Kinomuzun ciddi problemləri: Kanna gedən yollar

haradan keçir? - TƏNQİDÇİ DANIŞDI

 

“A kateqoriyalı festivallar arasında ən önəmliləri Venetsiya, Berlin və Kanndır. İndiyə qədər bu festivalların əsas müsabiqəsinə heç bir Azərbaycan filmi düşməyib. Bütün heyətin azərbaycanlılardan ibarət olduğu bir filmin Kann festivalının proqramlarından birinə qatılması bizim üçün doğrudan da üstünlükdür”.

Bu sözləri Lent.az -a müsahibəsində kinotənqidçi Sevda Sultanova deyir.

Xatırladaq ki, ötən həftə rejissor Teymur Hacıyevin “Axşama doğru” filminin 73-cü Kann film festivalına qatılması xəbəri kinosevərləri sevindirdi. ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil olan “Axşama doğru” bu nüfuzlu proqrama düşən ilk Azərbaycan filmdir. Elə Sevda xanımla söhbətimiz də bu məsələ ətrafında oldu. Kinotənqidçi kinosevərləri maraqlandıran bir neçə suallı cavablandırıb.

- Azərbaycan kinosunu Kann festivalında təmsil edəcək filmimiz bu yerin haqqını verirmi?

- Mən “Axşama doğru” filmini izləməmişəm. Ümid edirəm ki, yaxın müddətdə premyerası olacaq və marağında olan hər kəs izləyə biləcək. Amma onu deyim ki, Teymur Hacıyev çox istedadlı rejissordu. Onun “Şanxay, Bakı” filminin nəql texnikası çox orijinaldır. Bundan əlavə, Teymurun “Duz, istiot zövqə görə” filmi bir neçə nüfuzlu festivallarda nümayiş olunub və mükafat alıb. Buna görə də əminəm ki, o yenə də çox maraqlı bir film ərsəyə gətirib. Teymur Hacıyev, ümumiyyətlə, dövlətin dəstəyi olmadan çalışır. O, sənətini təmənnasız sevən bir rejissordur.

- Başqa hansı filmləri orada görmək daha yaxşı olardı?

- Venetsiya film festivalın ikinci proqramında Elçin Musaoğlunun “Nabat”i, daha sonra Kann film festivalına “Sonuncu” adlı film qatılıb. “Sonuncu” filmi Azərbaycanı təmsil edirdi, amma rejissoru rus idi. Ümumiyyətlə, Kann festivalında iştirak edən ilk filmimizin rejissoru milli kino tariximizdə əhəmiyyətli yer tutan onlarla sənədli filmin müəllifi Muxtar Dadaşovdur. Onun "Sovet Azərbaycanı" sənədli işi isə 1951-ci ildə Kann kinofestivalında “elmi-kütləvi və pedoqoji filmlər nominasiyasinda” münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

- Ümumiyyətlə, nüfuzlu festivallara filmlər nəyə əsasən seçilir?

- Nüfuzlu festivallara çıxacaq filmlərimiz haqda danışırıqsa, onu deyim ki, bura yeni çəkilmiş, bu festivalların tələblərinə uyğun olan filmlər qatıla bilər. Amma bir sıra hallarda festivallarda konyunkturaya yol verilir. Məsələn, bir neçə əsas festival ötən il belə razılığa gəldilər ki, festivallarda kişi rejissorların filmləri çoxdur, qadın rejissorların da işləri olsun. Burdan belə çıxır ki, qadın rejissorlar çox olmalıdır deyə, keyfiyyətsiz işlərmi olmalıdır? Bir də görürsən ki, mükafat filmin mövzusunun aktuallığına görə verilir. Amma aktuallığına görə seçilən filmin sənət əhəmiyyəti aşağı olur. Yəni sənət meyarlarını əsas götürmürlər. Bunları nəyə görə deyirəm. Son illər çəkilən filmlərimiz orada mükafat alan filmlərdən heç də geri qalmır. Bəs niyə bizim filmlər ora çıxmır? Ona görə ki, bu festivallarda müştərək filmlərə daha böyük önəm verilir. Müştərək film odur ki, Azərbaycan bir neçə başqa ölkə ilə isethsalatda iştirak edir. Bu halda filmlərimizin əsas müsabiqəyə düşmək şansları çox olacaq. Azərbaycan nəyə görə müştərək layihələrdə iştirak etmir? 2008-2018-ci illərdə prezidentin sərəncamı ilə kino ilə bağlı prqoram qəbul edilib. Həmin proqramın bəndlərindən birində deyilir ki, Azərbaycan “Eurimages”a üzvü olmalıdır. Bu zaman ölkəmiz həm film üçün maddi dəstək qazana biləcək, həm filmin uğurlu prokatı olacaq, həm də mükafat qazana biləcək, üstəlik başqa üstünlüklər də var. Mədəniyyət Nazirlyi də bu proqramda yazılan bəndlərin əksəriyyətini yerinə yetirmədi, elə buna görə də bizdə bu məsələ öz həllini tapmadı.

- Dünyada aparılan sorğulardan belə nəticəyə gəlmək olur ki, ötən əsrin filmləri indi çəkilənlərdən daha güclüdür. Eləcə də, Azərbaycan kinosu. Buna səbəb nədir?

- Məsələn, mən özüm film izləmək istəyəndə, yaxşı bir kino tapmaqda çətinlik çəkirəm. Buna görə də kinonun mənbələrinə qayıdıram. Yəni 20-ci əsrdə yeni kino dili, kino istiqamətləri yaradan rejissorların filmlərinə baxanda görürəm ki, müasir rejissorlardan daha maraqlı, daha dərindilər. İndiki filmlərdə ruh çatışmır. Filmə baxanda rejissorun emosional yaşantısını görmək olmur. Trier, Almodovar, Venders, Zaydl kimi artıq mqasir dövrümüzdə klassikə çevrilmiş rejissorlar var, onlar başqa. Mən yeni nəsildən danışıram. Təkrarçılıq çoxdur. Yeni nəsil rejissorlar arasında favoritlərim iki nəfərdir: Ruben Estlund və Martin Makdonax. Ötən əsrdə italyan, alman, fransız kinosu üslubu, yanaşması ilə çox fərqlənib. Amma bu gün həmin ölkələrdə zəif filmlər daha çox çəkilir. Azərbaycana gəlincə, 1925-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə ekranlaşdırılan “Bismillah” ilk milli filmimiz hesab olunur. Yeri gəlmişkən, bu, ən yaxşı hesab etdiyim səssiz, Azərbaycan filmlərindən biridir. Azərbaycan kinosu inkişaf edə bilərdi. Amma düşünürəm ki, 1937-ci il repressiyaları Azərbaycan kinosunun qırılma nöqtələrindən biri oldu. Senzura gücləndi, yaradıcı insanlar təqib olundu, elə Abbas Mirzə Şərifzadənin özü həbs olundu. İnsanlar qorxu içində yaşamağa başladılar. Bundan sonra çox ucuz təbliğat filmləri çəkildi. 40-50-ci illərdə çəkilən filmlərin bir çoxu zəifdir. O vaxt baş verən əngəllər kino sahəmizə çox güclü təsir etdi.

 

Unikal.- 2020.- 13 iyun.- S.21.