Yandırılan əsər, güllələnmə
qorxusu, qayınananın
qaranlıq taleyi – “Bizim filmlər”
Elə bilirəm,
haqqında danışacağım
filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün
bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəm.
İndi keçək mətləbə. "Qayınana" filmi barədə danışıram,
illərin dolaylarında
heç səngiməyən,
köhnəlməyən, dəbdən
düşməyən məşhur
"Qayınana"dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb.
Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın
oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib
ki, bunu hökmən film kimi işləyin.
1978-ci ilin filmidir. Əsəri Məcid
Şamxalov yazıb.
Filmin xülasəsində belə
yazılıb, hər
halda. Filmi araşdıranda məlum oldu ki...
Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü
ildə çap olunub. Ondan hələ
səkkiz il
əvvəl - 1957-ci ildə
Cəfər Cabbarlı
adına Gəncə Dövlət Teatrında belə bir əsər
səhnəyə qoyulub.
1974-cü ildə isə bu məşhur
komediyaya bəstəkar
Zakir Bağırov musiqi bəstələyib.
Olub musiqili komediya.
1865-ci ildə Qubada
dünyaya gələn,
sonradan Azərbaycanın
ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin
"Gəlin və qayınana" adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində
şəriət və
ədəbiyyat dərslərini
tədris edirmiş.
Həmin illərdə
də "Əbülfəz
və Rəna" hekayəsini, daha sonra "Elmin bəhrəsi", "Haqq
söz acı olar", "Gəlin və qayınana" pyeslərini yazıb. Bu pyeslər qadın
obrazlarının qabardıldığı
ilk Azərbaycan əsərləridir.
Səkinə xanım işlədiyi
Qızlar Məktəbinin
müəllimələri və
tələbələri ilə
birlikdə bu əsərləri səhnələşdirir,
özü quruluş verirdi: "Madam ki,
qadınlar kişilərlə
birlikdə səhnəyə
çıxa bilməz,
kişilərin önündə
səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar" şüarı ilə meydana atılıb.
Səkinə Axundzadə Hüseyn Ərəblinski və
Abbas Mirzə Şərifzadə
kimi səhnə fədailərinin dövrünün
sənətkarı idi. Onlarla birgə
Azərbaycanda dramaturgiyanın,
teatr mədəniyyətinin
inkişafı üçün
çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.
Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi
mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün
bu proseslərin canlı şahidi olur.
1920-ci ildə sovet
işğalından, Hacı
Zeynalabdin Tağıyevin
mülklərinin müsadirə
olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət
astma xəstəliyindən
yatır və 1927-ci ildə vəfat edir.
Oğlu,
professor Yusif Ağabəyov da 1937-ci ildə
sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı
qızı Reyhan Topçubaşova (ilk qadın
rəssamımızdır) baş verənlərdən
və verəcəklərdən
qorxuya düşüb,
Səkinə Axundzadənin
bütün əsərlərini
yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri
yalnız yaddaşlarda
yaşayır. Yaddaş...
1950-ci illərə isə
o məşhur şahidlərdən
kimsə qalmamışdı. Hüseyn
Ərəblinski, Abbas Mirzə
Şərifzadə, Cəfər
Cabbarlı, Əbülfət
Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet
dövründə Səkinə
Axundzadənin, Abbas Mirzə
Şərifzadənin adını
çəkə bilməzdilər.
Məcid Şamxalovun "Qayınana"
pyesi məzmunca Səkinə Axundzadənin
"Gəlin və qayınana" pyesi ilə eynidir, ya yox - bunu
deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov
imzası ilə "Qayınana"dan başqa
bir məşhur əsərə, ədəbi
nümunəyə rast
gəlinmir.
Qayıdaq "Qayınana" filminə. Ssenari müəllifi
Əjdər İbrahimov
və Marqarita Maleyevadır. Əjdər İbrahimovun
həyat yoldaşıdır.
