Los
Ancelesdə Nəsimi yaradıcılığına həsr
olunmuş tədbir
ABŞ-ın və dünyanın ən
nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles
Universitetinin (UCLA) Kitabxanasında 20 fevral 2020-ci il tarixində
azərbaycanlı şair və mütəfəkkir İmadəddin
Nəsiminin yaradıcılığına həsr olunmuş
geniş tədbir keçirilib.
UCLA və Azərbaycanın Los
Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə UCLA Kitabxanasının
rəhbərliyi və əməkdaşları, habelə
universitetin müəllim və tələbə heyəti,
tanınmış elm və mədəniyyət xadimləri,
jurnalistlər, Azərbaycan icmasının üzvləri və
digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə
açan UCLA Kitabxanasının direktor müavini Şaron Farb
Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi
İmadəddin Nəsiminin yaradıcılığına həsr
olunmuş belə bir önəmli tədbirə evsahibliyi etmələrindən
məmnun olduqlarını bildirib. O, Azərbaycan ilə UCLA
Kitabxanası arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş
Konsulluğun təşəbbüsü ilə Azərbaycan
Milli Kitabxanası və UCLA Kitabxanası arasında Anlaşma
Memorandumunun imzalandığını və bu tərəfdaşlığa
böyük önəm verdiklərini diqqətə
çatdırıb.
Kitabxananın Slavyan, Şərqi
Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı
Alena Aysinq öz çıxışında, Azərbaycan ilə
əməkdaşlıqdan və ötən il Azərbaycan
Milli Kitabxanasının dəvətilə Azərbaycana etdiyi
səfərdən danışaraq, ölkəmiz haqda xoş təəssüratlarını
slaydların köməyilə qonaqlarla bölüşüb.
Sonra çıxış edən
Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los
Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev, İmadəddin
Nəsiminin yaradıcılığından ətraflı bəhs
edərək, onun öz şeirlərində yüksək
humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi
kamillik, ədalət və ilahi eşq ideyalarını sadə
və anlaşıqlı dildə xalqa
çatdırdığını və bənzərsiz əsərlər
yaratdığını vurğulayıb. Diplomat qeyd edib ki, Nəsiminin
yaşadığı dövrdə fars dilinin dominant ədəbi
dil olmasına baxmayaraq, böyük şair ən gözəl
və tanınmış əsərlərini məhz öz ana
dili olan Azərbaycan dilində yaradaraq, doğma dilimizin və ədəbiyyatımızın
inkişafına böyük töhfələr verib.
Baş konsul ötən il Nəsiminin
anadan olmasının 650 illiyinin təntənə ilə qeyd
olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə
çatdırıb. O, Nəsimi yaradıcılığının
Azərbaycan ədəbiyyatının inkişafına
güclü təsir göstərdiyini, onun ideyalarının
indiyədək bir çox Azərbaycan və dünya ədiblərinin
yaradıcılığında dərin iz qoyduğunu qeyd
deyib. Baş konsul 650 il keçməsinə baxmayaraq, bu
ideyaların bu gün də aktual olduğunu və
böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu
xüsusda Azərbaycanın bu gün tolerantlıq və
multikulturalizm ənənələrinin hökm
sürdüyü məkan olduğunu, ölkəmizdə etnik
və dini mənsubiyyətindən asılı olmayaraq hər
kəsin harmoniya və sülh şəraitində birgə
yaşadıqlarını vurğulayıb.
Çıxışlardan sonra
tanınmış amerikalı aktyorlar Azərbaycan milli geyimlərində
sufi musiqisinin müşayiətilə Nəsiminin müxtəlif
əsərlərini ingilis dilində səsləndiriblər. Tədbirdə,
həmçinin Azərbaycan mənşəli britaniyalı
müğənni Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə
ifa edilmiş, Nəsimiyə həsr olunmuş
kompozisiyasının video-yazısı nümayiş etdirilib.
Tədbir qonaqlar tərəfindən böyük maraqla
qarşılanıb.
Unikal.-2020.-22 fevral.-S.19.