Vərəmin yetim
qoyduğu, “cəllad”ın sevdiyi, güllələnib
öldürülən xanım pianoçumuz – HƏYAT
HEKAYƏTİ
Dünyaya gələndə əzizlərin
sevinir, əzizlənirsən, boyunu sevə-sevə
böyüdürlər səni, amma heç kim
bilmir ki, həyat sənin üçün hansı sürprizləri
hazırlayıb.O da əzizlənib, naz-nemətlə
böyüdülmüşdü, ailənin 6-cı
övladı olsa da arzuolunan, sevilən idi.
Azərbaycanın ilk qadın
pianoçularındandır Lent.az -ın budəfəki qəhrəmanı
– Xədicə Qayıbova.
1893-cü
il mayın 24-də Tiflisdə məşhur
ruhanilərdən Osman bəy Müftizadənin ailəsində
dünyaya gəlib. Anası Züleyxa xanım
XIX əsrdə Tiflisdə məskunlaşan tatar Terequlovlar ailəsindən
idi. Hər ikisi ziyalı olan valideynləri
qızın yaxşı təhsil almasını istəyirdilər.
Odur ki, Xədicə ilk təhsilini Müqəddəs
Nina Qızlar məktəbində alır. Həmin
məktəbdə həm də fortepiano təhsili
alırdı.
1911-ci ildə dərslərini və musiqini mükəmməl
öyrənən Xədicə “Qızıl xaç
nişanı” ilə orta təhsilini başa vurur. Professor N.
Nikolayevin fortepiano sinfində isə xüsusi kursu
qızılı haşiyəli diplomla bitirir.
Həmin il Tiflisdə vərəm xəstəliyi
yayılmışdı. Xədicəgilin də
ailəsinə vərəmli faciə gəlir. Qız gənc yaşında atasını,
bacısını və qardaşını itirir. Bu səbəbdən həmin illər təhsilini
davam etdirə bilmir.
Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi
Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə
quran Xədicə bir müddət Tiflisdə Azərbaycan məktəbində
dərs deyir.
1919-cu ildə Qayıbovlar Bakıya köçür. Bakıda Xədicə
üçün münbit musiqi mühiti vardı. Xanım musiqiçiyə ehtiyac böyük idi.
Mərkəzində Üzeyir bəy Hacıbəyovun
dayandığı bu mühitdə qadın musiqiçilərin
səhnəyə cəlb edilməsinə önəm verilirdi.
Xədicə də dərhal səhnəyə
yol tapdı, daha doğrusu, səhnə onun üçün
açıldı. Fortepianoda xalq
mahnıları və muğamlar əsasında improvizasiyalarla
çıxış edir, konsertlər verir, tələbələr
hazırlayırdı.
Cümhuriyyət dönəmində Bakının mədəni
mühitində Xədicə Qayıbovanın adı öndə
idi. Xüsusi görüşlərdə, musiqi gecələrində
həm özü, həm də yetirmələri ilə
çıxış edirdi. Onun evi də
Bakının elitar təbəqəsinin görüş yeri
sayılırdı. Musiqi, ədəbiyyat
məclisləri səhərə qədər çəkərdi.
İctimai həyatda da fəal idi Xədicə xanım. Hacı
Zeynalabdin Tağıyevin qadınlara təhsil verilməsi ilə
bağlı keçirdiyi layihələrdə iştirak edir,
qadınları təhsilə çağırırdı.
1927-ci ildə belə çıxışlarından birində
deyir: "Qadın istərsə, bacarar, nail olar. Tək gərək olan savad və maarif
üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."
İsmailiyyə binasında bu yönümdə
keçirilən konsertlərdə çıxış edən
Xədicə xanıma Tağıyevin xüsusi hörməti
varmış.
Fəaliyyətinə görə ona
üstündə öz şəkli olan servis və çox
qiymətli brilyant qaşlı üzük də
bağışlayıb.
