Rusiyanın Xalq  Rəqsləri Ansamblı Bakıda çıxış edib

 

 

Mayın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilib.

 

AZƏRTAC xəbər verir ki, bu, dünyada "İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışıdır.

 

Konsertdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib: "Bizim Azərbaycanla olan mədəni əlaqələrimiz uzun dövrü əhatə edir. Təkcə sovetlər dövrünü misal çəkmək olar. Biz bir ölkədə yaşayırdıq, bizim sıx əlaqələrimiz vardı. Sovetlər birliyi dağıldıqdan sonra mədəni əlaqələr kəsilmədi. Bu əlaqələr xalqlarımızın birgə marağı nəticəsində formalaşıb. Azərbaycan və Rusiyanı təmsil edən ifaçıların adlarını çəkə bilərəm. Hazırkı dövr bizim ölkələr arasında humanitar əlaqələrin inkişafı dövrüdür. Bu, bizim əlaqələrin çoxşaxəli istiqamətdə inkişaf etməsilə əlaqədardır. Bizim üçün mədəni mübadilənin sistemli forma alması vacibdir. Bu yaxınlarda Kreml baletinin 1001 gecə tamaşası ilə çıxışı maraq doğurub. Bu dəfə isə İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilir. Onların proqramında hər zaman dünya xalqlarının rəqsləri öz yerini alır. Mən çox sevinirəm ki, bütün biletlər satılıb. Bu, bizim ansambla olan marağın göstəricisidir. Bu o deməkdir ki, azərbaycanlı tamaşaçılar bu kollektivi sevir”.

 

Konsert proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan "Yay” rus rəqsi, "Çobanlar” Azərbaycan rəqsi, "Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə "Araqon Hota”, argentinalı çobanların "Qauço” rəqsi, əfsanəvi "Alma” rəqsi və s. nömrələr daxildir. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi "Tango del Plata” rəqsinin premyerasını da Bakıda edir.

 

İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı dünya xalqlarının rəqslərini bədii interpretasiya və təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi qorunub saxlanılır və yaradıcı şəkildə mənimsənilir.

 

Qrupun hazırda bədii rəhbəri – direktoru İqor Moiseyevin tələbəsi, Rusiyanın Xalq artisti Yelena Şerbakovadır.

 

İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində mayın 31-də və iyunun 1-də də çıxış edəcək.

 

Unikal.- 2019.- 1 iyun.- S.21