Cərimə
rotasının qəhrəman komandiri, “peyğəmbərə
görə” öldürülən Şeyx oğlu – Şəhid
ziyalı
“Şəhid” deyəndə
birbaşa güllə qabağında şəhid olanlardan
getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz
var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid
olanlardandır.
Lent.az -ın bu dəfəki
“Şəhid ziyalı”sı akademik, Sovet
İttifaqı qəhrəmanı Ziya Bünyadovdur.
Atası Musa
Mövsüm oğlu Bünyadov Bibiheybət şeyxlərinin
nəslindəndir. Sovet işğalından xeyli əvvəl
ataman Lyaxovun kazak diviziyasının alaylarından birində hərbi
tərcüməçi imiş.
Anası Raisa Mixaylovna
Qusakova isə Azərbaycanda çoxdan məskunlaşan rus
köçmənlərindən olub, Lənkəranda
dünyaya gəlib.
Şəcərəsi
barədə özü müsahibəsində deyir: "Atam
azərbaycanlı, anam rusdur... Mənim əsl adım
Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın
babası - şeyx Məhdi və s. Mən öz nəslimin
tarixini sənədlər üzrə
araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən
15 sülaləm şeyxlər olubdur və onların hər
birinin adını təyin etmişəm... Mənim soyadım
15-ci ulu babamın adından yaranmışdır -
Büned"
Ziya Bünyadov
1923-cü ilin dekabrın 21-də Astara şəhərində
anadan olub. Ailədə altı uşaqdan böyüyü idi.
Uşaqlar çox ciddi tərbiyə alıblar. Yəni
atanın “rejiminə” tabe. Atası xidməti işinə
görə Göyçaya göndərilmişdi və
Ziyanın uşaqlığı Göyçayda keçib.
Atasının sayəsində uşaqlıqdan ərəb
dilini bildiyindən Quranı orijinaldan oxuyurmuş. Orta məktəbi
əla qiymətlərlə başa vuran Ziya Bünyadov 1939-cu
ildə arzusunun arxasınca Bakıya gəlir. Arzusu təyyarəçi
olmaq idi. Lakin tibbi komissiyadan keçə bilmir. Əlacı kəsilir,
yaşının da üstünə süni surətdə iki
il artırıb, S.Orconikidze adına Bakı Piyadalar məktəbində
təhsilini davam etdirib. Elə bil müharibəyə qədər
hərbiçi olmağa tələsirmiş. 1941-ci ildə
leytenant rütbəsində əla qiymətlərlə məktəbi
bitirəndə müharibə ərəfəsi idi.
Onu Bessarabiyaya xidmətə
göndərdilər. İkinci Dünya Müharibəsi
başlayandan cəmi bir saat sonra Ziya Dnestr çayı üzərindəki
kiçik liman şəhəri Benderdə ilk döyüşə
girməli olub. Müharibə başlayandan qurtarana kimi
döyüşüb, hətta qurtarandan sonra da Berlində
komendantlıqda xidmət göstərib. Bəlkə
müharibə tarixində ikinci belə adam yoxdur ki,
başlanğıcdan sonuna, sonunun da sonuna qədər
döyüş yolu keçib – addım-addım. Bu müddətdə
bir dəfə yaralanıb, bir dəfə də kontuziya
aldığı üçün hospitalda müalicə
olunub.
Ukrayna, Moldova uğrunda
döyüşüb. Müharibənin ən ağır
nöqtələrindən biri olan Mozdokdan keçib. Tuapse,
Belorusiya, Polşa döyüşlərində iştirak edib.
Mühasirəyə düşüb, döyüşə-döyüşə
yarıb mühasirəni, polkun bayrağını da
özü ilə çıxardıb – polkun şərəfini
qoruyub. Şimali Qafqazda Saratovdan olan və yarısından
çoxu matroslardan ibarət 120 nəfərlik rotanın
komandiri olub.
Haqlı olduğunu
sübut etmək üçün komandirlə mübahisə
etdiyinə, onu söydüyünə görə cərimə
rotasına göndərilən Ziya Bünyadov orda da leytenant
olmasına rəğmən özündən yaşca və təcrübəcə
böyüklərin rəğbətini qazanır. Cərimə
rotasına komandir təyin edilir. Bir il orda qalır.