Sovet işğalından sonra Xədicə Qayıbova musiqi
və pedaqoji fəaliyyətindən qalmır. Yeni layihələrdə
çalışırdı. Tezliklə Xədicə
xanım Xalq Maarif Komissarlığında Şərq musiqi
şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə
“Qısamüddətli Şərq musiqi kursları” təşkil
edilir, uşaq xoru yaradılır.
Onun təşəbbüsü və birbaşa
iştirakı ilə Azərbaycanlı qadınları
üçün musiqi-dram studiyası yaradılır. Həm Şərq,
həm də Avropa musiqisinin gözəl bilicisi kimi o,
respublikanın mədəni həyatında fəal iştirak
edirdi. Ü.Hacıbəyov, R.M.Qliyer,
Bülbül, H. Sarabski, M.L.Presman, L.Rudolf, Q.Primov kimi sənətkarlarla
çalışır, Azərbaycan musiqi folklorunun
toplanmasında fəal iştirak edirdi.
Həm də
özü təhsil alan Xədicə
xanım 1927-1931-ci illərdə Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq fakültəsində
təhsil alıb.
Cümhuriyyətin süqutundan, sovet işğalından
sonra Azərbaycanın müstəqilliyinə söz
verilmişdi, ona görə də insanlar hər kəs öz
sahəsində fəaliyyəti ilə məşğul idi. Elə ki
aldandıqlarını, istismar olunduqlarını anladılar,
etirazlar başladı. Bu və ya digər formada
etirazlar isə kütləvi sürgünlər və qətllərlə
qarşılanmağa başladı. Bu
dalğanın içində Xədicə Qayıbova da
vardı.
Həyat yoldaşı Nadir Qayıbov da repressiya
qurbanı olub.
Onun həbsi və ölümü haqqında məlumat
yoxdur. Yalnız o məlumdur ki, Xədicə
Qayıbova ikinci dəfə ailə qurur.
İkinci həyat yoldaşı Rəşad Qayıbov
1933-cü ildə həbs edilib. Təqsiri sübuta
yetirilmədiyindən azad edilib. Eyni vaxtda
1933-cü ildə sovet hüquq-mühafizə orqanları
şübhəli şəxs kimi Xədicə
Qayıbovanı da 3 ay müddətinə həbs edirlər.
O da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və
türkçülük ideyalarının yayılmasında
günahlandırsalar da, heç bir sübut, dəlil
olmadığına görə həbsdən azad etməli
oldular.
Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə
xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə
məşğul olmağa başlayır. Azərbaycan
Dövlət Konservatoriyasının tədqiqat heyətində
çalışırdı. Missiyası
Azərbaycanın musiqi mirasının
araşdırılması idi.
Repressiya illərindən söhbət düşəndə
çoxları bunun da öz içimizdən olan düşmənlərin
işi olduğunu deyir. Düzdür, öz içimizdə olan erməni
düşmənlərin işi, həm elə uzaqgörən
siyasətlə edirdilər ki, nəinki işin içində
adları hallanmırdı, hətta bunu Azərbaycanlıların
adı ilə bağlayıb “öz içimizdən olanlar”
ifadəsini də dilimizə ötürürdülər.
Xədicə Qayıbovanın da faciəsinin altından
onların əli görünür. 1937-ci ildə həyat
yoldaşını yenidən həbs edirlər. Bu dəfə Rəşad Qayıbov geri
qayıtmır. 1938-ci ilin iyununda qətlə
yetirildiyi barədə sənəd var.
16 mart
1938 tarixində Azərbaycan Daxili İşlər Xalq
Komissarlığının Dövlət Təhlükəsizlik
İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin
müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:
"Türk və İngilis qərargahlarının
Bakıda olduqları zaman Xədicə xanım Qayıbova onlarla
yaxın əlaqədə olub. Azərbaycanda Sovet
hakimiyyəti qurulandan sonra Qayıbova öz evində
Müsavat partiyasının başçılarından biri
olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması
üçün şərait yaratmışdır. M. Vəkilov
xaricə qaçıb və hazırda Türkiyədədir.