Bu filmdən başqa daha iki filmdə
bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur
("Qəribə adam"), üçüncüsü
"Narahat adam" filmidir ki, onun
ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.
"Qayınana" filmini
Hüseyn Seyidzadə çəkib. Musiqilər Tofiq Quliyevindir.
Çəkilişlər "Azərbaycanfilm" kinostudiyasının
pavilyonunda aparılıb. Sadəcə,
rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri
elə bil evdə çəkilib. Bağ yeri səhnələri
Nardaran bağlarında
lentə alınıb.
Cənnət xalanın
diş çəkdirməsi
səhnəsi keçmiş
"İnqilab", indiki
Həsən Əliyev
prospektində yerləşən
stomatoloji kabinetdə çəkilib. Oradakı "Diş kabineti"
indi də durur. Filmin çəkilişləri 5-6 ay
davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş,
bahalı paltarlar olub.
İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə
dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad
Yegizarov, Fuad Poladov. Bəli, baş rolu
oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət
edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz
rolu üçün daha münasib bilib.
Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.
Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb
- rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov
çəkilib.
Rejissor filmdə
aktyorların heç
bir improvizasiyasına yol verməyib, deyib ki, situasiya
elə komediyadır, onu verin, yetər.
Ümumiyyətlə, Hüseyn Seyidzadə oyunçuluğun
və şit zarafatların əleyhinə
olan rejissor idi. Komediyanı da ciddi oynamağın
tərəfdarı idi.
Məsələn, belə bir situasiya
olub çəkiliş
vaxtı Nəsibə
xanım oğlunun arxasınca - "çamadanlarından
muğayat ol" - deməliykən "maçadanlarından
muğayant ol" - deyib. Rejissor çəkilişi saxlayıb və möhkəm acığı
tutub aktrisaya.
İlham Namiq Kamalın dediyinə görə, onun "mehriban olun" ifadəsi də özünün improvizasiyasıdır, amma
bu söz yerinə düşdüyü
üçün Əjdər
İbrahimovun etirazı
olmayıb. Rejissor özü improvizələr
edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, gəlinin kuklası filmə rejissorun əlavəsidir. Cənnət xalanın başının
üstündə asılan
"Məşədi Kazım"ın
şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan
çəkiblər ki,
kadrı oynadanda şəklin ifadələri
dəyişirmiş kimi
görünsün. Çilçırağın qırılıb xrustal kimi dağılması,
yanğınsöndürənlərin hoqqabazlığı rejissor
təxəyyülünün məhsuludur.
Filmdəki heyətdən, İlham
Namiq Kamaldan başqa, sağ qalan ikinci aktyor
Afət rolunun ifaçısı İnara
Quliyevadır. İnaranın atası Bakıda yaşayıb, Neft Daşlarında çalışırmış.
Sonradan Moskvaya köçüblər.
İnara
ixtisasca musiqili teatr rejissorudur. Rusiya Operetta teatrında çalışıb.
Rusiya teatr və kino
aktrisasıdır. Əməkdar artistdir. 69 yaşı
var. Rusiya telekanallarında
bir çox verilişlərin layihə
müəllifidir. "Azərbaycanfilm"də üç
filmdə əsas rollara çəkilib -
"Qayınana"da Afət,
"Alma almaya bənzər"də
Aişə müəllimə,
"Dədə Qorqud"
da Selcan. Epizodlarda çəkildiyi filmlər də var.
Rollarda Nəsibə Zeynalova (Cənnət), İnarə
Quliyeva (Afət; Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov
(Ayaz), Səfurə İbrahimova (Sədaqət),
Tələt Rəhmanov
(Əli) çəkiliblər.
Filmdə Ofeliya
Sənani - Sevda obrazında Tanilə Əhmərovanı səsləndirib.
Afət rolunda İnara Quliyeva isə Əminə Yusifqızının səsi
ilə "danışır".
Unikal.- 2019.- 16 noyabr.-
S.18