Sui-qəsddən qurtulub, sevgidən ölən
İsmayılın sirri – Şəhid ziyalı
“Şəhid” deyəndə birbaşa güllə
qabağında şəhid olanlardan getməyəcək
söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu
layihə el-oba, vətən yolunda elmi, sənəti,
düşüncəsi ilə mübarizə aparıb, bu yolda
fəda olanlar haqqındadır. Lent.az -ın “Şəhid
ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız
sənət adamıdır, aktyor Ceyhun Mirzəyev.
O, atasının ikinci evliyindən dünyaya gəlmişdi.
Atası Cəmil Mirzəyevin birinci evliliyindən
övladı olmamışdı. Hamı demişdi ki,
qadınını boşa, yenidən evlən, övladın
olsun, amma 17 il birgə həyat sürdüyü
ömür-gün yoldaşından ayrılmamışdı
kişi.
17
ildən sonra qadın dünyasını dəyişib,
yalnız ondan sonra ikinci dəfə evlənib. Xanımın da ikinci evliliyi idi, birinci ərindən
- İbrahim Məmmədəliyevdən bir qızı da
vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı
kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun
dünyaya gələndə yalnız ailənin deyil,
bütün nəslin sevinci hədsiz oldu.
Ceyhunun atası Cəmil Mirzəyev hərbçi
olub. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda zabit kimi xidmət
edib. Sonra 1938-ci ilə qədər hüquq-mühafizə
orqanlarında yüksək vəzifələrdə
çalışıb. 1938-ci ildə “qanunsuz əmri yerinə
yetirmədiyi üçün” xidmətdən
uzaqlaşdırılıb. 1951-ci ildə dünyasını
dəyişib.
Evlənəndə artıq 48
yaşı olan Cəmil Mirzəyev Ceyhun 5 yaşında olanda
ürək çatışmazlığından
dünyasını dəyişir. İllərdir övlad həsrətində
olan ataya övlad sevincini doyunca yaşamaq qismət
olmadığı kimi, övlada – Ceyhun Mirzəyevə də
ata qismət deyilmiş.
İsmayılın uşaqlığı
Bəli, Ceyhun Mirzəyevdən
danışırıq. 1946-cı il aprelin 9-da Bakıda anadan
olsa da, əsli Qarabağdan - Ağdamın Abdal-Gülablı
kəndindən olan, bir ömürdə iki tale yaşayan
aktyor Ceyhun Mirzəyevdən.
Sənət taleyinin birinci dönəmində
“Ögey ana”dakı İsmayıl, ikinci dövründə isə
“Fəryad”dakı İsmayıl kimi iki əsr insanların
yaddaşına yazılan Ceyhun Mirzəyev.
Hələ kiçik yaşlarından Azərbaycan
Televiziyasında uşaq verilişlərində iştirak
edirdi. Onu elə efirdən görüb bəyənən
rejissor Həbib İsmayılov “Ögey ana” filmində
İsmayıl roluna dəvət etdi.
Bu film eyni anda neçə-neçə taleyi
özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin
özünün yetimliyi, ögey bacısının olması
vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın
taleyi filmdə öz əksini tapmışdı.
Film çox sevildi, xüsusən İsmayıl
və onun ögey anası. Görünür, hər iki obrazda
onu yaradan aktyorların öz həyatından ştrixlərin
olması hər şeyin təbii alınmasına çox
ciddi təsir göstərdi.
Balaca Ceyhun isə kinodan və
uşaq verilişlərindən aldığı qonorarla
artıq ailəni - bacısı və anasını
dolandırırdı.
“Ögey
ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone”
(1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib),
“Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968) “Dəli
Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı”
(1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989) - ümumən
25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun sənətə
aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi
vardı. İncəsənət İnstitutunun rejissorluq
fakültəsini bitirmişdi. Moskvada təcrübə
keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər
işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi.
Sevgisindən vaz keçmədi
Bir gün artıq gənc aktyor-rejissor Ceyhun
Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi.
