Yaratdığı obrazlar qalereyasına görə sevilən aktyor
Dünən gün Xalq artisti Həsənağa
Salayevin doğum günüdür
Azərbaycan kinosunda özünəməxsus
yaradıcılıq üslubu
ilə fərqlənən
və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.
AZƏRTAC xəbər verir ki, bu
gün romantik və realist personajları,
mürəkkəb psixoloji
dramatik obrazları məharətlə yaratmış
Xalq artisti Həsənağa Salayevin
anadan olmasının
99-cu ildönümü tamam
olur.
Bakıda dünyaya göz açan Həsənağa
Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra
1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə
gedib, bir ildən sonra yenidən doğma teatra qayıdıb.
Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından
biri kimi yaratdığı obrazların
xarakterik cəhətlərinin
bədii təcəssümünə
görə sənətsevərlərin
yaddaşında dərin
iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda
səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları
ifa edib. Müxtəlif illərdə Səməd
Vurğunun "Xanlar"
(Mamulya), "Fərhad
və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və
Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz),
Ənvər Məmmədxanlının
"Şərqin səhəri"
(Mustafa), Uilyam Şekspirin
"Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.
Həsənağa Salayevin kinoda yaratdığı xarakterik
rolları isə bu gün də
tamaşaçılar tərəfindən
baxılır, sevilir. Aktyor "Azərbaycanfilm"
kinostudiyasının istehsal
etdiyi bir çox filmdə rol alıb. O, "Fətəli xan",
"Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?",
"Koroğlu", "İstintaq
davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman,
Musa, Əzim Əzimzadə,
Qüdrət, Eyvaz,
Mayor Rüstəmov, Əmirxan
rollarına çəkilib.
Həsənağa Salayev çılğın
ehtirası, vüqarlı
görünüşü, sərbəst səhnə
davranışı, əzəmətli
boy-buxunu, tamaşada tərəf müqabillərinə
diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili
səsini məharətlə
tənzimləyən aktyor
romantik rollarla realist personajları, mürəkkəb
psixoloji dönüşlü
dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində
ifa etdiyi obrazları çağdaş
dövrün ictimai-sosial,
mənəvi-əxlaqi problemləri
ilə ustalıqla əlaqələndirirdi.
Görkəmli kinorejissor Rza Təhmasibin 1960-cı ildə
çəkdiyi “Onu bağışlamaq olarmı?”
bədii filmində aktyora ikinci planlı rol olan kapitan Qüdrət
obrazı həvalə
edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü
az olsa
da, ictimai davranışın, nizam-intizam
qaydalarının formal cəhətini,
ailə və məişətdə, cəmiyyətdə
şəxsiyyətini ali
səviyyədə təsdiqləmək
prinsiplərini peşəkar
aktyor lirik və psixoloji nüanslarla göstərib.
Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək
araşdırma aparan,
gah da dostu
və məsləkdaşı
olan Qayanın təlatüm, səksəkə
içərisində yaşayan
ailəsində təmkinli,
səmimi davranışlarını
görürük. Dram janrında çəkilən
filmin bəzi kadrlarında gənclərin
(Qüdrətlə Qumrunun)
məhəbbət münasibətlərinə
xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik
hadisələrin gərginliyinin
qismən də olsa azalmasına, məişətdə və
ailədə mehribançılığın,
qarşılıqlı anlaşmanın
həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji
təsiretmə bacarığı
filmin mahiyyətini genişləndirir, tamaşaçını
bir anlıq da olsa, canilərin
qaranlıq dünyasından,
cinayət aləmindən
uzaqlaşdırır, hadisələrin
seyrçi yaddaşında
hərtərəfli təhlil
olunmasını təmin
edir.
Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını tamaşaçı
Səməd Vurğunun
“Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun
1960-cı ildə çəkdiyi
eyniadlı bədii televiziya filmində də görür.
Əsərin televiziya filmi kimi ekranlaşdırılması
nəzərdə tutulsa
da, ssenarini yazan Kamil Rüstəmbəyov
ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı
Azərbaycan kino tarixinə ilk bədii televiziya rejissoru kimi daxil olub.
Filmdə əsas rollardan
birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib. Az
sayda aktyorun yer aldığı filmdə tərəf-müqabillərinin
ekran dueti tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır.