Visla-Oder əməliyyatı
zamanı kapitan Bünyadovun komandanlığı altında
123-cü cərimə rotası Pilitsa çayı üzərindəki
80 metrlik minalanmış körpünü ələ
keçirib. Üstəlik, əsas qüvvə gəlib
çıxana qədər bir neçə saat ərzində
onu düşmənin aramsız hücumlarından qoruyub
saxlaya bilib. Bu döyüşdə 670 nəfər
döyüşçüsü olan rotadan cəmi 47 nəfər
sağ qalmışdı.
1945-ci il fevralın 27-də
Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı
verilib. Həmin döyüşə, cərimə
rotasındakı qəhrəmanlığına görə. Qəribədir,
cərimə rotasında Sovet İttifaqı Qəhrəmanı
adını elə Ziya Bünyadov kimi mübariz, dönməz,
özgüvənli adam qazana bilərdi.
Müharibə başa
çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından
1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu –
Pankovda komendantın köməkçisi vəzifəsində
işləyib. Berlinin təsərrüfat və mədəniyyət
həyatının bərpası və
normallaşdırılması sahəsində fəal
iştirakına görə "Artur Bekker" və
"Vaffenbruderşaft" qızıl medalları ilə təltif
olunub. Məsələ
orden-medalda deyil, adam harda olubsa, uğurlu, birincilərdən
olub.
Görünür, bu illər ərzində
hərbi xidmət ona kifayət edib. Müharibədən sonra
uşaqlıqdan sevimli məşğuliyyəti olan dil bilgilərinin
arxasınca düşməyə qərar verib. Moskvada Şərqşünaslıq
İnstitutuna daxil olan Ziya həmin institutun
aspiranturasını da bitirib.
Həmin illərdə yazıçı
Yusif Vəzir Çəmənzəminlinin Daşkənddə
yaşayan bacısının qızı Tahirə də
Moskvada Şərqşünaslıqda oxuyurmuş.
İnstitutda şöhrəti yayılmış azərbaycanlı
Sovet İttifaqı qəhrəmanını hər gün
görsə də ondan qorxarmış Tahirə. Ziya çox
zəhmli və acıdil olduğundan heç kim ona
yaxınlaşmağa cəsarət etməzmiş, amma kənardan
hamı qibtə edərmiş bu qəhrəmana. Ziya da həmişə
tək gəzib-dolaşardı. Bir gün Tahirə Moskvaya gəlmiş
anasına danışır bu məsələni. Anası
deyir ki, qızım, sən qorxma, azərbaycanlındır,
yaxınlaş, tanışlıq ver. Qız uzaqgörən
anasının məsləhəti ilə yaxınlaşır
Ziya Bünyadova, özünün təqdim edir ki, mən də
azərbaycanlıyam. Hamının ondan gen gəzdiyini duyan
Ziya Bünyadov əvvəlcə çaşıb qalır
qızın bu cəsarətli addımı
qarşısında, sonra tanış olurlar. Sonradan Tahirə
xanım bilir ki, institutda hər addımda bu zəhmli
oğlanın məhz onun qarşısına
çıxması təsadüf deyil, zərurətə
çevrilən məqsədyönlü planlı addım
imiş.
“Dərslərdən sonra rəqs
axşamları olanda heç kim məni rəqsə
çağırmırdı. Fikirləşirdim ki, gözəl
bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən
demə, məni rəqsə çağırmaq istəyən
oğlanları Ziya aparıb arxada döyürmüş. Rus
qızlarının universitetdə ondan ötrü ürəyi
gedirdi. Bütün günü onu öpürdülər.
Sonra Ziya mənə evlilik təklif etdi.
Biz evlənəndə o qədər kasıb idik ki, nikah
zamanı mənə bağışlanılan çəkmələrimi
toydan sonra yemək almaq üçün satmağa məcbur
oldum. Evlənəndə cibimizdə avtobus pulu belə yox idi.
VVAQ-dan çıxanda qalacağımız yataqxanaya qədər
olan 15 km yolu piyada getdik”.
