"Ulu
türkün Təbrizi"
filmi təqdim olunub
Nizami Kino Mərkəzində Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş
“Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçirilib.
Lent.az xəbər
verir ki, filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir. Ekran əsəri Azərbaycanın
Milli Qəhrəmanı
Təbriz Xəlilbəyliyə
həsr edilib.
Əvvəlcə Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycanfilm”
kinostudiyasının direktoru,
Əməkdar incəsənət
xadimi, professor Cəmil
Quliyev Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında milli tarixi yaddaşımızın
yaşadılması, Qarabağ
hadisələri, Milli
qəhrəmanlarımızın tanıdılması üçün
çoxsaylı ekran əsərlərinin çəkildiyini
və dünyada nümayiş olunduğunu
söyləyib.
Milli Qəhrəman Təbriz Xəlilbəylinin
Qarabağ hadisələrinin
ilk günündən cəbhəyə
getmək istəyindən,
torpaqlarımızın işğaldan
azad olunması naminə göstərdiyi şücaətdən danışan
Cəmil Quliyev deyib ki, onun
kimi qəhrəmanların
ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına
həsr olunmuş silsilə sənədli filmlərin lentə alındığını söyləyən
filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə qəhrəmana
həsr olunmuş film
üzərində həvəslə
işlədiyindən danışıb.
Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası
Firəngiz Xəlilbəyli
şəhidlərin ölmədiyini,
onların hər zaman mənsub olduğu millətin yaddaşında yaşadığını
söyləyib. Təbrizin hələ uşaqlıqdan
böyük amallarla yaşadığını söyləyən
Firəngiz Xəlilbəyli
deyib ki, oğlu ölümü ilə ölümsüzlük
qazanıb və gənc nəslə vətənsevərlik nümunəsi
göstərib.
O, ömür-gün yoldaşı,
Xalq şairi Xəlil Rza Uluturkün oğlu Təbrizə həsr etdiyi şeiri söyləyib.
Sonra film təqdim
olunub. Filmdə Milli Qəhrəman
Təbriz Xəlilbəylinin
çoxlarına örnək
olan ömür yolu öz əksini
tapıb.
Qeyd edək ki, Təbriz
Xəlilbəyli 1964-cü il fevralın 12-də
Bakı şəhərində,
Xalq şairi Xəlil Rza Uluturkün ailəsində
dünyaya göz açıb. 1981-ci ildə
Bakı şəhəri
M.Müşfiq adına 18 nömrəli
orta məktəbi bitirib. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna
daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə Rejissor fakültəsində
qiyabi yolla davam etdirir və
C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
işıqçı işləyir.
Ermənilərin Azərbaycana təcavüzü
və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün
varlığı ilə
cəbhəyə getməyə
can atır. Dağlıq Qarabağın işğalçılardan
təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa
döyüş yolu keçsə də, yoldaşları arasında
böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir
döyüşçü kimi tanıyırdılar.
Təbriz Xəlilbəyli neçə-neçə
yaralı əsgəri
atəş altından
çıxarıb, düşmənin
xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin
“Boz qurd” mükafatına layiq görülüb. O, 1992-ci il yanvarın
31-də baş verən
döyüşdə qəhrəmancasına
həlak olub.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Təbriz Xəlilbəyliyə
ölümündən sonra
“Azərbaycanın Milli
Qəhrəmanı” adı
verilib. Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn edilib.
Unikal.-
2020.- 29 fevral.- S.21.