"Bəxt üzüyü" kim götürmüşdü?!

və ya "Bəxt üzüyü"nü tapmışıqmı?!

 

Kiminə görə komediya, kiminə görə tragikomediya olan "Bəxt üzüyü" filmi, əslində, ən fəlsəfi məzmunlu filmimizdir.

Film 1991-ci ildə, Azərbaycanın müstəqilliyə doğru addımladığı bir vaxtda çəkilib. Vaqif Səmədoğlunun "Bəxt üzüyü" əsəri ilk olaraq teatrda oynanılmışdı və böyük rəğbət qazanmışdı. Buna görə də əsərin film kimi də çəkilməsi qərara alındı. Film Azərbaycanın ilk kommersiya (kassa) filmidir və indiyədək hələ də ən çox insan tərəfindən kinoteatrda izlənilən film adını qoruyub saxlayır.

Filmin çəkilişləri zamanı əsərdə bir çox dəyişikliklər edilib, yəni ssenari ilə əsərin fərqli məqamları çoxdur. Bu dəyişikliklərdə filmin rejissoru Ramiz Əzizbəylinin, həmçinin çox insan bilməsə də, o zaman gənc olan Orxan Fikrətoğlunun da rolu böyükdür. Bu səbəbdən də ssenari müəllifi kimi Vaqif Səmədoğlu ilə yanaşı onların da adı qeyd edilir.

Filmin əsas süjet xətti Saranın üzüyünün itməsi üzərində qurulub. Əslində isə, film başdan ayağa fəlsəfi məzmunludur və insan hər izləyəndə yeni bir məna tapır. Film cəmiyyətdəki problemləri, insanların davranış və xarakter qüsurlarını açıq-aşkar şəkildə göstərir, insanlara vacib mesajlar ötürür. Filmin hər bir obrazı cəmiyyətdə müxtəlif qrupları, tipləri ifadə edir. Məsələn, Moşu bacarmadığı işlərlə məşğul olmağa çalışan, utanmadan bu yalanına ətrafındakıları inandırmağa çalışan mənfi, amma həm də sədaqəti ilə seçilən ailə başçısı kimi müsbət obrazdır. Söylü şəhər mühitinə düşmüş cahil kəndli qadın tipajıdır. Sədaqət, qısaca Seda (Sevda yox) öz kefində yaşayan, əxlaq normalarından kənara çıxan və bundan çəkinməyən, utanmayan insanların nümayəndəsidir. Rasim qayınata hesabına quduran, rüşvətxor, oğru, pul üçün hər cür alçaqlığa əl ata bilən, hətta həyat yoldaşının əxlaqsızlığına belə göz yuman insanların hər bir xüsusiyyətini özündə birləşdirir. Hüseyn Kefli İsgəndərin müasir varisidir. Ayıq başla cəmiyyətin həyat çətinlikləri arasında yaşaya bilməyən, saf, təmiz uşaqlığı yetimxanada keçən insandır. O 2-3 manat üçün mənasız olduğunu bildiyi Moşunun şeirlərini belə tərifləyə bilir. Tanrıbəy kişi vətən üçün canından, sağlığından keçmiş, qədri bilinməyən veteranların simasıdır. Qatıqsatan obrazı filmə xüsusi rəng qatsa da, gerçəkdə daim insanların şəxsi həyatına burnunu soxan, gözü daim başqalarının həyatında, ailə məsələrində olan insanları simvolizə edir. Filmin, əslində, əsas personajlarından biri isə cəmiyyətin bu cür çirklənməsinə, iyrəncləşməsinə dözə bilməyib özünü dənizdə boğan "Zırpı" obrazıdır.

Bəs üzüyü kim götürmüşdü?

Əsərin özündə üzüyü Hüseyn götürərək satır və özünə araq alır. Özünü asmaq istəməsi, polis bölməsinə apararkən utanması məhz buna görə idi. Filmdə isə rejissor xırda görünən, amma ümumilikdə filmin məğzini tam dəyişən bir dəyişiklik edir. Əslində, üzüyü heç kim götürmür, Sara üzüyü itirir. Səhv edən insan mütləq günahkar axtarmağa başlayır. Burada çoxsaylı məsələlər var. Bir fəlsəfi məğz odur ki, üzük əslində simvolikdir, itirilən xalqın, millətin, cəmiyyətin bəxtidir. Məhz bu itki insanları iyrəncləşdirib, dəyişdirib. Bu həqiqəti isə görən, anlayan cəmi üç obraz var; Zırpı, hansı ki binoklla həqiqətləri daha yaxından izləyir və dözməyərək intihar edir. İkincisi, Seda, ona bu vəziyyətlər sərf edir deyə susur. Həqiqəti anlayan və özündə güc tapıb cəmiyyətə hayqıra bilən yalnız Sara olur ki, nəticədə hamı ona düşmən gözüylə baxır. Hüseynin monoloqunda bəzi insanların vicdanını, bəzisinin şərəfini və s. itirməyini qeyd etməsi də əbəs yerə deyil.

Digər tərəfdən baxdıqda Hüseynə ərə gəldiyi günə peşman olan, bədbəxt Saranın bəxt üzüyünü axtarması paradoksu var. Suda boğulanın saman çöpündən yapışması misalı kimi.

Hamının bildiyi məna isə can deyib can eşidən, bir qabdan yemək yeyən, varını-yoxunu paylaşan insanların bir halqa üçün - maddi nemətlər üçün bir anda necə düşmən olmalarına, münasibətlərinin korlanmasına tənqidi, faciəvi yanaşmadır. Maddiyyat insanların arasına nifaqlar salır, bütün mənalarda aralarına divarlar, çəpərlər çəkir. Filmdə müstəqilliyimizə, ölkənin xoş günlərinə də işarə var (ümumilikdə çox mövzular var, bəzilərini özünüzə saxlayıram).

Qayıdım əvvələ. Yazdığım kimi filmin əsas hekayəsi Saranın üzüyünün itməsidir. Amma baxın, filmdə heç bir səhnədə üzük görünmür; üzüyü hara qoydu, hardan tapdı göstərilmir. Filmi izləyərkən heç kimbuna diqqət etmir, heç kimə üzük maraqlı gəlmir. Bu artıq rejissorluğun pik həddə möhtəşəm ideyasıdır.

Əslində, üzük görünsə, itməyi, tapılmağı aydın olsa, film çox bəsit görünərdi. Lakin üzüyü kadrdan çıxartmaqla yaradıcı heyət filmin axışını başqa tərəfə çəkib, fəlsəfi məna verib. Filmdə toxunulan digər məsələlər o qədər maraqlıdır, mənalıdır, o qədər şey ifadə edir ki, filmin əsas hekayəsi olan üzük itmək söhbəti tamaşaçının yadına da düşmür. İki-üç dəfə izləməyənə kimi üzüyün hara getdiyi heç insanın ağlına da gəlmir. Kiminə görə komediya, kiminə görə tragikomediya olan film, əslində, ən fəlsəfi məzmunlu filmimizdir.

Filmin sonunda Saranın "Yağış yağacaq" deməsi, "Bir sabah" mahnısı, böyüməkdə olan ağaclar isə gələcəkdə hər şeyin düzələcəyinə ümidi ifadə edir.

 

Məhəmməd İsrayılzadə

 

Unikal.- 2020.-15 avqust.- S.20.