Hamilə aktrisanın əri öldü, dəhşətli
qəzanın qarşısı alındı,
“Nərgiz xala” niyə
qəzəbləndi? – Bizim filmlər
1962-ci
ildə böyük Adil İsgəndərov İncəsənət
İnstitutunda imtahan götürürdü, öz kursu
üçün tələbə qəbul edirdi. Söhbət
gəzirdi ki, Adil İsgəndərov komediya filmi çəkəcək,
o film üçün aktyor yığır əslində. Söz ki var, bir ucu
yalandırsa, o biri ucu doğrudur.
1963-cü ilin filmidir. Sabit Rəhmanın
ssenarisi əsasında Adil İsgəndərov
ekranlaşdırıb. Həm də kinoda
rejissor kimi Adil İsgəndərovun ilk işidir.
1944-cü ildə “Fətəli xan” filmini çəkməyə
başlamışdı, amma hansısa səbəblərdən
yarımçıq qalmışdı. Nəticədə
həmin filmi 1947-ci ildə hansısa Yefim Dziqan çəkmişdi.
Təsəvvür edin də, Fətəli xan və Yefim
Dziqan… Nə isə, mətləb “Əhməd
haradaır?” filmidir. Lent.az “Bizim filmlər”
layihəsində “Əhməd haradadır?” komediyasından
danışır.
GLO
Adil İsgəndərovun birinci kursu bütünlüklə
filmə dəvət olunub. Amaliya Pənahova, Əbdül
Mahmudov, Novruz Axundov, Fikrət Əliyev, Elxan Qasımov, Ramiz
Muradov və sair.
Film çox pozitiv başlayır, kənd həyatı,
kənd mənzərələri. Filmlər var ki, adam
baxanda orda, hadisələrin və ordakı həyatın
içində olmaq istəyir. “Əhməd
haradadır?” filmi də onlardandır.
Film
Hacıkənddə, Ağdaşda, Göygöldə
çəkilib. Nar yığımı səhnəsi
Ağdaşda, Sürücü Əhmədin
maşınını Nərgiz xalanın
qaçırdığı səhnə Hacıkənd yolunda
lentə alınıb. Bu səhnə barədə
hələ söhbətimiz olacaq.
Elə ilk kadrlardan düşürsən o aləmə və
axınla gedirsən. Əhməd (Səyavuş Şəfiyev)
Bakıdan gəlir dostları ilə eyni maşınla. Kəndlərinə çatanda körpünün
üstündə onların yolunu mal-qara kəsir. Əhməd öz kəndlərinin
mal-qarasını yoldan uzaqlaşdırmaq üçün əlinə
böyük bir dəyənəyi alıb, düşür
malların üstünə. Leyla kənardan
bunu görür, gəlib Əhmədin əlindən dəyənəyi
alıb, acıqla “vurma” - deyir, sonra da ağacı ona
qaytarıb, heyvanlara da nəzakətlə yanaşıb
onları aparır. Kənd qızının Bakıda təhsil
alan gəncə “həyat dərsi”.
Sonra Əhməd anası ilə görüşür,
birlikdə bacısının üzüm
yığdığı sahəyə gəlirlər. Ceyran (Nona
Paçuaşvili) üzümü elə yığır ki,
elə bil səhnədə konsert verir.
Bayaq dediyim pozitivliyə qayıdıram, film kimi
öz-özlüyündə xoş əhval-ruhiyyə
yaradır, insanı əməyə, kollektivçiliyə səsləyir. Təbii, sovet
filmidir, ideologiyaya işləyir. İş
ondadır ki, həmin sovet quruluşunun özü kimi
reallıqdan uzaqdır. Üzüm yığmaq, mal
otarmaq, ev tikmək heç də kinoda
göründüyü kimi musiqili, romantik işlər deyil, əksinə,
çox ağır zəhmət və güc, iradə tələb
edən işlərdir.
İlk
kadrlardan birində Əhmədin atası Şirin kişi (Məmmədrza Şeyxzamanov) internat məktəbinin
açılışında çıxış edir: “Bu
internat məktəbinə xoş gəlmisiniz. Bu
yaxınlarda təzə hamam da tikəcəyik, çarhovuzu
da olacaq”.
Əslində, bu günün kinosunun sovet kinosundan
öyrənməli çox mətləbləri var. İlk
növbədə ideologiyaya işləmək, maarifləndirmək,
kökündən-təməlindən bəhrələnib,
onu möhkəm qoyub, sonra göydələnlərə qalxmaq
baxımından.
Bura qədər onu deyim ki, Əhməd roluna namizəd
çox axtarılmayıb. Səyavuş Şəfiyev
sirk artisti idi və elə ilk sınaqdan Adil İsgəndərov
onun üzərində dayandı.