1924-cü ildə Qayıbovanın evində
türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və
yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid
Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi
təşkilatının üzvü kimi həbs edilmişdir.
Göstərilənlərə əsasən
Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə
əsasən istintaqa cəlb edilməlidir".
Sonralar
onun barəsində araşdırmalar aparan professor Rəfael
Hüseynov Xədicə xanımın həbsi ilə
bağlı qızı Alanqunun xatirələrini verir:
"Gecə gəlmişdilər. Səs-küyə
ayıldım. Anam həmin gəlişə
nə qədər hazır olsa da, sarsılmışdı.
Rəngi ağappaq idi. Bibim
Nigarın əri general Şıxlinski qardaşım
Əbdülkərimə gözəl bir şaşka
bağışlamışdı. Əsl sənət
əsəri idi. Divardan, xalçanın
üstündən asılmışdı. Onu da
götürdülər..."
Ziya
Bünyadov “Qanlı illər” kitabında Xədicə
Qayıbova haqqında məqalədə yazır:
“1938-ci il
martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin
4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə
xanım Şah döngəsi 16 nömrəli evdə həbsə
alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı
Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı
qızı var idi)”.
1938-ci il martın 20-də ilk dindirilmə
keçirilir.
Müstəntiq Xədicə xanımı əks-inqilabi
fəaliyyətlə məşğul olmaqda ittiham etsə də
o, ittihamları qəti şəkildə rədd edir.
“ –
Özünüzü müqəssir bilirsinizmi?
– Mən əks-inqilabi fəaliyyətlə məşğul
olmamışam və bu barədə özümü müqəssir
bilmirəm”.
1938-ci il martın 23-də ikinci dindirmədə:
“– Bakıda olan türk və ingilis
qoşunlarının zabitlərindən kimi
tanıyırdınız?
– Türk
qoşunlarının rəhbərlərindən biri Xəlil
paşa mənə tanış idi. Onun adyutantı Cavad bəyi və təyyarəçi
zabit Əşrəf Timuçini də tanıyırdım.
İngilislər arasında tanışlarım
yox idi.
–
Yuxarıda adlarını çəkdiyiniz türk zabitləri
ilə tanışlığınız nə ilə ifadə
olunurdu?
– Xəlil
paşa tanış kimi dəfələrlə
bizim evə gəlibdi. Məni onunla qardaşım Məmməd
Müftizadə Tbilisidə tanış
etmişdi. Cavad bəylə məni Xəlil paşa tanış etmişdi. Aramızda
heç bir şey olmayıb. Təyyarəçi zabit
Əşrəf Timuçinlə məni indi xalq düşməni
kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi.
–
Müsavat ordusunun zabitlərindən sizə kim
tanış idi?
– General Əliağa Şıxlinski. Mənim
keçmiş ərimin qohumudur. General
Usubov İbrahim də ərimin qohumudur. Zabit
Sultan Hüseynzadə bir zaman mənə bənd olmuşdu və
hərdənbir məni teatra dəvət edirdi. Başqa tanış zabitlərim yox idi.
– Sovetləşmədən
sonra sizin evinizdə sovet orqanlarından gizlənən olubmu?
– Sovetləşmədən
sonra yaşadığım evdə 10-15 gün ərzində
Müsavat firqəsinin və hökumətinin liderlərindən
biri Mustafa Vəkilov gizlənirdi.
1938-ci il martın 25-də keçirilən
üçüncü dindirmədən:
–
Müsavat firqəsinin və parlamentinin keçmiş lideri
olan Mustafa Vəkilovun gizlənməsi və qaçmasında
özünüzü təqsirkar bilirsinizmi?
