Komandir: “Şuşanı əlbəyaxa
döyüşlərlə azad etdik”
Xüsusi təyinatlı dəstənin komandiri, mayor Zaur Rəhimov müzəffər Ordumuzun tarixi zəfərində
əməyi olan qazilərimizdəndir.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Vətən Müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb. O, döyüş yoldaşları ilə birlikdə torpaqlarımızın işğaldan azad olunması üçün canı və qanı ilə mübarizə aparıb: “Uzun müddət idi ki, bizə hərbçi olaraq bundan şərəfli tapşırıq ola bilməzdi ki. Torpaqların azad olunmasını biz çoxdan arzu edirdik. Allaha çox şükürlər olsun ki, o tapşırıq xidmətimiz dövründə bizə verildi. Mən özümü ona görə xoşbəxt sayıram ki, bu tapşırığın icra olunmasında, bu tapşırığın yerinə yetirilməsində mən iştirak etmişəm”.
Murov dağı silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alan Zaur həkimlərin cərrahi müdaxiləsindən sonra 10 gün keçməmiş cəbhəyə qayıdır: “İlk dəfə yaralandıqdan sonra bizim Ali Baş Komandanla görüşümüz oldu. Ali Baş Komandanın çıxışı nəticəsində, onun bizə verdiyi ruh yüksəkliyi nəticəsində və təbii ki, həkimlərimiz də sağ olsunlar, onların müalicələri nəticəsində tez bir zamanda sağalıb döyüşə qatıldım. Təkrar döyüşlərə qatılanda artıq Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərə, Hadrutun alınması, ondan sonra digər kəndlərimizin alınmasında iştirak etmişəm. Xüsusi təyinatlı taborun komandiri olaraq da bir sıra nailiyyətlərimiz olub. Düşmənin strateji mövqelərinin alınması, müəyyən kəndlərimizin boşalmasında, təmizlənməsində iştirak etmişəm. Sonuncu dəfə Şuşada noyabrın 6-da düşmənin Xankəndi istiqamətindən gələn 2 bölməsinin qarşısını alarkən orada yaralanmışam”.
Ali Baş Komandan tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan cəsur mayor Şuşada ayağından snayper gülləsi ilə vurulub: “Hətta mən elə hərbi qulluqçu görürdüm ki, avtomatla belə tanka atəş açırdı. İnandırım ki, düşmən tankını qoyub qaçırdı. Düzdür, qumbaraatan silahlarımız vardı, bəzilərini onunla sıradan çıxardıq, bəzilərini vurub yandırdıq. Düşmənin üzərinə əlbəyaxa döyüşlərlə və kiçik çaplı silahlardan hücuma keçərək biz Şuşanı azad etdik. Şuşanı azad edərkən özüm də ağır yaralandım”.
Qolundan, ayağından yaralanan əsgərlərinin, döyüş yoldaşlarının sarğı ilə vuruşmağa davam etməsindən, irəli getməsindən qürurla danışır komandir. Deyir ki, bəzi döyüşlərdə düşmənin canlı qüvvələrinin sayının çox olması da şəxsi heyətin qarşısını ala bilməyib: “Döyüşdə əsas torpaqların azad olunmasını düşünürdük ilk növbədə. Düzdür, adamın ailəsi, uşağı yadına düşür, darıxır onlar üçün. Amma öncə Vətən! Vətən əgər dardadırsa, təbii ki, ailə də, uşaq da qalır ikinci planda”.
Ailədən söz düşmüşkən, Zaur ailədə 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü yaralanıb. İndi isə ailənin sonbeşiyi olan Zaur Rəhimov xalqımızın 28 illik Vətən həsrətinə son qoymaq naminə müharibəyə qatılıb və yaralanıb:
Qardaşı İlqar Rəhimzadə qardaşı ilə fəxr etdiyini deyir: “Biz də ailəmiz adından cənab Ali Baş Komandana minnətdarlığımızı bildiririk, şəhidlərin ruhu qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə də tez sağalmağı Allahdan arzu edirik”.
Qohumu Könül Rəhimzadə də belə vətən oğulları ilə fəxr edir: “Xəstəxanalarda müalicə alan qazilərimizə Allahdan şəfa diləyirik və şəhid analarının qarşısında baş əyirik ki, belə Vətənə layiqli övladlar yetişdiriblər. Mən bir daha fəxr edirəm ki, mənim qaynım da məhz Qarabağ qazisidir. Bütün Azərbaycan qəhrəmanları ilə fəxr edirik ki, nə yaxşı, bizim belə qəhrəman övladlarımız var”.
Tural Kərimov
Rövşən Əzimov
Unikal.- 2020.- 4 dekabr.- S.18.