"Evdə
bütün həyat atama həsr olunmuşdu" - Qara
Qarayevin qızı – MÜSAHİBƏ
Bu il fevralın 5-də
Azərbaycanın dahi musiqiçisi Qara Qarayevin 102 yaşı
tamam oldu. Görkəmli bəstəkarı anmaq, onunla
bağlı xatirələrini bölüşmək
üçün qızı Züleyxa Qarayeva ilə
görüşdük. Dahi Qara Qarayevin qızı və Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara
Qarayevin Ev Muzeyinin direktoru Züleyxa Qarayeva APA-ya müsahibəsində
atasının bilinən və bilinməyən tərəflərindən
danışıb.
- Züleyxa xanım,
Qara Qarayevi daha çox ata, yoxsa dünya şöhrətli bəstəkar
kimi xatırlayırsınız?
- Bilirsiniz, insan uşaq
olanda atasının kim olduğunu başa düşmür. Sənin
üçün fərqi olmur, bəstəkardır, alimdir,
yoxsa müəllimdir, o, sadəcə, sənin atandır. Bir
evdə adi qaydada, ata-ananla ailə şəklində
yaşayır, məktəbə gedir, təhsil alırsan.
Ancaq illər keçir, sən böyüyürsən, onunsa
zamanı dolur, rəhmətə gedir. Yalnız bundan sonra onun
kimliyini, necə insan, necə ata, necə musiqiçi, necə
bəstəkar olduğunu anlamağa başlayırsan. Mən
sizə deyim ki, ümumiyyətlə, Qarayevlər ailəsində
kişilərin uşaq dalınca düşməsinə
yaxşı baxılmırdı. Uşaqlarla qadınlar, nənələr,
dayələr, müəllimlər məşğul olurdular.
Atanın vəzifəsi ailəni saxlamaq idi: yedirtmək,
içirtmək...
- Qazanc gətirmək...
- Bəli, bəli
(gülür). Əlbəttə, atam bizimlə çox vaxt
keçirmirdi. Asudə vaxtında isə nağıl
danışır, bizimlə fortepianoda çalır,
oynayır, bir sözlə qayğıkeş ataya
çevrilirdi. Vaxtının çoxunu isə təbii ki,
musiqiyə xərcləyirdi.
- Bildiyim qədəri ilə
gündə 14-15 saat çalışırmış.
- Doğrudur, bəzən
iki həftə otağından çıxmaya bilərdi. Nəfəsliyi
açıb, o cür siqaret çəkirdi, otaqdan
çıxmağa vaxtı olmurdu. Adətən, nahar yeməyini
də anam məcməyidə kabinetinə aparırdı.
- Atanız
çalışan zaman onun otağına girməyə
ixtiyarınız yox idi?
- Nə
danışırsınız? Biz ayaqlarımızın ucunda
gəzirdik ki, səsimiz çıxmasın. Otağa girib bircə
karandaş götürməyə belə ixtiyarımız yox
idi.
- İşləyəndə
sərt olurdu?
- Atam sərt adam deyildi,
sadəcə, heç kəsi görmürdü, başı
yalnız öz işinə qarışırdı. Hətta
adi vaxt divanda oturanda da görürdün ki, yenə fikirlidir,
nəyisə düşünür. Biz uşaq vaxtından yalnız
bir şeyi bilirdik: “Sakit, ata işləyir”. Ona görə də
çox sakit və intizamlı olmuşuq. Çünki evdə
bütün həyat atama həsr olunmuşdu. İki nənəm,
biz hamımız onun naminə yaşayırdıq.
- Hər şeyin onun
üçün olması Sizə eqoistlik kimi
görünmürdü? Atanız işləyir deyə, Siz
oynaya, səs çıxara, əylənə bilmirdiniz.
- Bizim oynamağa
vaxtımız yox idi. Hər gün günortaya qədər məktəbdə
olur, evə gəlib nahar edəndən sonra bir neçə
saat fortepianoda çalırdıq.