Dostları “uzundraz Oqtay”la, “saqqal Ramiz”in
axtarışları üçünsə yaradıcı heyət
üz tutub İncəsənət İnstitutuna. Demək olar
ki, sözügedən bir kursun bütün tələbələri
Oqtayla Ramiz roluna sınaq çəkilişlərində
olublar. Nəhayət, Səyavuş Aslanla
Novruz Axundov seçilirlər.
Səyavuş Aslanı hamı tanıyır. Novruz Axundov
İncəsənət İnstitutunda oxuya-oxuya məktəbdə
müəllim işləyirmiş. Onun bu
rola çəkilməsinin səbəbkarı filmin Moskvadan gəlmiş
operatoru Yuli Fogelman olub. Təkidlə
uzundraz Oqtay obrazına onun çəkilməsini istəyib.
Bu üçlük filmdə çox maraqlı
alınıb. Bəzən ssenaridə
olmayan improvizələri də komediya janrına xidmət edib.
Məsələn, pilləkənlərin üstündə
üçünün özlərini Leylaya təqdim etməsi
bədahətən alınıb. Adil İsgəndərovun
kursu çəkilməyə çəkilirdi, amma kimin
hansı rola çəkilməyinin söhbəti gedirdi.
Daha demirdilər ki, Adil İsgəndərov
onları qəbul edəndə artıq hansını hansı
rola gözaltı edibsə, onu da çəkəcək.
Yəqin, rejissor operatorun da
baxışlarını nəzərə aldığı
üçün sınaq çəkilişlərinə mane
olmayıb.
Leyla ilə Ceyran obrazlarına aktrisa axtarışı
çox uzun çəkib.
Leylaya sınaq çəkilişləri saysız-hesabsız
olub, nəhayət, bir nəfəri seçiblər,
ad-soyadını öyrənəndə biliblər ki, ermənidir,
Adil İsgəndərov onu çəkməyə etiraz edib.
Adil İsgəndərov milli filmlərimizdə başqa
millətlərin baş rollara, xüsusən ermənilərin
çəkilməsinə imkan verməzmiş. Özü
kinostudiyaya rəhbərlik edəndə bunu başqa
rejissorlardan da tələb edib. Bu filmdə
də bir gürcü aktrisa, bir də filmin operatoru başqa
millətdəndir.
Leyla roluna isə “Qızmar günəş altında”
filminə çəkilmiş fortepiano müəlliməsi
Töhfə Əzimovanın namizədliyi veriləndə məlum
olub ki, onun həyat yoldaşı Kinostudiyada rəssamdır və
artıq ailə qurandan sonra kinoya çəkilmir.
Adil İsgəndərov rəssamı
çağırıb xahiş edir ki, xanımını
sınaq çəkilişinə gətirsin. Töhfə
Əzimova bu rola sınaq çəkilişindən keçəndən
sonra rəssam Adil İsgəndərova sadəcə yox deyə
bilməyib. Beləcə, milli Leyla
tapılandan sonra qalıb milli Ceyran.
Bu yerdə Əhmədin bacısı ilə
görüşü səhnəsindən danışmaq istəyirəm.
Əhməd başına üzüm səbətini
keçirib bacısına sürpriz eləmək istəyir. Ceyran – qardaşım deyib
Əhmədi qucaqlayır… Belə soyuq, lap
gürcü qızı kimi.
Azərbaycan qızı çoxdan görmədiyi
qardaşını elə qarşılamır. Boynunu
qucaqlayıb, bir yarım saat sıxandan sonra
üz-gözündən marça-marçla öpəcək,
çəkilib kənardan boy-buxununa baxıb, bir də təkrar
qucaqlayacaq.
Adil İsgəndərov da Bakıda tapa bilmədiyi
Ceyranı nədənsə gedib Gürcüstanda axtarmağa. Burda bir müəmma
var, onu yəqin ki, yalnız özü bilib. Kənardan
aktyor çəkməyən adam
özü öz ayağı ilə gedib Tiflisə və tələbə
yoldaşı rejissor-pedaqoq Dodo Aleksidzedən Ceyran xəbər
alıb.
Qalanını
Ceyran rolunun ifaçısının dilindən eşidirik: “Mənim
müəllimim Dodo Aleksidze Ceyran rolu üçün aktrisa
axtardığını, tələbələrə baxmaq istədiyini
dedi. Mən o vaxt ikinci kursda oxuyurdum. Biz bir neçə etüdlər göstərdik.