“Aygün” bədii
televiziya filmi yeni ailə qurmuş gənclərin sosial həyat şəraitindən, qarşılıqlı
münasibətlərindən bəhs edir. Filmin mövzusu
bu gün də aktualdır. Çünki bu gün də ailədə gender bərabərsizliyini
yaradan, evdə öz hökmranlığını
bayağı şəkildə
yeridən Əmirxanlar
az deyil.
Yüksək qazanc əldə
etdiyinə görə
özünü qüsursuz
kişi sayan Əmirxan vaxtının çoxunu əyyaş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət
arasına çıxmasına
lüzum görmür,
yeganə övladı
ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb
içki dostlarına
yaxınlaşması onun
sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir.
Filmdə Əmirxan köhnəliyin,
mövhumatçılığın, Aygün isə tərəqqipərvərliyin, yeniliyin
nümunəsi kimi göstərilib. Əmirxan gec də olsa, cəmiyyətin cılız şəxsiyyəti
olduğunun fərqinə
varır. O, karyerasına
ciddi yanaşmaqla ətrafındakıların hörmətini
yenidən qazandıqdan
sonra ailəsinə qayıdır. Lakin buna qədər
tamaşaçı filmdə
yetkinlik yaşına çatan qızını
tək böyüdən
ananın - Aygünün
(Nəcibə Məlikova)
məşəqqətlərini görür. Bu gün də aktuallığını itirməyən
filmin yaradıcı heyəti qarşılarına
qoyduqları məqsədin,
yəni Azərbaycan ailəsinin davranış
etikasını, bütövlük,
dağılmazlıq prinsipini
maksimum səviyyədə
tamaşaçılara çatdıra
biliblər.
H.Salayev yaratdığı hər
bir obrazın xarakterik cəhətlərini
kiçik ştrixlərinə
qədər açır. O, Əmirxan
rolunun tipik cəhətlərini çox
kadrda monoifası ilə göstərərək
aktyorluq potensialının
çoxcəhətliliyini, fərdi iş üslubunu göstərmiş
oldu. Sonda həyata sağlam
düşüncə ilə
baxan Əmirxan yalnız müsbət xarakterlərin, sağlam psixologiyanın həmişə
insanlığı dəyərləndirən
əsas səbəb olduğunu göstərməklə
vicdan təmizliyinin varlığını təsdiqləyir.
Psixoloji
dram janrında çəkilən
filmdə hadisələrin
ziddiyyətlərinin açılması,
əsərin mənasının
tamaşaçıya çatdırılması
məhz Həsənağa
Salayevin yaratdığı
Əmirxan obrazının
üzərinə düşür.
Onun kino yaradıcılığında
daim nəzərəçarpan
obrazların dəqiq mövqelərini çatdırmaq
prinsipiallığı çəkildiyi
bütün filmlərdə
özünü göstərib.
Aktyorun epizodik rolları da yaddaqalan olurdu. Məsələn, “Görüş” filmində
aktyorun yaratdığı
Musa obrazı mülayim,
səmimi keyfiyyətlərə
malik olan bir personajdır. Üçüncü planlı rol
olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına
rəvac verir, rejissor və müəllif ideyalarını
səmimi formada tamaşaçıya çatdırır.
Filmin baş qəhrəmanı
Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən
Musa obrazı mənfiliklə-müsbətin,
yalanla-doğrunun təzadlı
anlayışı kimi
diqqəti cəlb edir. Musa məsləyinə,
sevgisinə, insanlarla münasibətində dəqiq
olan bir personajdır. Onun müsbət
keyfiyyətləri, əsl
azərbaycanlı kişisinə
məxsus xarakterik cəhətləri filmin ideyasına tamlıq gətirirdi.
H.Salayev “Azərbaycanfilm” kinostudiyasında
çəkilən bir
neçə filmin səsləndirilməsində də
iştirak edib. Aktyorun səsləndirdiyi
rolların mənfi və ya müsbət
olmasından asılı
olmayaraq onun ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla
çatdırır, dublyaj
sənətinin ən
azı kinonun özü qədər ciddi bir sənət
növü olduğunu
göstərirdi.
Həsənağa Salayev aktyorluq sənətində qazandığı
uğurlara görə
1959-cu ildə Əməkdar
artist, 1974-cü ildə isə
Xalq artisti fəxri adlarına layiq görülüb.
Yaradıcılığının ən müdrik çağında, 54 yaşında
Həsənağa Salayev
qəfildən iflic xəstəliyinə düçar
olub. Bir daha səhnəyə çıxmayan
aktyor 1981-ci il
oktyabrın 2-də dünyasını
dəyişib.
Unikal.- 2020.- 11 dekabr. S. 20.