- Atanızı az-az
görürdünüz?
- Bəli.
- Heç
düşünmüsünüz ki, kaş atanız dahi bəstəkar
olmazdı, əvəzində Sizə lazımınca vaxt
ayıra bilən adi ata olaydı?
- Yox, qətiyyən, bu,
bizim həyatımız idi. Başqa bir həyatı təsəvvür
belə etmirdik.
- Züleyxa xanım,
deyilənə görə bir dəfə Mərkəzi Komitədən
yüksək vəzifəli şəxs evinizə zəng edib,
atanınızı soruşub. Ananız da deyib ki, Qara müəllim
hazırda məşğuldur, əsər yazır, telefona gələ
bilməz.
- Mən belə şey
eşitməmişəm, kimlərinsə uydurmasıdır. Əlbəttə,
telefona özü yaxınlaşmırdı, anam
yaxınlaşırdı. Evdə
olmayanda, ya işi olanda anam deyirdi ki, sonra zəng edin. Dediyim
kimi, kabinetində çalışanda heç kəsin ona
mane olmağa ixtiyarı yox idi. Ancaq vəzifəli adam zəng
etsin, atamı telefona çağırmasınlar... Mən belə
şey eşitməmişəm.
- Tanınmış adamlardan kimlər
evinizə qonaq gəlirdi?
- Nazim Hikmət, Şostakoviç gəlirdi.
Əlbəttə, Azərbaycan yazıçıları da gəlirdilər.
- Rəsul Rza.
- Bəli. Rəsul əmi ilə çox
yaxın dost idilər. Rəsul əmi tez-tez bizə gəlirdi,
mütəmadi telefonla danışır, məsləhətləşirdilər.
Heydər Əliyev də evimizdə çox hörmətli
insan olub.
- Evinizə gəlib?
- Yox, gəlməyib, amma çox yaxın əlaqələri
olub. Heydər Əliyev Qarayevin fikirlərinə həmişə
hörmətlə yanaşıb.
- Atanızla ananızın münasibətləri
necə idi? Məhəbbətləri ömürlərinin
sonuna kimi təravətini saxlamışdı?
- Hələ peşə məktəbində
oxuduqları vaxtda bir-birini sevmişdilər. Anam
üçün atam hər şey idi. O, atama görə
musiqini, işini atmışdı. Hər yerdə atamla birlikdə
idi, son anına qədər də elə oldu. Sizə deyim ki,
atamın yoxluğundan sonra anam on il yaşasa da, heç
özünə gələ bilmədi, elə hey atamı
deyirdi.
- Nə əcəb tez evlənmişdilər?
Üstəlik atanız həmin ərəfədə təhsil
alırdı, evlənməyə vaxtı da yox idi.
- O vaxt Üzeyir Hacıbəyov təklif
edir ki, bir neçə istedadlı gənci Moskvada təhsil
almağa göndərmək lazımdır. Həmin gənclər
Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov, atam və
violonçelist Davud Qədimov olur. Beləliklə, atamgil
Moskvaya təhsillərini davam etdirməyə gedirlər. Səfərqabağı
atam Əbülfəz babama və nənəm Solmaz xanıma
Tanyanı sevdiyini, onunla evlənmək istədiyini deyir və
gedir. Bundan sonra babam Tanyagilə yollanır. Hələ o vaxt
atamgil bu evdə, anamgilsə bir az aralıda
yaşayırdılar. Babam onlara deyir ki, oğlum Moskvaya gedib, o,
sizin qızı sevir, onunla evlənmək istəyir. Amma bir
halda ki o gedib, mən gərək Tanyanı özümlə
aparım. Onların hardasa 16-17 yaşı var idi. Beləcə
anam babamgilin evinə köçür.
- Deməli, qanuni şəkildə nikaha
girmirlər?