Adil İsgəndərov məni görən kimi "bu
qız, Ceyranı tapdım" dedi. Sonra mənim
sarı saçlarımı, qaşlarımı qara rəngə
boyadılar. Yadımdadır, bu rola çəkilməyi
həm istəyirdim, həm də yox. Qəribə
bir təzad içindəydim. Amma yenə
də sonunda getdim. Bu rola da təsdiqlənməyimə
hələ də təəccüblənirəm. Bilmirəm, çilli, kürən,
qıvrımsaç gürcü qızı ilə azərbaycanlı
Ceyran arasında nə bənzərlik tapılıb.
Sanki o boyda Azərbaycanda
Ceyran tapmaq çox müşkül imiş. Kaş ki, heç
seçilməsəydim...”
Bu kaş ki, seçilməsəydim… sözündə
bir nisgil var aktrisanın. Nona Paçuaşvili gəlir Bakıya
film çəkilişlərinə. Yeni ailə
qurduğundan yoldaşı Tamaz da az sonra
onun arxasınca Bakıya gəlir. Mehmanxanada bir
yerdə qalırlar. Tamaz fars dili
mütəxəssisi olub. Xüsusi vallarda fars
dilindən mətnləri dinləyib öyrənirmiş. Valı qoyub dinlədiyi qurğuda nasazlıq olur, onu
düzəltmək istəyəndə Tamazı cərəyan
vurur. Nona dərhal təcili yardım
çağırır, amma kömək edə bilmirlər,
Tamaz dünyadan köçür.
Həmin vaxt Nona dörd aylıq hamilə imiş. Həyat yoldaşının
cansız cismini Gürcüstana yola salandan sonra filmin çəkilişlərində
çətinliklə iştirak edib, könülsüz. Ona görə də obrazı elə də parlaq
alınmayıb, rejissorsa ona mizan verməkdə çətinlik
çəkib, necə istəyib, elə də çəkilib.
Yoldaşının dəfnindən qayıdandan
sonra hamiləliyi bəlli etdiyindən filmin bəzi səhnələri
hətta ya təxirə salınıb, ya da kənardan çəkilib.
Məsələn, Əhmədlə Ceyranın
rəqs və mahnı səhnələri daha çox
olmalıymış. Elxan Qasımov həm
də rəqqas olduğundan rəqs səhnələrinin
“yanmasına” çox təəssüflənir.
Yoldaşının adını oğluna qoyub Nona. Çəkildiyi
filmə də uzun illər sonra baxıb, “Əhməd
haradaır?” filminin Bakıda keçirilən yubileyində.
Film həm də şofer Əhməd rolunun
ifaçısı Elxan Qasımovun kinoda ilk işidir. Hərçənd
operator bu rola milliyyətcə yəhudi aktyor İqor
Kvaşanı təklif edib, amma Adil İsgəndərov
razılaşmayıb. Adil İsgəndərovun
kursundan olan Elxan Qasımovu operator çəkmək fikrində
olmayıb. Yəhudi operatorun xanımı
“Elxan Qasımovun dodaqları çox qalındır, o rola
yaramır” - deyib. Operator da bunu rejissora
pıçıldayıb. Adil İsgəndərov
– “qada, Elxan Qasımovu sənin arvadın üçün
seçmirik e, rola seçirik” - deyib.
Aktyor həm də rəqqas olduğundan çevik hərəkətləri
filmdə işə yarayıb. Məsələn, bəzi
səhnələrdə tryukları özü həyata
keçirib. Elə sürücü
Əhmədin Ceyrandan razılıq cavabı aldığı
yerdən yıxılmasını. Üç
metr hündürlükdə tikinti çalasına
yıxıldığı səhnəni aktyor özü
oynayıb. Ayağında da Mahmud Esenbayev
“Mən rəqs edəcəyəm” filminə çəkiləndə
onun üçün məxsusi tikilmiş rəqs ayaqqabısı
olub. Qıvraqlıq üçün film
boyu Elxan Qasımov onun ayaqqabısını geyinib ki,
yerişini yeriyə bilsin – yəni hərəkətləri
qıvraq olsun.
Elxan
Qasımov danışır ki, Gəncədə,
Göygöldə çəkilişlər zamanı əhali
onlarla çox isti rəftar edirdi: “Evlərinə qonaq çağırmaq
üçün növbəyə dururdular. Təsəvvür
edin, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Nəcibə
Məlikova, onların da kölgəsində Siyavuş, mən...
insanlar bu aktyorları yaxından gördüklərinə
çox sevinirdilər. Kino çəkilişi
o vaxt hadisə sayılırdı. Hamı
o hadisənin iştirakçısına çevrilmək istəyirdi”.
