“Qadın bildikləri barədə sussa
yaxşıdır” – Xalq artisti nisgilli və sevincli günlərini
bölüşür
Əyalət
teatrlarında çox böyük sənətkarlar
yetişib. Bəzisini tanımışıq, bəzisi
heç tanınmadan bu dünyadan köç edib. Gəncə
teatrında da sənətkarlar olub, var, yenə də olacaq.
Yenə bəzilərindən xəbərsiz olacağıq. “Pərvanələrin
rəqsi”, “Yuxu kimi” seriallar olmasaydı, Xalq artisti Pərvanə
Qurbanova da kütləvi tamaşaçıya
tanınmayacaqdı. Onu Gəncə Teatrının səhnəsindən
tanıyırdım, oynadığı seriallarda da diqqətimi
çəkdi. Sizin də diqqətinizi çəkdiyi
üçün bu dəfə Lent.az -ın
qonağıdır Pərvanə xanım Qurbanova.
- Bakı-Gəncə yollarındasınız,
serial çəkilişləri, teatr məşqləri. Daha
çox Bakıdasınız, yoxsa Gəncədə?
- Gəncədəyəm, əsas işim
ordadır, gündəlik teatrda işdəyəm.
Əsilli-köklü gəncəliyəm. Kiçik
qızım Bakıda yaşayır, həm də ona görə
tez-tez gəlirəm. Artıq öyrəşmişəm bu
yollara. Əvvəllər çox uzun gəlirdi yol mənə,
indi adət etmişəm, rahat gəlir.
- Gəncəni çox sevirəm, orda Azərbaycanın
ruhu var, Bakıda o ruhu göydələnlər uçurdub.
- Göydələnlər Gəncədə da
var. Gəncəni sevirəm deyən adamı mən Gəncəni
sevdiyindən çox sevirəm. Gəncə mənim
kökümdür. Çox imkanlar yaranıb ki, Bakıya
köçüm, köçməmişəm. Ordan ayrı
qala bilməzdim. Elə bilirəm, Gəncədən uzaq qalsam,
kökü susuz qalan ağac kimi quruyaram. Bər-bəzəkli
olmasın, belə düşünürəm. Gəncədə
Şeyx Nizaminin ruhu var, ona görə elə doğmadır, gələnlər
də o ruhun ağuşuna düşür, ona görə Gəncə
sevilir. Qızım Əskişəhərdə magistr təhsili
alırdı. Biz onu yerləşdirməyə gedəndə mənə
o qədər doğma gəldi o şəhər. Qızım
dedi, ana, Gəncəyə oxşayır bu şəhər, eləmi?
Orda Yunis Əmrənin ruhu var, Gəncədə Nizaminin, ona
görə adama doğma gəlir hər ikisi.
- Gəncə həm də Cavad xanı
xatırladır.
- O da var. Köklü gəncəlilər Gəncədən
qopa bilmirlər. Anam gəncəlidir. Atam Tap-Qaraqoyunludan gəlib
Gəncəyə, daha doğrusu, sürgün olunublar o vaxt.
- Gözünüzü açandan Gəncə
teatrında işləyirsiniz həm də.
- 40 ildir. 15 yaşımdan Gəncə
teatrında işləyirəm. Gözümü açandan təsadüfən
sənətin içinə düşmüşəm.
İnşaatçılar sarayına fortepiano kursuna gedirdim.
Böyük rejissorumuz rəhmətlik Hilal Həsənovun orda
dram dərnəyi vardı. Yeni il şənliyi
keçirilirdi, orda sülh göyərçinini oynamaq
üçün qız axtarırdılar. Mənə də
bir şeir oxutdurdular. Hilal müəllim dedi budur. Dedilər,
evdən icazə al, gəl. İstəmirdim, direktorumuz dedi ki,
kim səhnəyə çıxıb oynasa, onu bir il müddətinə
imtahanlardan azad edəcəm, çox sevindim. Onda anam yox idi
artıq, atama dedim, icazə verdi. Çıxdım şeirimi
dedim səhnədə, hamı məni qucaqlayıb
öpürdü, alqışlar susmurdu. Məni
maraqlandıran bir o idi ki, imtahanlardan azad olacam. Sonra o dərnəkdən
uzaqlaşa bilmədim. Səməd Vurğunun “Komsomol
poeması”nı hazırlayırdılar, mənə Humay
rolunu verdi. O qədər gözəl münasibəti vardı
bizimlə, adam o münasibətə ilişib qalırdı.