- Yox. Yaşları çatmırdı. Səhəri
gün babam “Təzəpir”ə gedib mollaya
kəbin kəsdirir, Tanyanın adını isə Tahirəyə
dəyişərək onu müsəlman edir.
- Ananız da bununla razılaşır?
- Əşi, nə fərqi var. Allah ki,
birdir. Onda kəbin “zaqs”dan vacib idi. “Zaqs”
kağızına fikir verən yox idi. Babam kəbin kağızını
gətirib nənəmə verib deyir, vəssalam, Tanya bizim gəlinimizdir.
- 1939-cu ildə isə evlənirlər.
- Bəli, 3 il bu cür yaşayır,
1939-da isə rəsmi nikaha girirlər.
- Sovet dövründə ziyalı ailələrin
çoxu dindən uzaq idi. Buna rəsmi ideologiya da icazə vermirdi.
Belə görürəm, Qarayevlər ailəsində bu qayda
pozulub.
- Nənəm Sona xanımın stolunun
üstündə 24 saat Quran kitabı açıq olub.
Özü də bu Quranı ona məktəbi bitirəndə
hədiyyə etmişdilər. Həmin Quran indi məndədir.
Hər dəfə imtahanımız olanda zəng edib deyərdik
ki, nənə, bu gün bizi yada sal. “Yada sal” o deməkdir ki,
bizim üçün dua elə. O, da dua edirdi ki,
imtahanlarımız uğurlu keçsin.
- Atanızın konsertləri,
premyeraları, vacib işləri olanda da nənəniz
qabaqcadan dua edirdi?
- Əlbəttə. Deyirəm, nənəm
hər gün Quran oxuyardı.
- Babanız da oxuyardı?
- O, rəhmətə gedəndə 4
yaşım vardı, yadımda qalmayıb.
- Bəs atanız?
- Yox, oxumurdu. Amma hərfləri
tanıyırdı. Bəzi qeydlərini də ərəb hərfləri
ilə edirdi.
- Deyilənə görə, Quranı əzbər
bilirmiş.
- Mən bilmirəm, Quranı bilirdi, ya yox,
ancaq çarpayısının yanındakı tumbanın
üstündə bütün həyatı boyu Quran olub.
Yastığının altında da bir Quran olub, onu da nənəm
qoymuşdu. Atam Qurana hörmət bəsləyər, onu fəlsəfə,
elm kimi öyrənərdi. O, həmişə
çalışardı ki, özünün qənaəti
olsun, kor-koranə heç nəyə inanmazdı. Donuz ətinin
haram buyurulmağından danışıb deyirdi ki, isti
ölkələrdə donuz əti tez xarab olduğu
üçün qadağan edilib. İçki barədə isə
deyirdi ki, orta əsrlərdə insanlar indiki kimi şüurlu
deyildilər, sərxoş olub bir-birlərini
öldürürdülər. Buna görə də Quranda
içki qadağan edilib.
- Özü içirdi?
- Əlbəttə.
- Cavan vaxtı SSRİ Xalq artisti adı,
Stalin, Lenin mükafatları almasına, müxtəlif təltiflərə
baxmayaraq Qara Qarayevin həyatında böhranlı, gərgin
anlar da az olmayıb. Rəsmi ideologiya onu Qərb burjuaziya
musiqisinə meyllənməkdə ittiham edir,
dövrünün ideologiyasına xidmət edənlər tərəfindən
tənqid olunurdu.
- Elədir, tənqidlər var idi. Sadəcə,
atam o qədər düzgün istiqamətlənmiş
düşüncədə idi ki, musiqi yazılmasının
müasir texnologiyasını əsaslandıra bilirdi. O deyirdi
ki, faşist marşları da köhnə sistemdə yazılıb.
Bu hesabla biz gərək köhnə sistemdən imtina edək.
Deməli, hər şey bəstəkarın özündən,
onun sistemi necə istifadə etməsindən
asılıdır, tonal sistemdə faşist marşı da
yazmaq olar, beynəlmiləl musiqi də.
