorumalı, sözə hörmətlə yanaşmalıdır. Axı söz şairlərin gizli xəzinəsidir. Ondan qənaətlə istifadə olunmalıdır.

-Sumqayıt yazarlarının əsərlərinin tərcüməsi və təbliğatı ilə bağlı Azərbaycan yazıçılar birliyinin Sumqayıt bölməsi nə kimi fəaliyyət göstərir?

-Əgər müasir dünyada yaşayırsansa, dünyaya inteqrasiya eləməlisən. Hər mənada sözün təsir gücü daha böyükdü. Axı söz birbaşa beyinə və ürəyə təsir edir. Bu sahədə də xeyli işlər görmüşük. Türkiyənin Mersin, Kayseri, Ağşehir, Fethiyyə, Konya və s. şəhərlərinidə fəaliyyət göstərən ədəbi dərnəklər, yaradıcılıq təşkilatları, dərgilər, televiziya kanalları, saytlar ilə əlaqələr qurmuşuq. “Sumqayıt-70” layihəsi çərçivəsində sumqayıtlı şair və yazıçıların əsərləri “Mak”, “Çingi”, “Anamursedir” dərgilərində yayımlandı, MSBC kanal 2000 “Damla-Damla”, Kon.Tv proqramlarında azərbaycanlı şairlərin yaradıcılığından nümunələr səsləndirildi. Bu işbirliyimiz davam və inkişaf etməkdədir. Tərcümə və təbliğat işini daha geniş miqyasda həyata keçirməyi düşünürük.

-Niyə Sumqayıtda təkcə Azərbaycanın deyil, dünya klassik yazıçılarının hər bir əsərini oxutdurmaq, inşa yazdırmaq və yaxud dəyirmi masa keçirmək, yeri gələrsə oxucuları mükafatlandırmaq olmazmı? Bu sual üzərində düşünmək də olar, müxtəlif fikirlər yarana bilər. Hər halda gənclərimizi daha çox klassik və müasir ədəbiyyatın ən yaxşı nümunələrinə yönəltmək lazımdır.

-Əslində bölmə yaranandan Azərbaycan və dünya ədəbiyyatının  yaxşı nümunələrinin təbliğini qarşısına əsas məqsəd olaraq qoymuşdur. Bu yöndə xeyli işlər də görülmüşdür. Doğru buyurursunuz. Biz də bu barədə düşünürük, amma bu təkcə bizim düşünməyimizlə olmur. Bu işdə  təhsil müəssisələri, məktəblər, iş adamları  da bizə dəstək olmalıdırlar. Bu işi birgə həyata keçirmək daha geniş və daha faydalı olar. Beləliklə, bizim də gənclərimizə klassik irsimizi, dünya ədəbiyyatının dəyərli nümunələrin aşılamaq imkanımız olar.

-Müsahibəmdə mərhum Sabir Sarvandan yan keçmək mən tərəfdən düzgün olmazdı. Onu gözəl şair və ziyalı kimi yaxşı tanıyırdıq. Sabirin ədəbi irsi unudulur, yoxsa siz onu təbliğ edib, yaşadırsınız?

-Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin  ideya müəllifi, yaradıcısı olmuş, uzun illər ona rəhbərlik etməklə  yanaşı, eyni zamanda ədəbiyyatın təəssübünü çəkən, sözə vicdanla xidmət edən istedadlı şair idi. Sözə xəyanət edən, sözü  dəyərdən salan insanlara qarşı amansız və barışmaz idi. Onun üçün ədəbiyyat şəxsi mənafedən də, dostluqdan da  öndə gəlirdi. Sizcə bizim belə adamları unutmağa haqqımız çatırmı? Biz unutsaq da, Sabir Sarvan SÖZün, ƏDƏBİYYATın  yaddaşında əbədi qalacaq  qədər gücə və istedada malik söz adamı idı. Söz biz insanlardan qat- qat etibarlıdır. Biz insanlardan fərqli olaraq söz ona xəyanət etməyənləri yaddında saxlayır və heç bir zaman  unutmur.

-Ümumiyyətlə, dünyasını dəyişmiş Sumqayıt yazarlarının xatirəsini həmişə yad etmək hər birimizin borcudur, elə deyilmi? 

-Sumqayıt ədəbi mühitinin formalaşmasında çox böyük xidmətləri olmuş Xasay Cahangirov, Vaqif İbrahim, Gülbala Mehdi, Feyzi Mustafayev, Məmməd Aslan, Sabir Sarvan və s. qələm adamları olub ki, onlar bu gün aramızda olmasalar da, sözümüzdə, ruhumuzda, könlümüzdə özlərinə taxt qurub yaşayacaq insanlardır. O insanları unutmağa bizim mənəvi haqqımız yoxdur. “Sumqayıt-70” çərçivəsində “Xatırlasaz... xatırlansam” adlı layihəmiz var. S.Vurğun adına kitabxana ilə birlikdə həyata keçririk. Məqsədimiz Sumqayıt ədəbi mühitinin formalaşmasında xidmətləri olan dünyasını dəyişmiş qələm sahiblərini xatırlamaq, xatırlatmaqdır. Biz xatırlamasaq, bizi də kimsə xatırlamayacaq.

-Bir qələm əhli kimi istirahətinizi necə keçirirsiniz?

-Mənim demək olar ki, istirahət etməyə çox az vaxtım olur. Olanda isə adətən kitab oxuyuram. Retro filmləri seyr etməyi sevirəm. Maraqlı ədəbiyyat verilişi olanda baxıram, hərdən teatra, kinoya getmək və yaxud tarixi yerlərə səyahət etmək fürsətini fövtə vermirəm. 

-Kimləri daha çox oxuyursunuz? Ümümiyyətcə, sevdiyiniz yazıçı və şairlərin kim olduğunu bilmək pis olmazdı.

-Oxuduqca, bələd olduqca hər yazarın bir tərəfini kəşf edirsən. Mən yazıçı və şairlərin qəribəlikləri çox maraqlandırır. Onlar özü olanda, kimisə təqlid etməyəndə daha çox sevilir. Mənim ruhumun şair və yazıçılarından Nəcib Fazil Kisakürəki, Nazim Hikməti, Vaqif Bayatlı Odəri, Edqar Ponu, Xorxe Luis Borxesi, Silva Piatı, Umberto Ekonu. Frans Kafkanı, Uilyam Folkneri, Alber Kamyunu, Çingiz Aytmatovu, Fyodor Dostoyevskini, Lev Tolstoyu, Anarı, Yusif Səmədoğlunu, Afaq Məsudu misal gətirə bilərəm. Bu siyahını uzatmaq da olar. Azərbaycan klassiklərini siyahıya salmadım.. Klassik ədəbiyyatımızı çox sevirəm. Biz onlardan çox şey öyrənmişik və bu gün də öyrənirik.

-Sonuncu sual: Yaradıcılıq laboratoriyanızda nə var, nə yox?

-Mənim “Qəhvə rəngi” adlı kitabım çapdan çıxıb və oxuyucuların ixtiyarına verilib. Bir neçə hekayələrim, esselərim və şeirlərim var. Mən öz yaradıcılığıma tənqidi yanaşıram. Yazdıqlarımı oxucuların ixtiyarına verməmişdən əvvəl çox götür-qoy edirəm. Özümə tam arxayın olandan sonra oxucularımın qarşısına çıxacağam. Sağlıq olsun!

 

 

Müsahibəni apardı: Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti 

 

 

Unikal.-2019.- 28 dekabr.- S.20