“Məzarına qoyulan tək qızılgül bizi yandırıb-yaxdı...” – Şəhid “Ceki”nin sonuncu sirri

 

İllərdir savaşa dabanlarını qaldırıb boylanan bir uşağın gözü ilə baxmışam. Haqqında yazdığım şəhidlər məndən böyük olublar. Atalar haqqında yazmışam, övlad borcumu yerinə yetirmişəm...

 

İndi isə şəhid şəkillərinə baxıram... İlahi, rəngli fotolardan biləklərini öpmək istədiyim toppuş körpələr boylanır... Cəmi 20-25 il əvvəl çəkilib. Elə bilirsən, indi evdə sağa-sola qaçır... Elə bilirsən, hələ böyüyəcək...

 

Ağlına da gəlmir ki, bir neçə ildən sonra bu körpələr öz qanları ilə bir millətin alnındakı ləkəni siləcək... Bu balalar ölkənin tarixinə illərlə həsrətində olduğumuz zəfəri yazacaq...

 

Onlar uşaqlıq fotoları rəngli olsa da, uşaqlığı rəngli keçməyən, müharibə dövrünün uşaqlarıdır... Və müharibəni zəfərlə sonlandıran, torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullardır!

 

Bizə uşaqlıq fotolarındakı kimi rəngli həyat bəxş edən oğullar!

 

Vətən müharibəsində çox az şəhid var ki, yaşı Qarabağ savaşından çoxdur... Sanki illərdir biz bu müharibənin əzabını çəkdikcə fərqli ailələrdə xüsusi missiya daşıyan oğullar böyüyüb! Mən əminəm, bu xilaskar oğullar ən ləyaqətli, vicdanlı, halal ailələrdən tək-tək seçilib! Siz bir şəhidlərin şəklinə baxın, onların heç birinin simasında məsələn, bu günlərdə Qarabağ qazisinin hesabından pul oğurlayan şəxsin üzündəki ifadəni görməzsiniz! Hamısının siması nurludur!

 

Əminəm ki, bu tarixi qələbədə imzası olanları hansısa bir gizli qüvvə ən yaxşılar arasından seçib... Hamısı məğrur duruşlu, nakam təbəssümlü oğullardır...

 

Onlardan birini sizə - Lent.az oxucularına təqdim edəcəm. Ruslan Cəfərlini...

 

Ailəsində hər kəs onun təbəssümündən danışır. Heç bir situasiyada üzünü tərk etməyən təbəssümündən...

 

Ruslan 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Elə orada da 4 nömrəli məktəbdə təhsil alıb, 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə yollanan Ruslan Suqovuşan və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub...

 

25 illik ömür, 3 cümləyə sığan tərcümeyi-hal və bu qısa ömürdə qazanılan əbədiyyət! Azərbaycan qədər ömür qazanmaq! Bu dövlət və bu millət var olduqca, var olmaq! Bu, hər adamın qismətinə yazılmır, məhz Vətən müharibəsi şəhidlərinin taleyinə yazıldı!

 

Ailə üzvləri Ruslanı xatırlayır...

 

Cəfərovlar ailəsinin sonbeşiyi olub Ruslan...

 

Atası Nəcəf Cəfərli deyir ki, bilirsiniz necə şən uşaq idi?

 

Anası Tahirə Cəfərli əlavə edir ki, körpəliyindən gülərüz idi!

 

Bacısı Günay Kərimova “qardaşım onu tanıyanların yaddaşında gülüşü ilə qalıb” deyir...

 

Günayın 3 yaşlı qızı Zəhra isə “Ceki yoxdur, mən cizgi filminə kiminlə baxacam” soruşur...

 

Ailədə də, məhəllədə də hamı Ruslanı “Ceki” çağırırdı. Çünki uşaqlıqdan döyüş filmlərini sevən Ruslanın ən sevimli aktyoru Ceki Çan olub. Ən sevdiyi oyuncağı qılınc, ən sevdiyi xörək yarpaq dolması idi... Qısa ömrə avarçəkmə, üzgüçülük və voleybolu sığışdıra bilmişdi...

 

Atasının ürəyi xəstə idi deyə çox erkən yaşından ailənin yükünü çəkməli olmuşdu...

 

O qədər şən və mehriban idi ki, hər axşam evə gələndə əvvəlcə “Salam” deyər, həmən ardınca da “Əleykə” deyərək, özü-özünü cavablandırardı...

