Hər zaman cavan qalan Cavan Zeynallı

 

İyunun 20-də ADA Universitetində Xalq artisti, müğənni-cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib.

 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Cavan Zeynallının həyat yaradıcılığına həsr olunan videoçarxın nümayişi ilə başlanıb.

 

Gecədə Cavan Zeynallı Azərbaycanda cazın yaranma tarixi inkişafından danışıb, musiqinin insanları bir araya gətirdiyini vurğulayıb.

 

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Cavan Zeynallının ifasının xalq tərəfindən sevilərək dinlənildiyini rəğbətlə qarşılandığını bildirib.

 

Gecədə çıxış edən Rafiq Seyidzadə Azərbaycan musiqi sənətinin zənginliyini vurğulayıb.

 

Dünya şöhrətli alim, akademik Roald Saqdeyev bildirib ki, Azərbaycan nəinki SSRİ məkanında, hətta bütün dünyada musiqi sahəsində öndə gedənlərdən olub. Çünki Azərbaycan xalqı Qara Qarayevi yetişdirib, muğamı dünyaya tanıdıb. Cavan Zeynallı isə caz sənətinin tanınmış simalarından biridir.

 

 

Daha sonra qonaqlar C.Zeynallının fortepianoda ifasını dinləyiblər. Gənc həvəskar musiqiçilərin çıxışı maraqla qarşılanıb.

 

Sonda Əməkdar artist Lalə Məmmədova Sevda Məmmədlinin fortepianoda müşayiəti ilə "Yar bizə qonaq gələcək" mahnısını ifa edib.

 

Unikal.- 2019.- 22 iyun.- S.21