1954-cü ildə Ziya artıq
"İtaliya imperializmi Afrikada" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib. Moskva bu gənc ailə
üçün yeni imkanlar aça bilərdi. Amma Ziya
Bünyadov artıq Moskvada qalmaq istəmir, vətənə -
Bakıya qayıtmaq istəyi ona rahatlıq vermirdi.
Tahirə xanımın bütün
etirazlarına rəğmən Ziya Bünyadov qayıdır
Bakıya. Yenicə dünyaya gəlmiş oğlu Cəmillə
Tahirə xanım Moskvada qalırlar. Ziya Bünyadov müharibədə
aldığı kontuziyadan əziyyət çəkirmiş.
Qəribədir ki, xanımı yanında olanda kontuziya
tutmaları olmurmuş, amma ondan ayrı, Bakıda yaşayanda
tez-tez belə hallar olub. Ziya xanımına məktubunda bu barədə
yazıb: “İstəyirəm həmişə mənim
yanımda olasan. Və sənin gülüşün mənə
güc versin”.
Sonunda yenə qadın ürəyi ata ilə
oğulun da ayrılıq xiffəti çəkməyinə
dözmür və Tahirə xanım oğlunu da
götürüb gəlir Bakıya. Gələn kimi Tahirə
xanım Azərbaycan radiosunda türk verilişləri
şöbəsinin baş redaktoru vəzifəsində işə
başlayır.
Ziya Bünyadov isə Azərbaycan
EA-nın Tarix İnstitutunda elmi axtarışlarını
davam etdirirdi. Özünü qapdırmışdı elmə.
Həm də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində müəllim işləyirdi. 1964-cü
ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda
"Orta əsirlər tarixi" şöbəsinə rəhbərlik
edirdi.
1964-cü ildə o, "Azərbaycan VII-IX
əsrlərdə" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edərək, tarix elmləri
doktoru elmi dərəcəsi alır. 1965-ci ildə isə onun
eyniadlı monoqrafiyası çap olunub, kütləvi
yayılmışdı. Bununla Azərbaycan tarixində silinməz
izini qoyduğunu bəlkə heç özü heç
bilmirdi.
Vətənpərvər və çox ədalətli
adam idi. 1960-cı illərin ikinci yarısında Azərbaycanın
150 il əvvəl Rusiyanın tərkibinə necə daxil
olması haqqında elmi mübahisələr gedirdi. Bununla belə,
1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr
yarım öncə Azərbaycan könüllü surətdə
Rusiyanın tərkibinə daxil olub. Hətta bunu bayram kimi qeyd
edirdik. Bu münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif
olunmuşdu. 1967-1968-ci illərdə Ziya Bünyadov artıq
bir neçə dəfə açıq bildirmişdi ki,
doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub,
amma bu addım könüllü atılmayıb. Odur ki, tarixi
həqiqəti demək lazımdır, Azərbaycan
Rusiyanın tərkibinə zorla daxil edilib, işğal olunub.
Bünyadov bolşevizm terroru və siyasi
repressiyaların qurbanları ilə bağlı bir neçə
sanballı tədqiqat əsərinin müəllifidir. Həm
də sovet vaxtı. O, bolşevizm terroru nəticəsində
20-30-cu illərdə Azərbaycanda aparılmış
repressiyalar haqqında həqiqətləri ilk dəfə
aşkara çıxaran adamdır. O, tarixçi deyildi, şərqşünas
idi. Şərq dillərini araşdırıb, onlarla
bağlı materiallar hazırlayarkən Azərbaycanın
tarixi, keçmişi ilə bağlı materiallarla
rastlaşıb, oxuyub, araşdırdıqca dərinliyə
varıb, vardıqca elə həqiqətlər ortaya
çıxıb ki, Ziya Bünyadov kimi şəxsiyyət bu
həqiqətlərin qarşısında susa bilməzdi,
susmadı.
1937-ci ilin repressiya qurbanlarını xalqa
tanıtdırması, onların
günahsızlıqlarını, sadəcə azərbaycanlı
ziyalı olduqları və həqiqəti dedikləri
üçün susdurulduqlarını bəyan etməsi, bu
tarixi toz basmış vərəqlərdən ortaya
çıxartması da cəsarətli addım idi. Həm də
tarix qarşısında bir azərbaycanlı kimi böyük
xidmətdir.