 

Anası Ruslanın sürprizləri sevdiyini deyir:

 

- Əsgərlikdən qayıtmağını xəbər verməmişdi, yanvar ayı idi. Gələndə görüb mən pəncərədən küçəyə baxıram, gizlənib. Mən evə keçəndən sonra gəlib qapını döydü...

 

Bacısı deyir, məndən balaca idi, amma həmişə gözü üstümdə idi, məni qorumağa çalışırdı...

 

“Ruslanın arzusu nə idi” sualına bacısı cavab verir:

 

- Pul yığıb maşın alacağam və o maşınla xarici ölkələri gəzəcəyəm, deyirdi... Maşın sürməyi çox sevirdi... Çox gözəl rəqs edirdi... Qorxunun nə olduğunu bilmirdi. İlk döyüşlərdə kaska da qoymurmuş... Özü də qabağa düşürmüş...

 

Əmisi qızı Çinarə Cəfərova “Ruslan başqalarına kömək etməyi sevirdi”, deyir. Gülüşü üzünü tərk etmir, zarafatından qalmır, eyni zamanda da çalışırdı hamıya faydalı olsun. Bakıda işləyəndə bizə tez-tez gəlirdi... Heç vaxt şirniyyata yox deməzdi, anam onun üçün xüsusi kəsmikli pirojna bişirərdi...

 

Xatirələrimizi günlərlə danışıb bitirə bilmərəm, qardaşım yoxdur, o mənim də qardaşım idi. Hər dəfə mənə “bacı, sən başqasan!” deyirdi... Son gedişi ilə dərk etdim ki, əslində o başqaymış... Ətrafım insanla doludur, amma heç kim Ruslan deyil... Bu qədər insani keyfiyyətin bir adamda cəmləşməsi sadəcə möcüzədir... Ruslan bizim üçün möcüzə idi... Üzü gülən, dili şirin möcüzə...

 

Qəribədir, Ruslan bu qısa ömründə üç dəfə ölümlə üz-üzə gəlmişdi, ikisində möcüzə nəticəsində xilas olmuşdu. Görünür Allah belə bir ürək sahibinin həyatının sıradan ölümlə sonlanmasını istəməyib...

 

İlk dəfə iki yaşı olanda açıq eyvandan yıxılma təhlükəsi ilə üz-üzə qalıb... Hadisəni xatırlayanlar həmin günü də Ruslanın unudulmaz gülüşünün üzündə olduğunu deyirlər...

 

İkinci dəfə iki il əvvəl, qaynaqçı işləyəndə yanğın təhlükəsi ilə üz-üzə qalıb. Özünü də xilas edib, hələ üstəlik iş yoldaşını da... Gödəkçəsini çıxardıb yanan dostunu söndürmüş, öz əlləri yanmışdı... Evə gülə-gülə gəlmişdi...

 

Üçüncü dəfə isə... Bu dəfə möcüzə baş vermədi...

 

Atası sonuncu zəngini xatırlayır:

 

- Ermənilər Mingəçevirə raket atanda zəng eləmişdi ki,  qorxmayın, burada cavablarını veririk! Axırlarına çıxacağıq! İndi döyüşə gedirəm, narahat olmayın! Oktyabrın 7-si idi... Bir neçə gün keçdi, xəbər çıxmadı... Həmin nömrəyə təkrar zəng etdik, cavab verən olmadı... Votsap vasitəsilə yazdıq, oxuyan olmadı... Müdafiə nazirliyi sadəcə “döyüşdədir” cavabını verirdi... Bu bir kəlmə ailəyə bəs etmir axı... Ailəliklə sonuncu zəng etdiyi nömrəni telefonumuza qeyd edib, votsapda izləməyə başladıq... Bir gün nəhayət votsapda online göründü... Yazdıq, oxumadı... Zəng-zəng ardınca... Axırda bir qadın açdı: “Oğlumun nömrəsidir, oktyabrın 10-da şəhid olub...”

 

Cəbhədən yayılan bütün videolara baxır, Ruslanı axtarırdıq. Bilirdik ki, sıxılan uşaqdır, həmişə bir kənara çəkilər. Özünü irəli atıb bir söz deməz, ancaq yenə də axtarırdıq... Nəhayət, tapdıq! AzTV ilə yayımlanan bir süjetə diqqətlə baxanda gördük ki, elə təxmin etdiyimiz kimi kənara çəkilib müsahibə verən əsgərlərə baxır... Videonun 2 dəqiqə 49-cu saniyəsində, əlini belinə qoyub, tanka söykənib, baxır... Sevindik ki, sağdır! Ancaq video bir ay əvvəl çəkilmişdi...

