“”Neqativ hallara susmuram,
hər zaman da sözümü deyirəm”
Afaq Bəşirqızı: “Mən
öz günahımı xalqın boynuna yıxıb,
onları fəlakətə sürükləyən
ziyalılardan deyiləm”
“Moşuu, eqalogiya buduuur?”,
“Alo, 66-68-düü? Almaxanım sənsən?”,
“Qardaşımdan iraq səni görüm
canından çəkəsən, gəlin” kimi sitatlarla hər
zaman tamaşaçıların üzünü güldürən,
evdar qadınların ən ideal obrazlarının
ifaçısı məhz Xalq artisti Afaq Bəşirqızıdır.
O, səhnəmizin Söylüsü,
Suğrası, Darçınbəyimi, Dollar Səyyarəsidir.
Yenisabah.az son zamanlar daha çox kəskin
çıxışları ilə seçilən aktrisa
Unikal.org-a müsahibəsini təqdim edir.
- Aktyor ailəsində doğulmusunuz,
amma ilk sənət təcrübənizi rejissor Məhərrəm
Bədirzadənin dram dərnəyində almısınız.
Bəşir Səfəroğlu sizin aktrisa kimi fəaliyyətinizi
dəstəkləyirdi?
- Qəti.
Evimizdə Bəşir Səfəroğlunun
xasiyyəti feodal idi. Bilmirəm nədənsə,
bəlkə də özü sənətkar idi, amma birmənalı
şəkildə qızı Afaqın aktrisa olmasını nə
ağlına gətirmirdi, nə də buna razılıq verməzdi.
Bizim heç bu barədə söhbətimiz də
olmayıb. O vaxt bizdə indiki kimi robot üsulu ilə
instituta hazırlaşmaq yox idi. Biz artıq
10-11-ci siniflərdə hansı ixtisası seçəcəyimizi
bilirdik. Ona görə Bəşir Səfəroğlunun
Afaqın nə vaxtsa aktrisa ola biləcəyinə
heç şübhəsi də yox idi.
- Söylü, Darçınbəyim,
Suğra... Seçilən, spesifik evdar
qadınların obrazlarını
canlandırmısınız. Sizcə, təqdimatınızdan
sonra cəmiyyətdə o cür tipajlarda azalma varmı?
- Mənim
yaratdığım obrazlar cinayətkar, cani, rüşvətxor
deyillər, adi evdar qadınlardır. Mənim
Söylüm o qədər primitivdir ki, yeyəndən sonra
yağı balağına silə bilər, amma oğlunun nəyə
görə o yaşa qədər sünnət
olunmamasını dərk etmir. O hesab edir ki, qərarı
Moşu verməlidir. Moşu ona pinti qadın
olduğunu desəydi, əmin olun, Söylü
özünü yığışdırardı. Onun ərinə qarşı olan sevgisi, dəyəri
o qədər yüksək idi ki, bəlkə də Moşu
ona əlini yeyəndən sonra üstünə sürtməməyini
deməyi utanardı. Mən belə
xanımları indiki cəmiyyətdəki çox qadından
daha üstün tuturam, çünki Söylükimiləri
axmaq deyil, sadəlöv idilər.
- “Bəxt üzüyü
-2” filmi niyə əvvəlki qədər effektli olmadı. Çatışmayan nə idi?
- Ssenarilərdə
çox fərq var idi. Dəfələrlə
deyildi ki, “Bəxt üzüyü -2” “Bəxt
üzüyü” filminin davamı deyil, sadəcə həmin
filmin xatirəsinə bəzi personajlar saxlanılıb. Film Rəhmətlik Rəfael Dadaşov, Valeh Kərimov,
Firəngiz Rəhimbəyova kimi heyəti təkrar bir araya
yığmaqla, bir növ insanların yaddaşını yeniləmək
idi. “Bəxt üzüyü -2” Vaqif Səmədoğlunun
80 illik yubileyi ərəfəsində çəkildi. Amma bu iki film yanaşı qoyularaq müqayisə
edilməməlidir.
- O zaman belə anlayırıq ki,
insanlar ad uyğunluğuna görə qeyri-ixtiyari müqayisə
edir deyə köhnə film daha üstün olur...
- Bəli,
elədir və bu müqayisə yalnışdır.