Heydər Əliyev Ziya Bünyadovun bu
yönümdə fəaliyyətinin yüksək dəyərləndirib:
"Ziya Bünyadovun xidmətləri
çoxdur və onun ən böyük xidmətlərindən
biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında
- 90-cı illərin əvvəllərində o, bir daha
böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın
açılmamış arxivlərinə getdi, o arxivlərdən
Azərbaycan tarixinin XX əsrə aid səhifələrini
açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda
yazılar verdi və beləliklə də, əgər əvvəllər
Azərbaycan tarixinin orta əsrlərə aid çox
mühüm dövrlərini elmi əsərlərində
işıqlandırdısa, açdısa, göstərdisə,
son illərdə özünü buna həsr etdi. O cümlədən,
ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində
gedən prosesləri də, o dövrü də
doğru-düzgün tədqiq edənlərdən biri də
Ziya Bünyadovdur".
1965-ci ildə SSRİ Ali və Orta təhsil
Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı
ilə ona professor dərəcəsi verildi. 1966-cı ildən
başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin
daimi iştirakçısı olub. Türk xalqlarının
tarixinin öyrənilməsində böyük xidmətlərinə
görə, həmin ildə Türk Tarix Kurumunun müxbir üzvü,
1988-ci ildə isə onun fəxri üzvü
seçilmişdi.
O, Xilafət və Azərbaycanın
VII-XIII əsrlər tarixinin tədqiqatçılarından
idi. Bünyadov alban tarixçisi M.Qoşun
"Alban xronikası" əsərini 1960-cı ildə
ingilis dilindən, Ə.Bakuvinin “Abidələr”in xülasəsi
və qüdrətli hökmdarın möcüzələri"
1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin
Mankburnin həyatının təsviri" əsərini
1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə
etmişdi.
1980-ci ildə isə Azərbaycan Sovet
Ensiklopediyasının baş redaksiyasının üzvü
seçilmişdi. O, ensiklopediya üçün Azərbaycan
tarixinə aid çoxlu sayda məqalələr yazıb.
1981-ci ilin aprel ayından isə Azərbaycan
Milli Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu
vəzifədə 1986-cı ilə qədər fəaliyyət
göstərib. 1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar
elm xadimi" fəxri adı verilib.
1990-cı ildə Azərbaycan EA-nın
vitse-prezidenti seçiləndən sonra elmi fəaliyyəti
bir az da qol-qanad açıb. Dünən ona mane olanlar bu
gün vəzifəsinin xofundan kənara çəkilirdi. Hərçənd,
getdiyi yolda o qədər inamlı, cəsarətli və qətiyyətli
idi ki, heç bir maneə ona qalıb gəlib dayandıra
bilmirdi.
1991-ci ildə professor Vasim Məmmədəliyevlə
birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini
başa çatdırıb. Böyük məsuliyyət və
zəhmət, iradə və sevgi tələb edən bu işə
görə o, Hacı Zeynalabdin Tağıyev adına
mükafata layiq görülmüşdü. İndiyə qədər
də ana dilimizdə onun əməyinin bəhrəsi olan Quran
oxunur.
Bünyadov 1991-ci ildə
"Gülüstani-İrəm" əsərini ön
söz və şərhlərlə çap etdirmiş və
1993-cü ildə bu işinə görə Abbasqulu ağa
Bakıxanov adına mükafata layiq görülüb.
Onun araşdırmaları arasında orta əsrlərin
mütəfəkkir şairi İmadəddin Nəsimi və
onun ölümü ilə bağlı maraqlı iddialar da
var. Akademik, Nəsimin edam olunması və diri-diri dərisinin
soyulması ilə bağlı məlumatları mif
adlandırıb.
O, müasir Azərbaycan şərqşünaslarını
Nəsiminin edamına aid faktları yalnız türk alimi
Abdülbaqi Gölpınarlının "İslam
ensiklopediyasında"kı "Nəsimi" adlı məqaləsindən
götürdüklərini deyir və bununla kifayətlənməklərini
doğru saymırdı. Ziya Bünyadov məqaləsində Nəsiminin
necə öldürülməsi ilə bağlı qənaətlərin
zəifliyi və bizə gəlib çatan materialların
azlığından şikayət edir: "Nəsiminin
diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən
yaranmış bir əfsanədir və geniş kütlənin
ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə
isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi
baxmaq yanlışdır".