- Sizcə SSRİ adlı
azadlığın boğulduğu bir rejimdə atanız
özünü bir sənətkar kimi tam ifadə edə
bilirdi?
- Əgər sənətkar
ağıllıdırsa, istənilən sistemdə
özünü ifadə edə bilər.
- Tarkovski İtaliyaya getdi və
qayıtmadı. Atanız da xaricə çox gedirdi və
qayıtmamaq şansı var idi.
- Evdə bu haqda söhbət olmayıb.
Atam iki dəfə Amerikaya gedib, dəfələrlə
müxtəlif ölkələrə səfər edib, ancaq
xaricdə qalmaq barədə söhbətlər heç zaman
olmayıb.
- Sizi də özü ilə
aparırdı?
- Onunla yalnız Bolqarıstana getmişik.
- Moskvaya niyə köçdü və
ömrünün son on ilini orda yaşadı?
- Atam SSRİ Bəstəkarlar
İttifaqının katibi idi, eyni zamanda Moskva
üçün çoxlu əsər yazırdı. Tez-tez
Moskvaya getməli olurdu. Belə olan təqdirdə Vəli
Axundov atama Moskvada mənzil verilməsinə nail oldu.
- Vəfat edəndə yanında idiniz?
- Reanimasiyada idi, yanına heç kəsi
buraxmırdılar.
- Xəstəliyi nə idi? Bildiyim qədəri
ilə hələ gənc yaşlarından ürək problemi
varmış.
- İndi bu əlbəttə xəstəlik
hesab olunmur. Ancaq o dövrdə tibb o dərəcədə
inkişaf etməmişdi. Ürək damarları sıradan
çıxmışdı.
- Yəqin cavan yaşlarından aktiv həyat,
gərgin ictimai fəaliyyət öz təsirini göstəribmiş.
- Düşünmürəm. Bu bizdə
genetikdir. Əbülfəz babam da 64 yaşında
ölüb.
- Mürsəl əminiz də.
- Əmimin 56 yaşı vardı. Nənəm
də ürəkdən ölüb… Ancaq o dövrdə tibb bu
cür inkişaf etməmişdi. Əlbəttə 64 yaş
indiki dövrdə nə yaşdır ki, biz artıq Fərəclə
(qardaşı Fərəc Qarayev-M.A.) bu yaşı
çoxdan keçmişik.
- Qəbrinin formasını da özü
veribmiş.
- Bəli.
- Niyə belə sadə qəbir istəyib?
- Qəbri hələ hündürdür.
Atam isə lap balaca, adi daş istəyirdi. O deyirdi ki,
İslamda qəbir, foto, abidə, qəbrə gül qoymaq -
belə şeylər yoxdur. Mən heç vaxt onun qəbrini
ziyarətə gedəndə gül aparmıram. Atam deyirdi ki,
İslamda qəbir yeri itməlidir. Bəli, qəbrinin
formasını da özü çəkmişdi. Memar Tələt
Xanlarov da o istədiyi kimi qəbrini düzəltdi.
- Fəxri Xiyabanda digərlərinin qəbrində
olduğu kimi abidə istəməmişdi?
- Yox. Biz qəbri onun istədiyi kimi
sifariş verdik. Bilirsiniz, atam adət-ənənələrə,
əcdadların qaydalarına hörmətlə
yanaşırdı. Mənim adımı niyə Züleyxa qoyublar?
Çünki Sona nənəmin anasının adı
Züleyxa olub. Bizdə bütün adlar təkrarlanır,
Əbülfəz də var, Mürsəl də var. Bircə
Qara adı heç kəsə qoyulmayıb.
- Niyə?
- Hələ qismət olmayıb
(gülür). İnşallah qismət olar.
- Sizin bir oğlunuz var, eləmi?
Özü də saksofonçudur.