– Mustafa Vəkilovun qaçmağını bilərək
heç kəsə xəbər verməməyimdə
özümü təqsirkar bilirəm. Lakin bundan mənim heç
bir məqsədim olmayıb və bir də bu haqda Azərbaycan
inqilabi komitəsinin sədri Mirzə Davud Hüseynov da bilirdi…
– Siz
doğru danışmırsınız. İstintaq
müəyyən edib ki, Türkiyə kəşfiyyatının
agentlərindən biri olan Dadaş Bünyadzadə casusluq məqsədi
ilə sizə ayrı-ayrı tapşırıqlar verir və
sizin şəxsən vasitəçiliyinizlə Türkiyə
kəşfiyyatı ilə əlaqə saxlayırdı.
– Mən
təsdiq edirəm ki, mənim vasitəçiliyimlə
Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatı ilə
heç bir əlaqə saxlamırdı və o, mənə
heç bir tapşırıq vermirdi.
Xədicə xanım dindirmədə heç kimim əleyhinə
ifadə verməyib. 9 dəfə dindirmənin heç birində
güllələnməyə rəvac verən ifadəsi də
yoxdur.
Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli
istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə
xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə
müqəssir hesab edilir.
Altı
aydan sonra belə qərar çıxarılır:
“Qayıbova Xədicə xanım Osman qızı –
Türkiyə konsulxanası ilə əlaqəsinə və
casusluq fəaliyyətinə görə güllələnsin,
şəxsi əmlakı müsadirə edilsin!”
Onun dindirilmə prosesində o vaxt dövlətə rəhbərlik
edən Mir Cəfər Bağırov da bəzən iştirak
edirmiş. Bu barədə heç bir sənəddə və
araşdırmalarda yoxdur. Dildən-dilə
gəlib çatan məlumatlara görə Xədicə
xanımı Mir Cəfər Bağırov sevib. Başına gələn bütün bəlaların
səbəbi də onunla evlənməyə razılıq verməməsi
olub.
Başqa bir iddiaya görə, həyat
yoldaşlarının hər ikisi Bağırovun
tapşırığı ilə qətlə yetirilib. Guya cəza kəsiləndən
sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə
razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov tapançasını
çəkib onu vurur və sonra da meyitinin yanında
çöküb, göz yaşı tökür.
...1953-cü
ildə Mir Cəfər Bağırovun məhkəməsində
Qəmər Əlizadə adlı bir qadın şahid ifadəsi
verir.
Bu qadın evli ola-ola Mir Cəfər Bağırov ona
sevgisini izhar edir, qarşılıq görməyəndə isə
qadına əzab verir, təqib edirmiş. Bu qadın
zahiri görkəmcə Xədicəyə bənzəyirmiş.
Məhkəmənin hakimi Bağırovdan
akademik Ələşrəf Əlizadənin həyat
yoldaşı Qəmər xanıma niyə əziyyət
verdiyini soruşanda Bağırov - Mən onu sevirdim – deyə
cavab verib. Qəmər Əlizadənin Xədicə
Qayıbovaya çox bənzədiyi deyilir.
Rəsmi sənədlərə görə,
X.Qayıbovaya verilmiş cəza 1 həftə sonra Bakıda
icra olunur.
1954-cü ildə Xədicə xanımın qızı
Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə
müraciət edərək, anası haqqında məlumat istəyib. 1955-ci ildə ona verilən
məlumatda deyilir:
"Qayıbova Xədicə xanım yoxlanmamış və
səthi ifadələrlə ifşa olunub. İstintaq
Qayıbovanın casusluğunu təsdiq edən heç bir
material əldə etməmişdir. Buna görə də
Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün
1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə
xanım Osman qızının güllələnməsi haqda
qərarı əsassız hesab edilib, ləğv olunmalı və
işdə cinayət tərkibi olmadığı
üçün iş xətm olunmalıdır."
Xədicə xanım ona qarşı sürülən bütün bu qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi. Amma heç ağlına da gəlməzdi ki, onu güllələyəcəklər. Sonradan bu barədə "Xalq düşməni"nin arvadı kimi tutulmuş Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva belə yazacaqdı: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər..."
Ramilə Qurbanlı
Unikal.- 2020.- 11 iyul.- S.20.