6-cı sinifdə oxuyurdum Xuraman rolunu oynayanda. Gəncə
teatrından sənətkarlar gəlmişdilər
tamaşamıza, teatrın baş rejissoru Yusif Bağırov,
Məmməd Bürcəliyev. Bakıdan da teatr aktyorları gəlmişdilər.
Ən yaxşı qız ifaçı kimi mənə
mükafat verdilər. Yusif Bağırov məndən
soruşdu ki, qızım, teatra gəlmək istəyərsən?
Dedim, yox. Dedi, maaş alacaqsan, səhnədə böyük sənətkarlarla
oynayacaqsan. Razılaşmadım. Anam rəhmətə gedəndə
8 yaşım vardı. Sonra da atamı itirdim. Evdə iki qardaşım
və mən qalmışdıq, yaşamalı idik axı.
Qardaşım da əsgərlikdə idi. Axırda getdim,
özüm xahiş etdim ki, məni işə
götürün. Götürdülər, belə
başladı peşəkar səhnədə yolum. İnsanlar
var, öz həyat yollarında oldu-olmadı əzabkeşliklərini,
əziyyətlə həyat yaşadıqlarını sərgiləyib,
ondan istifadə edirlər. Mən məktəbdə oxuyurdum,
atamın vəfat etdiyini heç kimə demədim ki, bilməsinlər,
kiminsə mənə yazığı gəlməsin.
- Əyalət teatrı sizi Gəncə və
onun ətrafında tanıtdırmışdı, Azərbaycan
tamaşaçısı isə sizi seriallardan tanıdı, həm
də son illər, bu sizi incitmir?
- Desəm incitmir, inanarsınız? Gəncə
camaatı məni çox sevir, çox şükür,
onların qadasını alım. Həmişə sevgi və
sayğı görmüşəm onlardan.
Kiçikli-böyüklü hansının qabağına
getmişəm, ayağıma gəliblər. Respublikada
tanınmağımın səbəbkarı isə
Rövşən İsaxdır.
- Rövşən İsax çox böyük
iş gördü Gəncə teatrının çox
istedadlı aktyorlarını tamaşaçıya
tanıtdırdı seriallarında.
- Çox minnətdaram ona. Onun çəkdiyi
“Pərvanələrin rəqsi”ndən sonra dörd seriala
çəkildim. “Pərvanələrin rəqsi” serialı və
oradakı Yaqut xanım obrazının dadı damağımda
qaldı.
- Pafoslu teatr dövründə sənətə
gəlmisiniz, amma pafossuz.
- Çünki Gəncə teatrı əvvəldən
pafoslu olmayıb, realist ənənəsi olan teatrdır. Gəncə
teatrının öz yolu var, öz ənənəsi olan
teatrdır. Klassik əsərlərin belə səhnə həlli
Gəncə teatrının quruluşunda həmişə
seçilib.
- Gəncə teatrında cəmi
üç dəfə canlı tamaşaçı olmuşam.
Ələddin Abbasovun iştirakı ilə “Dəli Kür”,
sonra onun 90 illik yubileyində, bir də sizin
iştirakınızla İradə Sayyanın qoyduğu “Dəli
yığıncağı” tamaşasına Gəncə
teatrında baxmışam. Televiziya çəkilişlərində
görmüşəm Gəncə teatrının
tamaşalarını.
- Hə, gəlmişdiniz o zaman “Dəli
yığıncağı”na. Onda mən sizi hələ
tanımırdım.
- Klassik ədəbi əsərlərin səhnə
həllində yaxşı rollarınız olub. “Dəli
yığıncağı”nda sizin “pırpız Sona”nız
bir başqadır. Sizdə gördüklərimi başqa
ifalarda görməmişəm, düzü. Ümumiyyətlə,
bədii ədəbiyyatla aranız necədir?