Aktyor
filmin ən maraqlı və ekstremal kadrından da söhbət
açdı: “Göygöl-Hacıkənd yolunda çəkirdik
Nərgiz xalanın mənim maşınımı
qaçırtdığı yeri. Sürücü
kabinənin aşağısında oturmuşdu, yəni Nəcibə
xanımın ayaqlarının yanında. Maşın
yavaşca hərəkət etməli, mən də
arxasınca qaçmalı idim. Kadr deyən
kimi maşın başladı arxaya hərəkət etməyə.
Mən də tez qaçıb tullanıb kabinənin
qapısını açdım, əyləci basıb,
maşını saxladım. Sürücü
özünü itirmişdi. Ayağımı əyləclə
bərabər Nəcibə xanımın ayağına da
basmışam, kapron corabı
cırılıb. Nəcibə xanım qəzəbləndi,
mən də pərt oldum. Adil müəllim dedi ki, Nəcibə
xanım, elə olmasaydı, maşın arxaya sürət
alıb aşa bilərdi. Sonra aktrisa “yaxşı, gəl
çəkilək” - dedi”.
Eldəniz Zeynalov da ilk dəfə bu filmlə gəlib
kinoya.
Filmin dekorasiyası kinostudiyanın pavilyonunda qurulub. Əliağa
Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə
kartondan qurulmuş dekorasiyadır. Aktyorun
yediyi yemək isə dekorasiya deyil, qoyun içalatının
qızartmasıdır. Səhnə çəkilib
bitincəyə qədər hamısını özü həzm-rabitədən
keçirib.
Başını daz qırxdırıb, özünə
uzun bığ qoymaq aktyorun şəxsi təşəbbüsü
olub. Əliağa Ağayev kassada işləyən
adamı elə təsəvvür edib, rejissor da qəbul edib.
“Ode…taksi,
min, get… Get də…”
Filmdəki
ev tikintisində çəkilən səhnələr
o vaxt Bakıda Şərifzadə küçəsində
aparılıb. Yasamalın tikilməsi bu filmlə
tarixə düşüb.
Filmi Moskva senzurası əvvəlcə qəbul edilməyib,
deyiblər ki, komediya kimi zəif alınıb. Bu səbəbdən
çox az tirajla ekranlara buraxılıb.
Tezliklə Türkmənistan, Özbəkistan, Rusiyanın
müxtəlif şəhərlərindən Moskvaya bu filmi
göndərmək üçün sifarişlər gəlib.
Beləliklə, film SSRİ-də ən
çox nümayiş olunan filmlərdən biri olub.
(Aydın Kazımzadə, "Kinosalnamə" verilişi,
09.11.2013)
Akademik Cəfər Cəfərov yazır ki, filmin
dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha
çox film-konsertə oxşayır. (Aydın
Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013)
Qayıdıram,
əvvəldə dediyim səhnəyə: “Hamam tikəcəyik,
çarhovuzu da olacaq…” - dillərə düşmüş
“bayatıdır”.
“Əhməd
haradadır?” filmindən belə sitatlar bu günə qədər
dillər əzbəridir:
“Arvad nədir? Kişini evə bağlayan kəndir!”
“Hə... qəmədiyə düzəltmisiz?”
“Əhməd,
toyundur e..”
“Qızı biyabır elədik, qızı!”
“Sən hələ Nərgiz xalanı tanımırsan!”
“Zülümov
dedi, qutardı!”
“Əhmədlərin hamısını
çağırdım ki, işi birdəfəlik həll edək”
və sair…sadaladıqca bitməz. Moskva senzurası bu ifadələrin
duzunu hardan anlayardı ki, komediya olduğunu da bilsin…
Hardan bilsin ki, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu
çəkilən film komediya olmasa da komediya kimi görünəcək. Ağahüseyn
Cavadovun simasından komediya yağır.
87 dəqiqəlik filmin bəstəkarı Rauf
Hacıyevdir.
Filmi səsləndirənlərin də əməyi az deyil. Hər obrazın özünə
uyğun səsin tapılması az iş deyil.
Yusif Vəliyev Şirin rolunda Məmmədrza
Şeyxzamanovu səsləndirib. Həsənağa
Turabov Əhməd - Səyavuş Şəfiyevi. Müxlis Cənizadə Sürücü Əhməd
- Elxan Qasımovu. Sofa Bəsirzadə
Ofeliyanı. Hökumə Qurbanova Leyla
rolunda Töhfə Əzimovanı səsləndirib.
1964-cü ildə ekranlara çıxmış Azərbaycan
komediyası “Əhməd haradadır?” filmindən
danışdıq. Bu janrda yeni filmimizdən danışmaq arzusu ilə…
Ramilə Qurbanlı
Unikal.- 2020.- 22 avqust.- S.21.