- Yetişməkdə olan gənc
aktyor və aktrisaları necə qiymətləndirirsiniz?
- Gənclərə
meydan verməyin tərəfdarıyam. Mənim
o gənclərlə eyni filmdə işləməyim onlara
yaşıl işıqdır. Mən də bir zamanlar
İsmayıl Dağıstanlı, Hacıbaba Bağırov və
Siyavuş Aslan kimi aktyorlarla eyni filmlərdə, tamaşalarda
tərəf müqabili olmuşam, həm də onlardan nələrisə
öyrənirdim. Gənclərə dəstək
olmağı, onlara hamilik etməyi sevirəm. Amma bayağı, yaşına yaraşmayan hərəkətlər
edən gənc aktyor və aktrisalarla nəinki tərəf
müqabili olmuram, heç eyni verilişlərdə də
iştirak etmirəm.
- Gənclərlə işləmək
demişkən, bir ara “Bəşir”
teatrı fəaliyyət göstərirdi. Həmin
teatrın aqibəti nə oldu?
- Teatr
1995-ci ildən 2003-cü ilə qədər Azərbaycanda fəaliyyət
göstərdi. Sonra mənim Rusiyada yaşayan
yaxın dostlarım məsləhət gördülər ki,
“Bəşir” teatrı Moskvada fəaliyyətini davam etdirsin və
aktyorlar dəvətlə gətirilsin. Biz
“Azərbaycanlıların Rusiyada sərgüzəştləri”
tamaşasını səhnələşdirdik, çox da
uğurlu alındı. Rusiyanın 63 şəhərini
gəzdik, 8 xarici ölkədə olduq. Amma
o enerji ilə davam etmək üçün fiziki güc
lazım idi. Mütəmadi gedib-gəlmək və məşqlər...
Orada heç vaxt arendaya verilməyən “Satira”
teatrının rəhbərliyi bizə çox şərait
yaratdı, həm də təmənnasız. Sonuncu əməliyyatdan sonra səhhətimlə əlaqədar
mənə təyyarəyə minmək qadağan edilib.
Hazırda teatrın direktoru, mühasibi,
hüquqşünasından başqa teatr akademik məzuniyyətdədir.
Bacarsam, davam etdirəcəyəm, yaşayaq
görək.
- Yaratdığınız
çoxlu obrazlar var, bəs ürəyinizdə qalan, ifa etməyə
gecikdiyiniz obraz varmı?
- Ürəyimdə
qalan sonuncu obrazımdır. Bir tamaşada 1937-ci
ildə represiya zamanı zülm çəkən Azərbaycan
qadınlarının ümumi obrazı olan AXC-nin Milli təhlükəsizlik
təşkilatının rəhbəri Nağı bəy
Şeyxzamanlının həyat yoldaşını (Səlimə
xanım obrazı –red.) canlandıracaqdım. Elə tamaşanın məşqləri gedirdi,
pandemiya səbəbindən yarımçıq qalıb.
Qorxuram ki, o rolu oynamasam, bu, mənim
üçün çox çətin və ağır olar.
- Afaq Bəşirqızının
pəncərəsindən həyat hansı janrda görsənir?
-
Tragikomediya kimi görsənir. Qəribədir,
gülməkdən də yorulmuşuq, ağlamaqdan da. Dünyada baaş verən faciələrə
baxıram, o qədər dərdim var ki... heç şəhidlərimin
də 40-ı çıxmayıb. Beynəlxalq
təşkilatlar da tez-tez ölkəmizdə qonaq olurlar, amma
Qarabağ barədə dəyişən nəticə yoxdur,
ancaq illər gedir.
- Afaq xanım, sizcə, ziyalı
xalqın sözünü deməlidir, yoxsa dövlətin
yanında olmalıdır? Əgər dövlət xalqın
maraqlarına uyğun olmayan qərar verərsə, belə məqamda
ziyalı nə etməlidir?
-
Ziyalı xalqın gözü olan adamdır. Ziyalı
var ki, xalq onun ardınca düşüb hara istəsə gedər.