Qalanını aktyorun həyat
yoldaşı, baş ədliyyə müşaviri Lidiya Mirzəyeva
danışır:
“Onun 18, mənim 17
yaşım vardı. Bizi məktəbdən Moskvaya
aparmışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan
artistlər də burdadır. Onda Ceyhunu ekrandan
tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə
onları canlı şəkildə Bakıya yola salanda
gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim
ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə
telefon nömrələrimizi verdik və ayrıldıq. Mən
Bakıya qayıdandan sonra bir dəfə mənə zəng
vurdu, görüş təklif etdi. Mən də razı
olmadım, onu bir az acıladım. Bu, bizim son
danışığımız oldu”.
Düz 8 ildən sonra Ceyhun
onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə
gəlir, pəncərəni döyüb otağa bir gül
atır və gedir. Nəhayət, sevdiyi qızın
könlünü alır və onunla ailə qurmasına
razı sala bilir.
Ceyhunla Lidiya 1973-cü ildə
ailə qururlar və Cəmilə adlı bir qızları
dünyaya gəlir: “Bəzən məndən soruşurdular
ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki
uşağım var - Ceyhun və Cəmilə. Ceyhun
doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi,
gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq,
kövrək adam idi ki... Ehtiyacı olan hər kəsə əl
tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə
nə qədər gənci işlə təmin etdi.
Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli
haqsızlıqlar olmuşdu. Bir müddət
yaradıcılığında fasilə yarandı.
Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul
etmirdilər. Bunun da səbəbi kinostudiyanın o vaxtkı
direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin
arasında yaşanan problem idi.
Seymur Mirzəyev əvvəl Moskvadakı
“Romen”, sonra Mayakovski, Yermolov teatrlarının icraçı
direktoru olmuşdu. Onların arasında nəsə şəxsi
problemləri vardı. Ceyhun da bu şəxsi münasibətlərin
qurbanına çevrilmişdi, əziyyət çəkirdi.
Amma Ceyhun kimi bir insanı incitmək olmazdı axı. Mən
ona təskinlik verməyə çalışırdım. Ona
qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi.
Düzdür, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o,
sözün əsl mənasında xalqın artistidir. Xalq onu
sevir. O da xalqını çox sevirdi. Film çəkəndə
aldığı qonorardan xəbəri də olmurdu, pul onu
maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək
nəsillərə miras qalmalıdır”. O, çox təmiz
insan olub, xalqa xidməti qarşısında heç nə
ummayıb, güdməyib. Bütün filmlərinə canla,
ürəklə yanaşıb”.
Onun rejissor kimi ilk işi “Bəyin
oğurlanması” filmi olub. Onun ardınca “İşarəni dənizdən
gözləyin” filmini çəkib. “Fəryad” sonuncu filmidir.
Elə bil nəyisə
duyubmuş kimi “Ögey ana”dakı İsmayıl
obrazının sonrakı taleyini gətirib “Fəryad” filmi ilə
bağladı. Bu, Ceyhun Mirzəyevin aktyor və rejissor kimi
axırıncı işi olur. “Fəryad” onun son fəryadı idi -
qu quşunun son nəğməsi kimi.
Sui-qəsd?
Filmin operatoru Kənan Məmmədov
deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm”
kinostudiyasında istehsal olunub: “Biz ilk olaraq filmin harada çəkiləcəyi
barədə çox düşündük. Bu,
mühüm məsələ idi. Sonra
Ceyhunla belə qərara gəldik ki, çəkilişlər
soyuq fəsildə aparılmalıdır. Çünki
Qarabağ savaşından bəhs edən filmi yayda,
otun-çiçəyin arasında çəkmək
düzgün olmazdı. Filmin bütün
natura çəkilişləri Murovdağın ətəyində,
Goranboyun Zeyvə, Qaraçinar, Ağcakənd kəndlərində
keçdi. Onda döyüşlər təzəcə
başa çatmışdı. Biz ora
yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə
baxmayaraq, 15 günə natura çəkilişlərini
bitirdik. Düzdür, təşkilati
problemlər vardı. Məsələn, əsgərlər,
patron, avtomat lazım idi, onları çətinliklə əldə
edirdik. Amma mənəvi çətinliklər
daha çox idi. Hamımız daxilən
çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi.