1990-cı illərdə Bünyadov
Bakının Azadlıq meydanında həqiqəti çəkinmədən
söyləyən, Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarının qarşısını
alan, onlara dəlillərlə etiraz edən, adam idi.
Bünyadov Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə qayıdışı üçün
müraciətə imza atmış 91 nəfər
tanınmış ziyalıdan biri idi. 1992-ci ildə o, Yeni Azərbaycan
Partiyası sədrinin müavini seçilmişdi. 1995-ci ildə
Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr daimi
komissiyasının seçki üzvü olmuşdu.
1997-ci il qarlı fevral ayının 21-də
Ziya Bünyadov yaşadığı binanın blokunda
ağzından güllələnərək qətlə
yetirildi. Bütün Azərbaycan bu qanlı faciə, qətliam
qarşısında donub qaldı. Bu nə ilk idi, nə son.
Çox görüb canım Azərbaycan belə faciələri,
çox yaşayıb. Çox Ziya Bünyadovlar Azərbaycan
üçün gözünü qırpmadan canını fəda
edib. Ziya Bünyadov tariximizin şəhiddir, şəhid
ziyalı. Onun qətli ətrafında çox versiyalar səsləndi,
el dilində gəzdi, hər kəs öz
dünyagörüşü və düşüncəsinə
görə onun qatilini “tapdı”.
Məhkəmənin hökmünə
görə isə... akademiki "Hizbullah" üzvləri qətlə
yetirib. Buna səbəb kimi tarixçi Moisey Kalankatuklunun “Alban
tarixi” kitabını tərcümə edərkən 254-cü
səhifədə guya İslam peyğəmbərini
aşağılaması göstərilir. “Hizbullah” təşkilatının
“Nəsrullah” adlı bir üzvü Bakıya gəlib. Burada
müəyyən adamları ətrafına toplayır,
başçıları da Tariyel Ramazanov və Cavanşir
Aslanov adlı şəxslər olub. Ziya Bünyadovu
tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra
İrana keçərkən öldürülüb.
Onunla vida mərasimində Heydər
Əliyevin çıxışı:
"Bu qədər dahi, bu qədər ali,
bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə
atılan güllə, onun qətlə yetirilməsi
bütün Azərbaycana xalqına edilən təcavüzdür,
Azərbaycan xalqına atılan güllədir. Çünki
Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil
edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin
içində seçiləni idi”.
Tahirə xanımın xatirələri:
“Ölümünü elə bil ki, hiss etmişdi. Fevral
ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, “Tahirə,
pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə
soruşanda o heç nə demədi. Sonra
hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla
yaxın dost idilər. Sən demə, orada
çıxış edir və nitqinin sonunda üzünü
qəbirə tərəf tutub deyir: “Səni yuxuda
görmüşəm Cahangir, deyirsən,
darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.
Bundan 10 gün sonra, fevralın 21-də
Ziya öldürüldü. Həmin gün heç vaxt
yadımdan çıxmaz. Mən bilirdim ki, Ziyanı
öldürəcəklər. Aynabənddə durub
çölə baxırdım. Ziyanın evə gəlmək
vaxt idi. Gördüm ki, Ziya əlində çörək
bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl
elədi və bloka girdi. Birdən səs eşitdim və tez
aşağı düşdüm .
Artıq gec idi, Ziyanı vurmuşdular”.
Ziya Bünyadovun qətlindən sonra
oğlu Cəmilin övladı, 20 yaşlı nəvəsi
Musa təhsil aldığı Amerikada qətlə yetirilib.
Atası Cəmil onun ölümünə dözə bilməyib,
dünyasını dəyişib.
Tahirə xanım Milli Məclisin
kitabxanasında çalışırdı. İki il əvvəl
rəhmətə gedib.
Heydər adlı
oğlu yaşayır...
Ramilə Qurbanlı
Unikal.-2020.-22
fevral.-S.20