Ziyalı var ki, xalq içinə
çıxanda daş-qalaq edilir. Bilirsiniz
ki, mən baş verən neqativ hallara susmuram, hər zaman da
sözümü deyirəm. Mən öz
günahımı xalqın boynuna yıxıb, onları fəlakətə
sürükləyən ziyalılardan deyiləm. Mən müharibə edirəm və mənimlə
müharibə edirlər. Sual verim, Afaq Bəşirqızı
mart ayının 1-də məgər Prezidentdən təkcə
maaş istədi? Prezidentə “sizin verdiyiniz qərarları məmurlar
öz şəxsi ambisiyalarına görə istifadə edirlər”
demədim ki..? Prezidentə “sizin ətrafınızdakı məmurlar
sizi aldadır” demədimmi..? Mən deyirdim ki, həyat
yoldaşını 1-2 milyona “yığdıran” məmur
Prezidentin ayırdığı maaşı düzgün
hesablamadı. Mən incəsənətin
problemlərindən danışdım, məgər teatr heyəti,
muzey işçiləri, kitabxanaçılar, süpürgəçi,
fəhlə - bunlar xalq deyil? Mən
özüm üçün aydın olan sahənin dərdlərini
danışdım. Niyə başqa sahəyə
aid olan adamlar danışmırlar? Mən
özüm üçün nəsə istədim? Afaq Bəşirqızının heç nəyə
ehtiyacı yox idi axı. Bəlkə var
idi? Xalqın sevdiyi sənətkarı gözdən
salmağa çalışmaq mədəniyyətin çat
verməsi və həmin xalqın bəlasıdır.
- Mart ayındakı həmin
çıxışdana sonra sizə açıq təzyiqlər
var?
- Mən
deyərdim ki, son zamanlar açıq təzyiqlər var. Sosial
şəbəkələrdə belə ədəbə
uyğun olmayan sözlər işlədilir, qısaca,
savaş kişi kimi getmir.
- Adam var, yaxşı sənətkardır,
amma ziyalı deyil. Adam var, yaxşı ziyalıdır, amma sənətkarlığı
zəifdir. Adam da var ki, hər ikisini özündə birləşdirib.
Sizcə, Azərbaycanda sənəti ilə
mövqeyi üst-üstə düşən
ziyalılarımız varmı? Onların
cəmiyyətdə yeri və rolu nə dərəcədədir?
- Deyə
bilmərəm. Mən birlik olmanın tərəfdarıyam.
Bilirsiniz, sənətkar danışa bilmir.
Hamı maaş, pensiya, mükafat almır
axı. Alan da nəyinsə xatirinə susur.
Bəli, çünki başına gəlib -
danışıb və itirib. Mövqelərini dəyişəni
az görmüşük?
- Sizi hər zaman özünəməxsus
mövqeyi olan sənət adamı kimi qəbul ediblər. Amma
bəzən müstəqil mövqeyi olan, hökumətin bəyənmədiyi
mövqe sərgiləyən ziyalılardan xoşu gəlməyib.
Belə bir münasibətlə
qarşılaşmısınızmı?
- Həmişə
demişəm, mən ön cəbhədən qorxmuram. Bilirəm ki, ermənidir, satqındır və mənə
tüfəng qaldırandır. Mən arxa
cəbhədən qorxuram – satqınlardan yox,
satılmışlardan qorxuram. Bunu mətbuatda
çox demişəm, o vaxt mən Sumqayıt hadisələrinin
səbəbkarı kimi göstəriləndə, akademik
Aqanbekyan mənim həbsimi və güllələnməyimi
çox istəyirdi. Aqanbekyan mənim
öldürülməyim üçün durmadan erməni təşkilatlarına
teleqram vururdu. Mən bu gün də
susmuram, həqiqətləri deməkdən çəkinmirəm.
Onlar mənim zəkama və gücümə bələddirlər,
ona görə mənimlə açıq savaş etməkdən
qorxurlar, dürüst deyillər.
- Avqustun 15-də doğum
gününüzdür. Afaq Bəşirqızı
özü üçün nə arzu edir?
- Zəng
edib soruşurlar ayın 15-i harada olacaqsan, nə edəcəksən?
Hələ şəhidimin 40-ı
çıxmayıb, hələ müharibəni udmadıq nə
ad günü? Ad gününü insan 18,
20, 25, uzağı 30 yaşında qeyd edər, mənim 65
yaşım tamam olur. Mənim qəbirdə
rahat yatmağım üçün indi qələbəni
gözləyən günümdür.
Dürrə Həsənova
Unikal.- 2020.- 8 avqust.- S.10.