Torpaqlarımızın işğalı ona pis
təsir etmişdi”.
Kənan Məmmədov çəkilişlər
zamanı baş verən bəzi hadisələri də
xatırlayır:
“Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini
eşidən İsmayıl bunu kimin elədiyini başa
düşür. Səngərin arası ilə
qaça-qaça gəlib ermənilərin mövqeyinə
çatır və bu alçaqlığı edən ermənini
öldürür. Bu səhnəni hərəkətlə
çəkirdim. Kamera maşında idi.
Ceyhun ağacların arasında
qaçdığı müddətdə maşın da
paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi
bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir
ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilibmiş.
Kim eləmişdi, bilmirik. Amma
təbii ki, əvvəlcədən olmuşdu. Ceyhun onu son anda görüb, əlilə itələyib
yıxılmasaydı, ip boğazını üzərdi.
Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb,
yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan
keçir. Qış ayı, dağdan gələn su, adamın
barmağını da kəsirdi. Mən
etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin.
Amma Ceyhun razı olmadı, özü çəkildi.
Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə,
bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi.
Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi
elə bil. Bəlkə də ürəyinə
nəsə dammışdı. Amma
çox təəssüf ki, tam olaraq başa çatdıra
bilmədi. Filmin qaralama montajı bitəndə
Ceyhun rəhmətə getdi. Özü də
montajı birlikdə edirdik. Mənsiz eləməzdi.
Deyirdi, “sən bütün materialı məndən
yaxşı bilirsən...” Nə öz rolunu səsləndirə
bildi, nə də filmi gördü”.
İsmayıl böyüdü və…
Lidiya xanım danışır ki, həyat
yoldaşı “Fəryad”ın çəkilişlərindən
qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir,
düşünür, öz-özünə
danışırdı. Erməniləri
söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan,
ümumiyyətlə, bütün haqsızlıqlardan
hayıf çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara
çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad”
filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev
mikroinsult keçirdi. İki həftəlik
müalicədən sonra yenidən filmin işlərini davam
etdirməyə başladı. Özü də tələsərək...
Filmi tez başa çatdırıb ekranlara
çıxarmaq arzusundaydı.
Rayonlar bir-bir işğal olunurdu, vəziyyət
gərgin, film ərsəyə gətirmək zülm. Ceyhun Mirzəyev isə həm
vətənini, həm də kinonu çox sevirdi.1993-cü il martın 5-də, 47 yaşının
tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya
getmişdi. “Fəryad” filmi haqqında veriliş
hazırlanırdı. Elə oradaca vəziyyəti
pisləşib. Diktor Hicran Hüseynov onu
maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev
özündə olmayıb. Yalnız əli
ürəyinin üstündə olub. Xanımı
danışır ki, ürəyində güclü
ağrı vardı: “Tez uzandırdıq, təcili yardım
çağırdıq. Əsirdi, titrəyirdi
deyə ayağını isti suya qoydum. Yenə
xeyri olmadı. Bir anlıq
gözünü açıb qızımız Cəmiləni
çağırdı. Qızın
üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili
yardım gəlib dedi ki, bayaqdan canını
tapşırıb...”
Ceyhun Mirzəyevin ögey bacısı həyata Bilgəhdəki
“Qocalar evi”ndə əlvida dedi, xanımı Moskvada
dünyasını dəyişdi.Qızı Cəmilə
xaricdə yaşayır.
İsmayılın “Ögey ana”da
başlayan həyat yolu “Fəryad”la beləcə bitdi. Şəhidlik təkcə
güllə qabağında ölmək deyil...
Ramilə
Qurbanlı
Unikal.- 2020.- 29 fevral.- S.20.