- Əvvəllər çox oxuyardım. Sonra
qayğılar artdı, mütaliə keçdi arxa plana.
Cabbarlını çox oxuyardım. Çox balaca idim Viktor
Hüqonu oxuyanda. Təsadüfən oxumamışam demək
Şekspiri. Demək dramaturgiya çəkib məni. Əsərlərin
kino həllini sevmirəm, amma istənilən əsəri
oxuyanda onun səhnə həllini görürəm. Bir də son
illər oxuduqlarımı unuduram, beynimdə problem oldu,
ondandır. Oxuduqlarım bu gün səhnədə mənə
çox kömək olur.
- Əlbəttə, mütaliəsi olmayan aktyordan aktyor
olmaz. Bədii filmə çəkilməmisiniz?
- “Haray” adlı bir filmə çəkilmişəm. 1992-ci ildə
Nüşabə Məmmədlinin ssenarisi ilə çəkilib.
- Hə,
Gəncənin Nüşabə xanımı, Məmmədli...
- Gəncənin
adını özünə qaytarılması uğrunda
mübarizə aparan Nüşabə xanım. Sovet
vaxtı, Mərkəzi Komitənin iclasında durub deyib ki, Gəncənin
adını özünə qaytarmaq lazımdır. Ona barmaq silkələyiblər tribunadan, Nüşabə
xanımın ürəyi gedib. İlini dəqiqi
xatırlamıram.
-
Görünür, çox stressli həyatınız olub,
yaddaş problemi ondan qaynaqlanır. Həyat
yoldaşınızı da tez itirmisiniz?
-
Böyük qızım ailə qurmuşdu, kiçiyimin 10
yaşı vardı. Tez idi, əlbəttə.
O qədər uşaq sevənəm ki, Allah imkan versəydi, qəhrəman
ana olardım.
- Bildiyim
qədər, o da aktyor idi...
- Bəli.
Cabbar Məmmədov, təyinatla gəlmişdi bizə. 93-cü ildə teatrla dolanmaq çətinləşdi,
uşaqlar böyüdülər, tələbatımız
artdı. Getməli oldu Rusiyaya. Qazanıb göndərirdi,
dolanışığımız düzəldi,
özümüzə gəldik. Əyalət
teatrları ağır vəziyyətdə idi. Biz ev aldıq, uşaqları təmin edə
bilirdik. Ancaq Gəncə kimi əyalət yeri,
aktrisa. Arxamca nələr danışırdılar... Kimin içindən, dünyagörüşündən
nə çıxdısa, danışdı. Şükür, bu gün hər şey öz yerinə
qoyulub, əyri-düz bəlli olub. O deyilənlər
yapışmadı mənə, yerlərə
dağılıb. 44 yaşım vardı
yoldaşım rəhmətə gedəndə.
-
Qadını belə qüdrətli edən nədir?
- Səbir.
Zaman bütün bulanıqları duruldur. Qadının ailəsi onu qüdrətli edir. Ailə deyəndə təkcə həyat
yoldaşı deyil. Nəsil, qardaş,
bacı-hamısı sənin ailəndir. Pərvanə
deyiləndə onların yalnız fəxr etməsi
üçün yaşamışam. Fəxrlə
“Pərvanə mənim bacımdır” – deyə bilsin
qardaşım. İnsan ona dəyər
verilən yerdə olmaq istəyir, heç sənətdə
olmasa belə. Sizə dəyər verilməyən
yerdə olarsınızmı? Yox.
Sizin gözəl qələminiz, ürəyiniz var. Buna dəyər
verilməyən yerdə olarsınız?
- Yox.
- Nə
deyilir-deyilsin, olduğum mərtəbəni sevirəm. Ondan bir addım da yuxarı iddiam yoxdur,
aşağını da istəmirəm.
- Sənətinizin
məktəbini oxumamısınız.
