Yoldaşını çox sevdiyi
üçün filmdə öpüşməkdən imtina edən,
qardaşı
arvadının cehizini oğurlayan Xalq artisti – Maraqlı faktlar
Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) 22 noyabr 1938-ci ildə Salyan rayonunda doğulub.
1956-cı
ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet
dövrünün bütün nümunəvi gəncləri
kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan
Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə
daxil olub. Atası oğlunu ali təhsilli müəllim
görmək istəyir. O isə 2-ci kursda təhsilini
yarımçıq qoyur. Müxtəlif teatrlarda
yardımçı heyətin tərkibində bir müddət
aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət
Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu
bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə
düzəlir.
Böyük
kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur.
Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə
şöhrət gətirən bu film onun atası ilə də
münasibətlərinin düzəlməsində
böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz
keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş,
hətta ondan küsmüşdü. Film televiziyada
yayımlanandan sonra qəfildən Ağaməmməd
kişinin oğlu bütün rayon əhlinin dilinə
düşür. Xəbərlər tezliklə küskün
atanın qulağına da çatır. Artıq ürəyində
bağışlayır oğlunu. Onun nə üçün
inad etdiyini, ata sözündən nə üçün
çıxdığını anlayır.
Üçüncü
kursda oxuyanda Həbib İsmayılov Həsəni
“Böyük dayaq” filminin sınaq çəkilişlərinə
dəvət edir. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə
güləş üzrə dünya çempionu Sadıq
Süleymanovun oğlu da dəvət almışdı. Həsən
düşündü ki, məşhurun oğlunu qoyub, yəqin
ki, onu filmə çəkməyəcəklər. Tətildə
çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində
“Qaraş” obrazına kimi çəkəcəyi barədə
tərəddüd edir. Bu zaman Bədii Şuranın
üzvü Rza Əfqanlının qızı Bədurə
Əfqanlı deyib ki, Həsən elə əsl
“Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib.
Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
***
Yüzə
qədər filmdə irili-xırdalı obrazlar yaratmasına
baxmayaraq, heç kim onun dilindən "mənim
yaratdığım" ifadəsini eşitməyib. Onu
insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı
sevdirmişdi.
Kinostudiyanın
yaxınlığında kirayə qaldığı həyətdə
ondan başqa da tələbələr qalırdı. Onlardan
biri Lətifə adlı qız Həsənin bütün diqqətini
özünə cəlb etmişdi. Çəkilişlərdən
vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu
qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri
Lətifəni qısqanırdılar. Lətifə isə hələ
məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq
var idi. Bir gün qız fərqinə varır ki, hər
gün onun ardınca yaraşıqlı bir gənc gəlir.
Ondan heç gözlərini çəkmir. Bu vəziyyət
üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi
bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər
bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən
sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci
ildə evlənirlər. İki övladları dünyaya gəlir
- Aynur və Əvəz...
***
Onun ən
yüksək keyfiyyətlərindən biri də sədaqəti
olması olub. Hələ təzə evləndikləri
zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə
çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı
elə güclü idi ki, bu, aralarında heç bir
narazılığa səbəb olmamışdı. Həyat
yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə
də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz
işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.
Lətifə
xanım bir hadisəni də xatırlayır: "Arif Babayev
"Birisi gün, gecə yarısı" filmini çəkirdi.
Çəkilişlər axşam aparılırdı. Bir
gün gecə saat 11-də qapı döyüldü.
Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində
də kabab və çörək. Məndən xahiş etdi
ki, bəlkə, evdə sulu xörək olar. Demə,
bütün restoranları gəzmişdilər, amma heç
yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan
duru xörək verdim. Çörəklə kababı da
götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə
yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə
nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu
yemək mənə tanış gəlir". Arif Babayev də
ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna
gəldi?" Həsən də cavab verir: "Hə,
yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə
oxşayır". Arif Babayev də gülərək "elə
sizin evin xörəyidir", - deyib.
***
Onun ən
yaralı yeri bəzi insanların çəkildiyi filmlərə
görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy
Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən
sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə
insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə
deyirmiş ki, mən zamanının insanını
oynamışam, dövrün insanını
canlandırmışam...
1971-ci ildə
"Gün keçdi" filminin çəkilişləri
zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun
sözləri çəpləşir. A. Babayevin ssenariyə
görə Əsmərlə (Leyla Şıxlinskaya)
Oqtayın öpüşməsi səhnəsini çəkmək
istəyi 33 yaşlı aktyor tərəfindən etirazla
qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu
epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə
etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif
etsə, filmdən imtina edəcək. Həmkarlarının
dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli
imiş və həyat yoldaşını çox sevdiyindən,
bu epizoda çəkilməyə razılıq vermir. Hətta
bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun
sözügedən epizoda çəkilməsinə heç nə
demir. Amma aktyor xanımının razılığına baxmayaraq,
yenə də fikrini dəyişmir.
***
Heç
vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib.
Olduqca mülayim adam olub. Hamıya “qurban sənə” deyə
müraciət edirmiş. Bəzən onun “sənə”sini də
demirdi elə “qurban” formasında qalmışdı dilində.
Yaxın
dostu kino adamı Şeyx Əbdül Mahmudov deyir: “Sovet məkanında
onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki,
filmi hansı planda çəkirsən? Qalanını
özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən
sən nəyi necə eləməlisən. “Kapriz” deyilən
bir şey onda yox idi. Çəkilişi qurtarırdı,
meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə
isə gələr, lazım olaram, bir də niyə arxamca
maşın göndərib axtarsın məni? İşə
gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş
boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor
yoxdur, içi mən qarışıq. Zarafatımız
vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə
qədər qadın, qız var, hamısı bunun əsiridir,
bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət
elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.
***
Kino sənətində
göstərdiyi xidmətlərə görə 1971-ci ildə
Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə
xalq artisti fəxri adlarına layiq görülüb.
“İstintaq” bədii filmindəki Murad roluna görə
SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki
Baba Əliyev obrazı üçün Azərbaycan SSR
dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə
“7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə
Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Rejissor
Tofiq İsmayılovun evində keçirilən ad
gününə əlində iri bağlama ilə gəlir.
Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm.
Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə
gedəndə Həsəni qanıqara görüb nə
olduğunu soruşur. Həsən deyir ki, bəs dünən
ad gününə hədiyyə ala bilməyib. Məcbur
qalıb, qardaşı arvadının cehizlik billur
vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki,
vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib
ki, evdə heç kimin xəbəri olmasın. Məndən
məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən
vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə
buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni
bilmişdilər, həmin gün o özüylə vazanı
dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.
Bir
gün tədbirlərin birində çəkinə-çəkinə
nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən
teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu
dərhal “Azdrama”nın o vaxtkı rəhbəri Həsən
Turabova tapşırır ki, Həsən Məmmədovu
işinə bərpa etsin.
***
Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.
Unikal.- 2020.- 29 avqust.- S.21.