- Bəli. Amerikada yaşayır.
- Siz Türkiyədə dərs deyirdiniz.
Ordakı işinizə davam edirsiniz?
- Mən 34 ildən artıq idi ki,
Türkiyədə yaşayır, orda dərs deyirdim. Lakin iki
ildir, muzey açılıb, mən də muzeyə rəhbərlik
edirəm, daha Türkiyədə çalışmıram.
- Atanız xarakterli adam olub. Xarakterli adamlar
isə qırmızını çox sevirlər. Muzeyin tərtibatında
da qırmızı rəng dominantlıq təşkil edir.
- Bəli, o cür olub. Çox prinsipial
adam idi. Amma bütün bunlar işində əks olunurdu,
münasibətlərə, evə təsir etmirdi.
- Xarakteri Tahir Salahovun çəkdiyi
portretdə də qabarıqdır.
- Elədir.
- Fikrət Əmirovla aralarının soyuq
olması barədə çox söz-söhbət var. Səbəb
nə idi?
- Bunu yanlış olaraq şişirdirlər.
Onlar, sadəcə, sənətdə ayrı yollarla gediblər.
Fikrət müəllim daha çox xalq musiqisinə, simfonik
muğamlara önəm verirdi. Qara isə müasir Qərb
musiqisi ilə gedir, Qərb musiqisi ilə Şərq musiqisini
birləşdirməyə çalışırdı.
- Aralarında heç konflikt yox idi?
- Belə şey olmayıb. Bulvarda birlikdə
gəzintiyə çıxır, iclaslarda yanaşı
otururdular. Deyilənlərə fikir vermək lazım deyil.
Fikrət Əmirovun oğlu mənim qardaşımın tələbəsi
olub. Əgər onlar arasında konflikt olsaydı, oğlu
qardaşımın sinfində oxumazdı.
- Atanızın hobbisi nə idi?
- Hələ cavanlığından
kiçik ölçülü avtomobil, marka, şəkilli
kibrit qutuları yığmağı xoşlayırdı.
Ömrünün sonlarında isə nişan kolleksiyasına
başlamışdı, kabinetində bütün divar
nişanla dolu idi. Hələ ki, muzeydə onları qoymağa
yer tapa bilmirik.
- Üzeyir bəyin ev muzeyində
paltarları, kostyumları da sərgilənir. Sizin muzeydə
atanızın geyimlərindən nümunələrə rast
gəlmədim...
- Qara Qarayevin Ev Muzeyi Avstriya şirkəti
tərəfindən tərtib olunub. Mən muzeyin naftalin iyi
verməsindən qorxurdum. İstəmirdim ki, muzeyin enerjisi bizi
keçmişə çəksin. Çünki bu cür əşyalar
bizi keçmişə çəkir. Əlbəttə,
dünyadan köçən doğmalarımızı
xatırlamalı, sevməliyik, ancaq öz həyatımızı
da bu xatirələr naminə məhv etməli deyilik. Bir dəfə
atam mənə dedi ki, atası rəhmətə gedəndə
ona elə gəlib ki, həyat dayandı. Bu haqda gündəliyində
də yazıb: “Bu gün atam öldü. Nə olacaq?” O, mənə
bunu danışanda soruşdum ki, niyə mənə belə
şeylər deyirsən? Cavab verdi ki, sən bilməlisən
ki, bu an gələndə həyatı durdurmaq olmaz. Siz
yaşamalı və irəli getməlisiniz.
Təbii ki, doğmalarımızı
xatırlayırıq, amma xatirələrimiz də bizə
xoş təsir bağışlamalıdır. Hər zaman onu
fərəhlə xatırlamalı, fərəh hissi ilə də
musiqisini dinləməli və deməliyik ki, nə
yaxşı bu dünyadan Qara Qarayev keçib, bizə belə
möhtəşəm bir musiqi miras qoyub.
Unikal.-2020.-15
fevral.- S.21