-
Sayım sizə keçdiyim məktəbləri: Ələddin
Abbasov, Sədayə xanım, Zülfüqar müəllim, Məmməd
Bürcəliyev, Qurban Abbasov. Onların məktəbindən
yoxdur. Elə bir münbit yerə
düşdüm ki, qol-budaq atdım. Çox
gözəl insanlar, sənətkarlar idilər. Ələddin
Abbasov çox qapalı adam idi, amma
adamı öyrətməkdə səxavətli idi. Pozitiv insan idi, həmişə dodaqaltı
zümzümə edərdi. Deyirdim, 120 il
yaşayacaq...
- Eyni qəbilli
rollar sizi yormur? Məsələn, ilk
serialdakı Yaqut xanımla sonuncu “Yuxu kimi”də Sərvinaz
çoxmu fərqlidir? “Pırpız Sona”nı
oynayan aktrisa bu bənzər obrazları ayıra bilər
bir-birindən.
- Mən
deməzdim, onlar fərqli talelər yaşayan insanlardır. Yaqut xanımın ailəsində problemi yoxdur, amma Sərvinazın
problemi birbaşa yoldaşı ilə bağlıdır.
Yaqut xanım qadın kimi xoşbəxtdir, ana
kimi nisgillidir. Sərvinaz xanım qadın
kimi bədbəxtdir. Əri onun
yaşlı vaxtında gənc xanıma vurulub. Sərvinazın sayəsində elə imkanlı
olublar, amma indi Sərvinaz yaşlanıb. Qadını
əzir bu. Qadın yaşı qəbul etmir axı. Ərinin məhz gənc qadına vurulması
qadını sarsıdır. Rövşən
müəllim bilərəkdən 25 yaş özündən
kiçik qadınla rastlaşdırıb onun ərini.
- Sərvinazın
yerinə Pərvanə olsa neyləyərdi?
- Mən
onu yaşamadım, bilmirəm. Yoldaşım
çox tez getdi, mən gənc idim. Amma
indiki halda düşünürəm ki, qadın hər
şeyi üzə çıxartmamalıdır, bildirməməlidir.
Qadın bildikləri barədə sussa
yaxşıdır. Qarşındakı da
anlasın ki, bilirsən, amma susursan. Onda əzilən
o olacaq, sən yox.
- Adama elə
gəlir Rövşən sizi düşünüb yazıb o
obrazı. Bu yerdə Pərvanə xanım neyləyərdisə,
Sərvinaz da məhz onu edir.
- Elə deyir, deyir düşünürəm
ki, Elxan burda neyləyərdi, Pərvanə xanım neyləyərdi.
İnsanı yandıran mətləblər onu paylaşsan da
yandırır, paylaşmasan da.
- Ana kimi xoşbəxtsiniz, qadın kimi, yoxsa
aktrisa kimi?
- Ana kimi. Övlad kimi də
yarım qalmışdım, qadın kimi də. 15
yaşından özünə qardaş yükünü də
götürüb çəkən qızcığaz nə
zaman rahat nəfəs ala bildi ki... İndi də balamıza
“burda belə etmə, belə məsləhətdir” - deyirik.
Onu deyənim olmadı, özüm yıxılıb,
özüm durdum həyatda. Heç əlimdən tutanım,
“qorxma, qalx” deyənim olmadı. Aktrisa olmağın da çətinliyi
üstəlik. Üst-başımın köhnəliyini də
üzümə vuranlar olurdu aktrisa həmkarlarımdan. “Belə
gözəl-göyçək qız nimdaş palto içində”
deyən aktrisaya dönüb “təzə gödəkçəniz
sizə çox yaraşır, mübarəkdir” demişəm.
İndi bu yaşımda bəlkə onu bacarmaram. Çox
şükür hər günə.
- Bu gündən dünənə baxanda nəyisə
dəyişərdiniz?
- Heç nəyi. Hamısı mənim həyatımdır.
Çox şükür, qızlarım bütün çətinliklərimi
unutdurublar mənə. Xoşbəxt ana, bəxtəvər nənəyəm.
Qurbanlı Ramilə
Unikal.- 2020.- 15 fevral.-
S.20