 

Nəhayət, noyabrın 18-də döyüşlərdə itkin düşdüyünü dedilər... Məlum oldu ki, şəhid olub, ancaq nəşi neytral zonada qalıb... Sonra zəng edib hərbi komissarlığa çağırdılar... Anası dedi ki, dərmanını iç, get, oğlumuzu gətir...

 

Noyabrın 21-də Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırdıq...

 

Ruslanın son döyüşünü, necə, hansı şəraitdə şəhid olduğunu bilmirik. Komandirinin də şəhid olduğunu dedilər... Ancaq biz əminik ki, Ruslan son damla qanına qədər döyüşüb. Oğlumuza bələdik...

 

Anası isə oğlunun şəhid olduğunu ilk gündən hiss etdiyini deyir:

 

- Mən oğluma bələdəm, əgər onun başı əldə olsa, lap yaralı da olsa bir yolunu tapıb bizə xəbər edərdi. Ruslan ola, 40 gün evə xəbər verməyə? Mümkün deyildi, elə körpə yaşından evin məsuliyyətini çiyninə götürmüşdü, bilirdi ki, evdə nigaran qalırıq. Atasının ürəyi xəstədir, o bizi heç vaxt nigaran qoymazdı. Ona görə də xəbər çıxmayandan düşündüm ki, balam şəhid olub...

 

Çinarə xatırlayır:

 

- Mənə “Erkək Fatma” deyirdi... Yəni 25 illik ömür yaşayasan, bir adamın xətrinə dəyməyəsən? Bütün sözlərə zarafatla cavab verərdi... Bir vərdişi var idi, hər gedəndə papağını unudurdu, hər dəfə də arxadan çağırırdım ki, “Ruslan, papağını qoyub gedirsən!”

 

Gülürdü ki, erkək Fatma, yad yerdə qoymuram ki, əmimgildə qoyuram!

 

Qızların xətrinə dəyməzdi... O qədər hörmətlə davranardı ki... Sonuncu dəfə məzarındakı gül-çiçəyin arasından tək qızılgül gördük... O qızılgülün hekayəsini bilmirik, ancaq bir başqa cür yandırdı bizi...

 

Əsgərlikdə olanda bir bloknotu olub, indi oxuyuruq, orada şeir yazıb:

 

Sevgilimdən ayrıldım,

 

Silahıma sarıldım.

 

Torpağıma bağlandım

 

Təki Vətən sağ olsun!

 

Sonuncu dəfə məzarını ziyarət edəndə o qədər ağladım ki, axırda dedim ki, Ruslan, bir hay ver! Sən axı bu qədər laqeyd deyildin, sən bu qədər ağlamağıma belə sakit dayanmazdın... və... məzarının başındakı əklil aşdı... Heyrətə gəldim... Mən belə əlamətləri ancaq filmlərdə görmüşdüm...

 

Ruslan, deyəsən, rəqəmləri də sevirmiş. Doğum tarixi: 25.05.1995. 25 il ömür yaşadı... 44 günlük müharibədə Mingəçevirin 44-cü şəhidi oldu... Müdafiə Nazirliyinin təqdim etdiyi şəhid siyahısında Ruslanın adı 44-cü səhifədə idi... Sentyabrın 21-də gedib, noyabrın 21-də gəldi... amma şəhid kimi...

 

Ailəsi onunla sonuncu görüşü belə xatırlayır:

 

- Sentyabrın 21-də təlimlərə qatıldı. Yola salanda Zəhra arxasınca ağladı... Dedik ki, nəsə al, əlinə ver, başı qarışsın, ağlamasın... Gedib şokolad almışdı... Ailə üzvlərinə hədiyyə etməyi çox sevərdi, sonuncu hədiyyəsini Zəhraya etdi...

 

Əslində isə Ruslanın ən son hədiyyəsi bu gün Suqovuşanda dalğalanan Azərbaycan bayrağıdır! Ruslanın son döyüşü Suqovuşan istiqamətində olub. Suqovuşanı fəth edən qalib əsgər... Ailəsi, dostları əmindir ki, son nəfəsində də təbəssümü Ruslanın üzünü tərk etməyib...

 

Unikal.- 2020.- 18 dekabr. S. 18.